Rüfət Aslanlının qiymətsiz Qimətli Kağızlar bazarı.. - İTTİHAM

Rüfət Aslanlının qiymətsiz Qimətli Kağızlar bazarı.. - İTTİHAM “Təzadlar”ın Araşdırma Qrupu redaksiyaya daxil olmuş şikayət və əlavə olunmuş sorğu əsasında Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti ilə bağlı ciddi araşdırmalara başlayıb... Söhbət daha çox ölkənin qiymətli kağızlar bazarındakı susqunluq və durğunluqdan gedir. Ən təəssüfləndirici hal isə budur ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri olan Rüfət Aslanlı xeyli müddət məhz Azərbaycanın Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri olub, sonra həmin qurum ləğv edilərək Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibinə verilib. Deməli, Rüfət Aslanlı yenidən ölkənin qiymətli kağızlar bazarına nəzarəti və idarəetməni həyata keçirəcək...

Rüfət Aslanlıya Prezident etimadı, Aslanlının Fransada şərab istehsalı, bir də...

Əslən Gədəbəydən olan Rüfət Aslanlının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olduğu dönəmi xatırladan sorğu müəllifi onun bir müddət Fransada öz adına buraxdırdığı şərab barədə maraqlı bir materialı da əlavə edib. Belə çıxır ki, bu gün ölkənin qiymətli kağızlar bazarında bir iş görməyən Rüfət Aslanlı Fransada özünə başqa bir məşğuliyyət tapıb və orada özünün adına şərab istehsalına könül verib. Bəs onun könlündən niyə Prezidentin göstərdiyi etimad, Azərbaycanın qiymətli kağızlar bazarındakı ölü nöqtədən çıxmaq yolları və s. də keçməyib???
Bəli, bu gün ölkəmizdə qiymətli kağızlar bazarında durğunluq hökm sürür. Hələ Sovet dönəmində (həmin dövrü yaxşı xatırlayan nəsil indii də durur) istiqrazlar buraxılardı. Əhali pulunu digər sahələrə yönəldə bilmədiyi halda, həmin uduşlu istiqrazları alardı. Bununla da həm dövlət əhalinin əlində olan nəğd pulu dövriyyəyə cəlb edirdi, həm də əhali bundan iki yöndə bəhrələnirdi: istiqraz uduşa düşürdü, lotoreya funksiyasını yerinə yetirirdi. İkincisi, əhali əlində olan pulu dövlətin xəzinəsinə qaytarmaqla, həm pulunun etibarlı saxlancını tapmış olurdu, həm də dövlətin-ölkənin bank sektorunda pul tədavülünün nizamlanmasında yeni müstəvi tapılırdı.
İndi o illəri və halları yalnız xəyallarda axtarmağa məcburuq. Çünki Sovet quruluşuna yox deyiləndən, yəni Azərbaycan özünün müstəqil maliyyə siyasətini həyata keçirməyə başladığı zamandan bəri ölkəmizdə qiymətli kağızlar bazarı ölü nöqtədən çıxa bilmir. Niyə? Axı qiymətli kağızlar bazarının olmaması ölkə iqtisadiyyatında digər ciddi problemlərin yaranmasına gətirib çıxarır.
Söhbət etdiyimiz ekspertlər və sahə mütəxəssislərinin fikirlərinə rəğmən, bir ciddi problemin nümunəsində fikrimizi izah edək: məsələn, bu qədər tikintilərin aparıldığına baxmayaraq, paytaxtda mənzillərin qiyməti niyə düşmür? Mənzil bazarları üzrə ekspert R.Məmmədli deyir: “Çünki əhali əlində olan iri məbləğdə pulu kapitallaşdırmaq üçün daşınmaz əmlakı ən etibarlı forma bilir. Banklar kreditləri 15-20 faizə qaldırsa da, əmanətlərə illik 9-10 faiz verir. Əlində külli miqdarda nəğd pul olan oliqarxlara isə bu faiz maraqlı görünmür və onlar pullarını ya qiymətli kağızlara dəyişməlidir, ya da daşınmaz əmlaka. Azərbaycanda qiymətli kağızlar bazarından danışmağa dəyməz... güc düşür mənzil bazarına. Apardığımız müşahidələr göstərir ki, hətta yeni tikililərin bünövrəsi tikiləndə 10, 20, 50 mənzil alan oliqarxlar var... Bu səbəbdən də paytaxtda mənzil bazarında orta bahalıq dəyişməz qalır, hətta getdikcə qalxmaqdadır... Vergilər Nazirliyi isə əmlak vergisini bu sahədə tətbiq edə bilmir. Səbəbini oliqarxların bir çox sahələrə təsirində axtarmaq lazımdır... Əgər belə olarsa, onda heç bir oliqarx əlində 10-20, 40 mənzil saxlamaz... Amma onları da anlamaq lazımdır. Bəs onlar pullarını necə kapitallaşdırmalıdır? Yenə də yük düşür Azərbaycanın qiymətli kağızlar bazarının üzərinə. Bu bazarda isə... Vəziyyəti özünüz bilirsiniz...”.

