Prezidentin fərmanı nəyi dəyişəcək?

Prezidentin fərmanı nəyi dəyişəcək? Milllət vəkil Vahid Əhmədov prezident İlham Əliyevin ölkədə “Kredit Zəmanət Fondu” nun yaradılması ilə bağlı verdiyi fərmanı şərh edib.

Millət vəkili açıqlamasında bildirib ki, “Kredit Zəmanət Fondu”nun yaradılması çoxdan gündəlikdə var idi: “Bilirsiniz ki, bank sistemində kreditlərlə bağlı çox ciddi problem yaranıb. Kredit borcları artıq 1,8 milyard manatı keçib. Ona görə də cənab prezident bir neçə dəfə çıxışlarında qeyd edib ki, Azərbaycan iqtisadiyyatına ən çox zərər vuran sahə bank sektoru olub. İndi də bank sistemində kredit vermə, alma və. s kimi məsələləri həll etmək üçün “Kredit Zəmanət Fondu” nun yaradılması haqqında fərman imzalayıb. Fondun Müşahidə Şurasının tərkibi müəyyənləşdirilib. Orada həm Maliyyə Nazirliyindən, həm Mərkəzi Bankdan, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasından üzvlər var.

Burada əsas məsələ ondan ibarətdir ki, verilən kreditin zəmanəti təmin edilsin. Məsələn, hansı sahəyə krediti nə qədər vermək olar. Bu məsələlər çox ciddidir. Burada beynəlxalq təcrübə də mütləq nəzərə alınmalıdır. Cəmiyyətin kredit təminatı məsələsindən faydalanacaq sahibkarlara kredit veriləcək və aylar müəyyən ediləcək. Yəni, bu kreditlərin maksumium dəyəri, müddəti təyin edilməlidir ki, onlar vaxtında geri qaytarılsın. Həm də Azərbaycan iqtisadiyyatına kömək etsin. Bu kiçik və orta sahibkarlığın inkişafına öz təsirini göstərməlidir”.

Fondun əsasnaməsində sahibkarlara subsidiya verilməsi məsələsinə gəlincə isə V. Əhmədov qeyd edib ki, ola bilər sahibkar elə bir sahənin inkişafı üçün kredit istəyir ki, o sahə Azərbaycan iqtisadiyyatı üçün vacibdir: “O zaman onlara faizləri ödəmək üçün dövlət tərəfindən subsidiyalar veriləcək. Bu, çox normal haldır. Müəyyən inkişaf etmiş dövlətlərdə də var. Sahibkar faizi verməkdə çətinlik çəkirsə, o zaman ona subsidiya veriləcək. Əlbəttə ki, bu hamıya şamil edilməyəcək. O sahələrə şamil ediləcək ki, bu dövlətə lazımlıdır. Burada Müşahidə Şurasının da üzərinə çox böyük məsuliyyət düşür”.
Geri qayıt