Ramin Quluzadə: Azərbaycanın böyük nəqliyyat potensialı var

Ramin Quluzadə: Azərbaycanın böyük nəqliyyat potensialı var "Azərbaycanın dəmir yolu modernləşdirilir".

Bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tbilisidə keçirilən “İpək yolu” beynəlxalq forumun nəqliyyat infrastrukturunun inkişafı məsələlərinə həsr olunmuş panel iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dayanıqlı inkişaf strategiyası prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan bu kontekstdə nəqliyyat strukturunun inkişafına xüsusi önəm verir. Yeni infrastrukturların, logistik mərkəzlərin yaradılması, xidmətin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzindədir. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə böyük önəm verir və bu layihələrin inkişafında fəal iştirak edir. 2004-cü ildə Azərbaycanda 11 min kilometr uzunluğunda avtomobil yolu salınıb və bunun 1300 kilometri məhz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərini əhatə edib".

R.Quluzadə hazırda tikintisi davam edən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı barədə də ətraflı məlumat verib: "Bu liman təkcə Azərbaycan üçün deyil, bütövlükdə, region üçün mühüm əhəmiyyət kəsb edir. Gələn ilin ortalarında limanın tikintisinin birinci fazası başa çatdıqdan sonra mal dövriyyəsi 15 milyon ton, konteyner daşınması isə 100 min təşkil edəcək. Limanın tikintisi tam başa çatdıqdan sonra isə mal dövriyyəsinin 25 milyon tona, konteyner daşınmasının isə 1 milyona çatdırılacağı gözlənilir".

Nazir Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını da xüsusi qeyd edib: "Bu yolun tikintisi Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri nəticəsində başa çatıb. Bu layihə bizim ölkələrimiz arasında əməkdaşlığı genişləndirməklə yanaşı, ticarət dövriyyəsinin və investisiya yatırımlarının artırılması üçün də yeni imkanlar yaradacaq".

R.Quluzadə İpək yolu forumunun işini yüksək qiymətləndirib: "Bu forum ölkələrimiz arasındakı əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək".
Geri qayıt