Bankların yanlış kredit siyasəti: - Öz bazarlarını özləri bağlayır

Bankların yanlış kredit siyasəti: - Öz bazarlarını özləri bağlayır Bankların kredit portfeli azalıb.Belə ki, 2017-ci ilin noyabrında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən müştərilərə verilən kreditlərin həcmi azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya görə ötən ilin noyabr ayının 30-na bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 milyard 780,2 milyon manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 72,7 milyon manat və ya 0,62 faiz artım deməkdir. Ümumiyyətlə, ötən ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 4 milyard 158,1 milyon manat və ya 26,09 faiz azalıb.

Ümumiyyətlə, iki devalvasiyadan sonra bankların kredit portfelində azalma başladı.Rüblük göstəricilərə diqqət yetirsək, bu prosesin 2015-ci ilin əvvəlindən etibarən başladığını görmək olar.2016-cı ilin ilk yarısında isə azalma yenidən başlayıb.Bu tendensiya 2017-ci ildə də davam edib.Analitiklər hesab edir ki, banklar kredit verərkən gələcək inflyasiya gözləntilərini də nəzərə alırlar.Əgər gözləntilərdən daha yüksək inflyasiya baş verərsə, borcverənlər itkilərlə qarşılaşırlar.Ekspertlər bildirir ki, məzənnədə kəskin dəyişikliklər qiymətlərdə ciddi artıma, hətta ikirəqəmli inflyasiyaya gətirib çıxartdı.Həmçinin, real sektorun, biznes subyektlərinin, eyni zamanda vətəndaşların kredit qaytarmaq qabiliyyəti də aşağı düşüb.Həmçinin bazarda iştirak edən kredit təşkilatlarının, bankların sayında ciddi azalma var. Bu azalmanın özü də kredit portfelinin həcminə mənfi təsir göstərir.Artıq 13 bank faktiki olaraq kredit bazarından çıxarılıb və 100-ə yaxın kredit təşkilatı da öz fəaliyyətini dayandırıb.Bu proseslər kreditləşmənin həcminə kəskin təsir göstərir.

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, kredit limiti bankların əlverişli fəaliyyət göstərməsinə uyğun deyil:

“Banklar risklər qarşısında və problemli kreditlərin artımı fonunda kreditləşmə siyasətini dəyişiblər. Əgər banklar 2014-cü ilə qədər genişləndirilmiş kredit siyasəti həyata keçirirdisə, hazırda daraldıcı kredit siyasəti həyata keçirməyə üstünlük verirlər.Demək olar ki, dövriyyədə olan kreditlər geri çəkilir, amma yeni kreditlər verilmir.Burada risklər əsas məqamlardan biri hesab olunur.Çünki banklar verdiyi kreditləri sonrakı dövrdə yığa bilmirlər. O cümlədən, müştərilərin kredit qaytarma qabiliyyətinin aşağı düşməsi burada əsas rol oynayır. Müştərilərin böyük əksəriyyəti problemli müştəriyə çevrilib.Bu isə bankların fəaliyyət sferasının kontingetinin daralmasına gətirib çıxardıb.Belə bir şəraitdə banklar müəyyən qədər bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırırlar”.

İqtisadçı bu məsələdə Mərkəzi Bankın öz töhfəsinin olduğunu da vurğulayıb:

“Belə ki, Mərkəzi Bank təxminən orta hesabla 13-15 faiz arasında manatla depozitləri qəbul edir. Faizlərin yüksək olması, bankların bu istiqamətdə marağını daha da artırıbdı.Əgər banklar kreditləşməni həyata keçirərkən ciddi risklər qalırsa, Mərkəzi Bank depozit şəklində bu vəsaitləri yerləşdirməklə risklərdən sığortalanır, xərcləri müəyyən qədər azalda bilir.Bu isə son nəticədə vəsaitlərin böyük bir qisminin Mərkəzi Bankın manat- depozit hərraclarına yönəlməsinə gətirib çıxarır.Mərkəzi Bank tərəfindən dəfələrlə açıqlama olub ki, banklarda izafi likvidlik var. Yəni, banklar pulu yığırlar, amma daha sonra kredit bazarının kiçilməsi və bu bazarda maraqlı olmamaları səbəbindən bu vəsaitlər dövriyyədən kənarda qalır.Mərkəzi Bank da bu vəsaitləri hərraclar yolu ilə neytrallaşdırmağa çalışır.Faktiki olaraq bu səbəblərdən hazırda ölkədə kredit əlçatanlığının aşağı düşməsini müşahidə edirik”.

Rəşad Həsənovun fikrincə, bağlanan banklar müştərilərə verilən kreditlərin həcminə təsirsiz ötüşmür:

“Bağlanan banklar bazarda fəaliyyət göstərmədiyi üçün kredit portfeli yığılır. Bağlanmayan banklar isə öz kredit portfelini kiçildir, onların müştəri bazası azalıb.Eyni zamanda ölkədə sağlam müştərilərin də sayı azalıb.Əgər iqtisadi durğunluq müşahidə olunursa, bu o deməkdir ki, mənfəət norması aşağı düşür.Belə bir şəraitdə banklar kreditləşməni həyata keçirə bilmirlər.Burada digər faktor da ondan ibarətdir ki, hazırda banklar manatla kreditləşmədən, sahibkarlıq subyektləri isə valyuta ilə kredit götürməkdən çəkinirlər.Bunun özü də bazarda müəyyən qədər kredit tələbini aşağı salan faktor kimi çıxış edir.Ümumiyyətlə, əgər bankların kredit portfeli kiçilirsə, bu onların fəaliyyətinin növbəti mərhələsində gəlir səviyyəsinin azalmasına gətirib çıxarır.

Çünki Azərbaycanda 2014-cü ilə qədər bank sektorunda gəlirlərin strukturunu təhlil edəndə məlum olur ki, hər 100 manat gəlirdən 74 manatı məhz kredit faizlərindən əldə olunan gəlirlərdir. Əgər bu gün banklar kreditləşməni həyata keçirmirsə, bu zaman onların gəlirlərində əhəmiyyətli səviyyədə azalma baş verir, nəticədə bir sıra banklar zərərlə işləməyə başladı.Son nəticədə bu bankların lisenziyası ləğv edildi. Hesab edirəm ki, bundan sonra da proses şirkətlər daxilində davam edəcək. Hələ bir neçə bankın bağlanması ehtimalı var”.
Geri qayıt