Novruz bahalaşması başladı: “Heydər Əsədov, bayram bazarlığı necə edək?

Novruz bahalaşması başladı: “Heydər Əsədov, bayram bazarlığı necə edək? Novruz bahalaşması indidən gəlib. Bazarlarda bayramlıq ədviyyatların qiyməti “od tutub yanır”...

Bayrama təxminən bir aya yaxın vaxt var. Bazarlarda isə qoz, fındıq, ərik, tut və s. çərəzlərin qiymətləri adamı diksindirir.

Bazarlardakı əsas mövsümi məhsulların bir kilosunun orta qiyməti belədir: alma -1-3 manat, armud - 2-4 manat, ananas -7-8 manat, portağal - 2-3 manat, nar - 4-7 manat, naringi - 1,6-3,5 manat, banan - 2,5-3 manat, üzüm - 3-5 manat. Pomidor - 1,6-4 manat, xiyar - 1,5-4 manatdır.

Bazarlarda qoz ləpəsi 17-18 manat, kişmiş 10-12 manat, qaysı 7-9 manat, yer fındığı 13 manat, adi fındıq 8 manat, şabalıd 15-16 manata satılır.

Novruza hazırlaşan əhalinin ən çox istifadə etdiyi qoz, fındıq, innab, kişmiş və digər bu kimi məhsulların satıldığı piştaxtalarda isə alıcılar az gözə dəyir. Satıcılar bazara adamların çox gəldiyini desələr də, alış-veriş edənlərin sayının az olduğunu bildirirlər.

Qaz, işıq və benzinin bahalaşması da qiymətlərə təsir edib.Ötən illə müqayisədə bu dəfə əhali ev-eşiyinə bayram bazarlığını ürəyincə edə bilməyəcək.

Kənd təsərrüfatı naziri Heydər Əsədov da məhsuldarlığın artması və qiymətlərin ucuzlaşması üçün heç bir addım atmır.2016-cı ildə Azərbaycanda Novruz bayramı süfrəsi 37% bahalaşıb.

Əgər 2015-ci ildə 4 nəfərlik orta statistik ailənin bayram süfrəsi 60 manata başa gəlirdisə, bu il 83 manatadək artıb. Bu, orta statistik ailə üçün müəyyən edilmiş 626 manat həcmində yaşayış minimumu məbləğinin 15,7%-ni təşkil edir. Ötən il yaşayış minimumu 496 manat, bayram süfrəsi isə bu məbləğin 12%-ni təşkil edib.

Bayram süfrəsi məhsulları səbətinin hazırlanmasında ənənəvi olaraq 22 məhsulu əsas götürək: ət, düyü, yağ, yumurta, şirniyyat, ədviyyat və s.

Əhalinin hansı hissəsinin az büdcə vəsaitindən bayram yeməyi üçün nə qədər ayıracağını söyləmək çətindir. Çünki yoxsulluğun səviyyəsi barədə rəsmi statistika inamsızlıq doğurur.

2017-ci ildə isə bayram bazarlığının 50 faiz bahalaşdığını söyləmək olar. Alıcılar bayram bazarlığı üçün ərzaq məhsullarına yaxın düşə bilmirlər. Xalqda bayram əhval-ruhiyyəsi hiss olunmur.

“Cənab nazir Heydər Əsədov, bazara, dükana girmək olmur. Qiymətlər od tutub yanır. İmkanlı, vəzifəli adamları bu vəziyyət narahat etmir. Onlar uşağına, ailəsinə istədiyi naz-neməti almağa gücü çatır. Bizim kimilər isə bir qarın çörəyə möhtacdır. Bir çox ailələrdə kişilər fəhlə işləyib günə 5-10 manat qazanır.
Bu pulla ailə saxlamaq, bayram keçirmək olmaz. Xahiş edirik ki, müvafiq qurumlar qarşısında sərt tələb qoyasınız, qiymətlər tənzimlənsin, hamı evinə bayram payı almağa imkan etsin”,-deyə bazarlarda reyd keçirən əməkdaşımızın eşitdikləridir.
Geri qayıt