Beynəlxalq Bankda qəliz vəziyyət - filiallarını bağlayır

Beynəlxalq Bankda qəliz vəziyyət - filiallarını bağlayır Azərbaycan Beynəlxalq Bankının “ABB-Moskva” törəməsinin bu il aprelin 27-dək bağlanacağı gözlənilir. Bu səbəbdən “ABB-Moskva” bu il martın 20-dən “Təcili” əmanəti üzrə maliyyə vəsaitlərinin cəlb olunması şərtlərini dəyişdirib.

O cümlədən “Universal”, “Elite+” və “Xüsusi” əmanətləri üzrə vəsait cəlbini dayandırıb.

“ABB-Moskva” fəaliyyətinin dayandırılması və bağlanmış filialların müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq əmanət müqavilələrinə vaxtından əvvəl xitam verilməsi üçün güzəştli şərtlər təqdim edib. “ABB-Moskva” əmanətçilərə əmanətin bütün növləri üzrə müqavilələrə əlavə razılaşma imzalamağı təklif edir. Əlavə razılaşma ilk tələbdə əmanət müqaviləsini dayandırmaq hüququ verməklə əmanətçiyə bankın faizlərlə birlikdə əmanəti tam həcmdə əldə etməyə imkan verəcək", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, martın 14-də keçirilmiş bankın səhmdarlarının ümumi yığıncağında “Bank ”MBA-Moskva", “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.

Bəs görəsən, Beynəlxalq Bankın sağlamlaşdırılması prosesi davam edərkən, bu törəmələrinin fəaliyyətinin dayandırılması bankın beynəlxalq imicinə və onun gələcəkdə xarici investorlar hesabına özəlləşdirilməsinə necə təsir göstərəcək?

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Beynəlxalq Bankın həm Moskva, həm də Gürcüstan filiallarının bağlanması gözlənilən idi: “Çünki hər iki ölkədə ABB-nin fəaliyyəti ilə bağlı son iki ildə mənfi nəticələr əldə olunmuşdu. Həm də onların rentabelliyi kifayət qədər aşağı düşmüşdü. Əlavə idarə xərcləri yaranmışdı, ofislərin saxlanması, işçilərin maaşlarının ödənilməsi kimi məsələlər hamısı əlavə yük kimi Beynəlxalq Bankın üzərinə düşmüşdü. Ona görə də bankın izafi xərclərinin azaldılması və gələcəkdə özəlləşdirilməyə hazırlanması baxımından həmin ölkələrdə olan aktivlərinin ləğv edilməsi və filialların bağlanması qərarı verildi”.

N.Cəfərli onu da qeyd etdi ki, bu, sağlamlaşdırma prosesinin tərkib hissəsi olsa da, ümumilikdə bankın imicinə zərbə vuran addımlardan biri kimi də qəbul oluna bilər: “Gələcəkdə bankın özəlləşmə məsələsi gündəmə gəldikcə bu addım beynəlxalq investorlar tərəfindən heç də pozitiv qiymətləndirilməyəcək. Ona görə də Maliyyə Nazirliyi, hökumət bu addımı atarkən əslində pislə ən pis variant arasında seçim etməli olub. Rentabelli olmayan və izafi xərclər tələb edən bu filialların fəaliyyətinin davam etməsi daha pis variant idi. Digər tərəfdən, bu da pisdir ki, iki xarici filialın bağlanması bankın onsuz da müsbət olmayan imicinə daha bir zərbə olacaq. London Ali Məhkəməsinin qərarından sonra onsuz da bankın imici ciddi zədələnmişdi. Bütün bunlar gələcəkdə ABB-nin özəlləşdirilməsi zamanı xarici investorların marağının azalmasına səbəb ola bilər”.

İqtisadçının fikrincə, bu addımlar həm də onu göstərir ki, bankın özəlləşdirilməsi deyilən vaxtda baş tutmaya bilər: “Maliyyə naziri Samir Şərifov qeyd etmişdi ki, bu ilin sonunda bank özəlləşməyə açılacaq. Ancaq mən hesab edirəm ki, bu elə asanlıqla və tezliklə baş verməyəcək. Ən yaxşı halda özəlləşmə 2020-ci ildə baş tuta bilər. Bu baş tutsa belə, xarici investorların bu prosesdə iştirakı sual altındadır. Bu qədər problemləri və məhkəmə çəkişmələri olan bir banka xarici investorlar tərəfindən maraq göstərilməsi bir qədər müşkül məsələdir”.

İqtisadçı ekspert əmanətçilərin ABB-nin xarici filiallarında olan vəsaitlərinin qaytarılmasında hər hansı problem yaşanacağını ehtimal etmədi: “Belə olan halda məhkəmə çəkişmələri başlaya bilər. Bu banka daha baha başa gələ bilər. Ölkə daxilində bəzən əmanətlərin qaytarılmasını gecikdirirlər, müəyyən problemlər yaşanır. Bu, Azərbaycan reallığına uyğundur. Ancaq xaricdə belə addım atacaqlarını düşünmürəm. Çünki bu bank üçün daha böyük problem yarada bilər. Məhkəmə çəkişmələri başlayarsa, bank həm əmanətləri qaytarmağa, həm də böyük cərimələr ödəməyə məcbur ola bilər. Bu baxımdan çalışacaqlar ki, dövlət vəsaiti hesabına da olsa, tezliklə bu əmanətləri qaytarsınlar və məhkəmə çəkişmələrinə yol açılmasın”.
Geri qayıt