“İqtisadiyyatın böyüməsindən daha çox faydalananlar onun kiçilməsindən də qazanırlar”

“İqtisadiyyatın böyüməsindən daha çox faydalananlar onun kiçilməsindən də qazanırlar” Hökumətləri vuran iqtisadi böhran oliqarxlara niyə təsir etmir?; Natiq Cəfərli: “Dövlət qulluğunda işləyən, yüksək gəliri olmayan şəxslərin dəbdəbəli həyat sürməsi artıq korrupsiyadan xəbər verir”

Böyük Britaniyadakı “The Landmark London” hotelində rusiyalı milyarder, “Domodedovo” hava limanının sahiblərindən biri Valeri Koqanın nəvəsi, 19 yaşlı İrina Koqanın ingilis əsilli yəhudi Daniel Kenveylə toy mərasimi keçirilib. Təntənəli mərasimə rus və dünya ulduzları şəxsi təyyarələri ilə gəlib.

9 saat davam edən toyda dünya ulduzlarından Elton Con, Meray Keri, Antonio Banderas, yerli şou-biznesdən Filipp Kirkorov, Stas Mixaylov, Aleksandr Serov, İqor Nikolayev, Lev Leşenko, azərbaycanlı müğənni Yusif Eyvazovla xanımı, opera sənətçisi Anna Netrebko, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib. Qeyd edək ki, Valeri Koqan 2.5 milyard dollar sərvətə sahibdir.

Görünən odur ki, Rusiya iqtisadi böhran yaşasa da rusiyalı milyarderlərin vəziyyəti bir o qədər pis deyil. Həmçinin Azərbaycanda da hökumətin iqtisadi böhran yaşamasına rəğmən oliqarxlar əvvəlki templə qazanmağa və xərcləməyə davam edirlər. Onların vəsaitləri dollarla saxlanıldığından xarici valyutanın bahalaşması sərvətlərinə sərvət qatır desək yanılmarıq.

Bəs görəsən, bunun sirri nədir ki, iqtisadi böhran hökumətləri və sadə insanları vurduğu halda, oliqarxlara, milyarderlərə təsir etmir?

İqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, adətən avtoritar rejimlərdə iqtisadi böhranın mənfi nəticələrini aztəminatlı insanların, azad sahibkarların üzərinə yükləyirlər: “İqtisadi böhrandan ən çox əziyyət çəkən əhalinin aztəminatlı hissəsidir, eyni zamanda kiçik və orta sahibkarlardır. Bu, təkcə Azərbaycanda deyil, Rusiyada və digər Orta Asiya ölkələrində də özünü doğruldur. Belə bir yanaşma var ki, iqtisadiyyatın böyüməsindən daha çox faydalananlar iqtisadiyyatın kiçilməsindən də qazanırlar. Bu gün eyni proses Rusiyada da, Azərbaycanda da gedir. Bir vaxtlar iqtisadiyyatın böyüməsindən qazananlar, neft gəlirlərinin bölüşdürülməsindən böyük pay götürənlər indi iqtisadiyyatın kiçilməsindən müəyyən mənfəət əldə edirlər. Bu sırf siyasi rejimlərdəki idarəçiliklə bağlıdır. Azərbaycanda da vergi ödəyicilərinin sayının artırılması, vergi yükünün daha çox aztəminatlı təbəqənin və sahibkarların üzərinə qoyulması da bu məqsəddən irəli gəlir. Rusiyada da eyni proseslər gedir. Azərbaycanda daha çox Rusiya modeli tətbiq olunur”.

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd etdi ki, biznes sahəsində olan insanların öz vəsaitlərini necə xərcləməsinə irad bildirmək doğru yanaşma deyil: “Öz vəsaitləridir və onu hansı formada xərcləyirlərsə, bu onların öz məsuliyyəti və ya məsuliyyətsizliyidir. Ancaq hər hansı real gəliri olmadığı halda hansısa dövlət məmuru böyük bir vəsaiti əyləncəyə xərcləyirsə, o zaman həmin vəsaitin mənbəyi sual doğurur. Bu suallara cavab tapmalı olan orqan isə hüquq-mühafizə orqanlarıdır. Hansısa milyarderin övladına dəbdəbəli toy etməsi onun şəxsi işidir və bu mənada ictimaiyyətdə yaranan suallara o özü cavabdeh olacaq. Ən azından portnyorları onu qeyri-ciddi insan kimi qəbul edə bilərlər ki, hazırkı böhranlı şəraitdə vəsaitləri sağa-sola xərcləyir. Bu həmin şəxsin imicinə ziyandır”.


İqtisadçı bu məsələdə dövlət və hökumət rəsmilərinə nəzarətin daha güclü olmasının zəruriliyini vurğuladı: “Lakin dövlət qulluğunda işləyən, hökumətdə təmsil olunan, yüksək gəliri olmayan şəxslərin dəbdəbəli həyat sürməsi artıq korrupsiyadan xəbər verir və hüquq-mühafizə orqanlarının araşdırma mövzusudur. Ona görə də cəmiyyətdə bəzən paradoksal vəziyyət yaranır. Sadə insanlar kasıblayanda varlı kəsim daha çox varlanır. Bu da siyasi sistemdən, idarəetmə sistemindən, iqtisadiyyatdan və inhisarçılığın səviyyəsindən irəli gələn bir məsələdir”.
Geri qayıt