İki iri maliyyə oliqarxı yola salınacaqmı? - GƏLİŞMƏ

İki iri maliyyə oliqarxı yola salınacaqmı? - GƏLİŞMƏ Milli Məclisin dünənki plenar iclasında ən yaddaqalan çıxışlardan biri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının xarici işlər naziri Elmar Məmmədyarovun ötən müddət ərzində savaş diplomatiyasına rəhbərlik edə bilmədiyinə görə istefaya göndərilməsi çağırışı oldu.
Maraqlıdır ki, XİN rəhbəri haqqında cəmiyyətdə birmənalı mövqe var və əksəriyyət onun 20 faiz torpağı işğal altında olan bir dövlətin baş diplomatı kimi dişsizsizlik sərgilədiyi qənaətindədir.
Doğrudan da vasitəçilik missiyasını üzərinə götürənlərin beynəlxalq hüquq normalarına tüpürərək həyasızcasına ermənipərəst mövqe sərgilədiyi hər gün daha da çılpaqlığı ilə görsəndiyinə baxmayaraq hələ də sadəlöhvcəsinə sülhün nəticə verəcəyinə inanmaq və cəmiyyəti də buna inandırmağa çalışmaq diplomatik səriştəsizlikdir və bu üzdən Elmar Məmmədyarovun başqa işə keçirilməsi ilə bağlı prezident sərəncamının verilməsi və ya dövlət başçısının seçkidən sonrakı komandasında onun adına-soyadına sadəcə rast gəlinməməsi təəccüblə qarşılanmazdı.
Amma məsələ burasındadır ki, cəmiyyətin gözləntiləri təkcə baş diplomatın yerində olmaması ilə məhdudlaşmır və bütövlükdə İlham Əliyevin yalnız tamamilə yeni komanda ilə Azərbaycanı üzləşdiyi çoxsaylı problemlərdən çıxara biləcəyi qənaətindədir. Haqlı olaraq “Ahıllar klubu” və ya “Qocalar evi” adlandırılan Nazirlər Kabinetinin yerli-dibli ləğv edilməsi və ya tamamilə yenilənməsi də Elmar Məmmədyarovun yeni baş diplomatla əvəzlənməsi qədər önəmli məsələdir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, birinci devalvasiyadan keçən 4 il müddətində ölkənin bank sektorunda yaşanan anormallığa görə də cəmiyyət baiskarlara bərk qəzəblidir. Yeri gəlmişkən, bu günlərdə iqtisadçı millət vəkili Əli Məsimli də Azərbaycanda hər 4 nəfərdən birinin banklara borclu olduğunu və bütövlükdə problemli kreditlərin 2 milyard manata çatdığını bildirərək bu günlərdə “Bansk Standard”ın 82 müştərisinin batmış külli miqdarda əmanətlərinə görə Mərkəzi Bankın sədri Elman Rüstəmovu, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlını məhkəməyə vermələrini şərh edərkən vəziyyətin gerçəkdən də acınacaqlı hal aldığını vurğulayaraq, cavabdehləri yaranmış seytnot vəziyyətinə görə qınayıb. Millət vəkili bu məsələdə hər ötən gün hökumətin daha da gecikdiyini və nəhayət, taleyüklü qərarların verilməsinin vaxtının çatdığını qabardıb. Əslində milyonlarla borclunun bu məsələdə dövlət başçısı İlham Əliyevdən “brilliant amnistiya” gözləntisi özünü doğrultmadı. Çünki hamı prezident seçkiləri öncəsi seçicilərin “Sarı sim”inə toxunulmasının ən asan yolunun məhz dollar kreditləri məsələsində azacıq da olsa yumşalma ola biləcəyini düşünürdü. Amma maliyyə naziri Samir Şərifovun təbirincə desək, hökumət bir daha “dövlətin xeyriyyə cəmiyyəti” kimi davranmayacağını öz sərt üzü ilə isbatlamış oldu. Bəli oldu ki, heç bir güzəşt gözlənilmir və seçkilərdən sonra bankların məhkəmələr yolu ilə öz borclu müştərilərinə divan tutması kampaniyasında növbəti mərhələyə qədəm qoyulmasının şahidi olacağıq.
Məhz buna görə də gözləmək olar ki, İlham Əliyev yeni komanda formalaşdırarkən bu məqamı da diqqətə alaraq etimadı doğrultmayan “bank bossları”na da yolun sonunu göstərsin. Belə bir qərarın verilməsi əsəbləri tarıma çəkilən milyonlarla kreditorun ürəyindən olardı. Çünki bir neçə il öncə məhz dövlət başçısı devalvasiyanın sarsıdıcı təsirlərini minimuma endirmək və bankların yaranmış durumdan maksimum az itkilərlə çıxarılması üçün yaratdığı Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti əks effekt verdi və vəziyyəti nəzarətə götürmək əvəzinə proseslərin demək olar ki, tamamilə nəzarətdən çıxmasına səbəb oldu. Halbuki MBNP bank sektoru üçün ASAN xidmət rolu oynamalıydı və vəziyyəti stabilləşdirməliydi. Qurumun yaranmasından ötən 3 ildə vəziyyətin hansı istiqamətə dəyişdiyi barədə fikir bilkdirmək üçün nə bank məsələləri üzrə mütəxəssis, nə də iqtisadçı olmağa gərək var. Yaranmış duruma görə cavabdehlərin də kimliyi bəllidir və onların bir humanist cəza növü kimi heç olmasa vəzifələrindən kənarlşadırılması məntiqli olardı. Təbii ki, son söz dövlət başçısınındır və kimsə İlham Əliyevin yenidən prezident seçiləcəyinə şübhə etmədiyindən gözləmək olar ki, məhz inauqurasiyadan sonrakı yeni komandanın tərkibində məmləkət insanının necə deyərlər, gününü göy əskiyə bükən səriştəsizlərə yer olmayacaq.
Yeri gəlmişkən, mövzuya girişi millət vəkili Fəzail Ağamalının Elmar Məmmədyarovun yarıtmaz idarəçiliyi ilə başladıq və sonluğu da Ana Vətən Partiyasının sədrinin Maliyyə Bazarlarına Nəzarət Palatasındakı hərc-mərclik, ikihakimyyətlilik, intriqa aparılmasının fəsadları barədə Moderator.az-a verdiyi maraqlı müsahibənin anonsu ilə yekunlaşdırırıq. Həftənin bazar ertəsi F. Ağamalının olduqca maraqlı müsahibəsini oxucularımızın mühakiməsinə təqdim edəcəyik…

moderator.az
Geri qayıt