Rüfət Aslanlı: bir əldə 4 qarpızı necə tutmaq olar?

...Rüfət Aslanlı uzun illər Azərbaycanın Qiymətli Kağızlar Komitəsinin sədri olub. 2016-cı ildən isə... O, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədridir... Və sədr təkcə palataya deyil, bu palataya birləşdirilən daha üç komitənin-sahənin fəaliyyətinə nəzarət edir. Belə ki, Prezident İ.Əliyevin 3 fevral 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradıldı. Fərmanda deyilir: “Son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri edir. Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur...”. Və Prezident bu halları nəzərə alaraq fərman verir, nəticədə: “1. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılsın”.
Fərmannın 2-ci bəndindən məlum olur ki, qurum olduqca ciddi məsuliyyəti müəyyən edir. O dərəcədə ki, hətta fərmana görə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:
“2.1. nizamnamənin və strukturunun təsdiqi;
2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi”.
Fərmanın 4-cü bəndinə görə: “4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilsin”.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar İşçi qrupu yaradılır və İşçi qrupunun rəhbəri Rüfət Aslanlı təyin edilir.

Bəs ötən müddətdə Rüfət Aslanlı hansı islahatları həyata keçirib?

“Təzadlar”ın ötən sayında bu barədə qısa yazı təqdim edilmişdi. Rüfət Aslanlının müdafiəsinə qalxan bir oxucu həmin yazıya şərh yazaraq (saytda vardır) ciddi-cəhdlə sübut etməyə çalışır ki, bu mövzunu qabartmağımız sifarişlidir və s. Həmin oxucunun diqqətinə çatdırırıq ki, ən böyük sosial sifariş ölkəmizdə gec də olsa, Azərbaycanın Qiymətli Kağızlar Komitəsinin sədri olarkən Rüfət Aslanlının başı Fransada öz adına şərab istehsal etdirməsinə qarışsa da belə, ölkəmizdə ciddi qiymətli kağızlar bazarı formalaşmalıdır və nəticədə etibarlı əməkdaşlıq mühiti yaradılmalıdır.
Yeri gəlmişkən, düz iki il əvvəl Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının NİZAMNAMƏSİ təsdiqlənib və orada qısa və konkret yazılıb ki, “1.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata) “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanına əsasən qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr (bundan sonra - maliyyə bazarları) üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır”.
Ən vacibi, Nizamnamədə göstərilir ki, Palatanın (deməli, onun Direktorlar Şurasının sədri Rüfət Aslanlının) əsas məqsədi Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Və biləndə ki, Palatanın hüquq və vəzifələrinə həm də “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında” və s. haqqında Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş maliyyə bazarlarına nəzarət orqanının və maliyyə monitorinqi orqanının səlahiyyətlərini həyata keçirir, düşünməli olduq ki, bəs Rüfət Aslanlı ötən iki il ərzində ölkənin qiymətli kağızlar bazarında niyə hansısa bir müsbət dönüşə-irəliləyişə nail ola bilməyib? Buna vaxtımı çatmayıb???

Fransada Rüfət Aslanlının şərəfinə şərab istehsalı?
Hələ ötən ilin yayında ölkə mediasında Rüfət Aslanlının fəaliyyəti ilə bağlı olduqca ciddi iddialar ortaya çıxdı. Məlum olurdu ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı Fransada öz adına şərab istehsal etdirib. Anlamaq olmur, bu nə xəstəlikdir? Və maraqlıdır ki, Rüfət Aslanlı bu faktı təkzib edə bilmədi. Çünki bu məlumat-iddia Fransa mətbuatında yayımlanmışdı...
-Bəs Rüfət Aslanlı dövlət məmuru olaraq bu addımı niyə və nə məqsədə atıb?
-Doğrudanmı Prezidentin fərmanı ilə yaradılmış ciddi bir dövlət qurumuna təyin olunan Aslanlı məsuliyyətini anlamır?
(Ardı var)
Qarşı tərəfi də dinləməyə hazırıq.
“Təzadlar”ın
Araşdırma Qrupu
Geri qayıt