Ölkədə böyük bahalaşma təhlükəsi yaranıb

Ölkədə böyük bahalaşma təhlükəsi yaranıb Artıq iki ildir ki, ölkə iqtisadiyyatında ciddi problemlər yaşanır. Manatın devalvasiyasından sonra yaranan böhranlı vəziyyət hələ də davam edir.
Bu arada enerji daşıyıcılarının qiymətinin artması vəziyyəti daha da kritikləşdirib. Artıq qarşıdakı dövrdə növbəti bahalaşmanın olacağı ilə bağlı proqnozlar verilir. Bu proqnozlar arasında ən narahatedicisi dizel yanacağının bahalaşacağı ilə bağlıdır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban son günlər “Aİ 92” markalı benzinin və dizel yanacağının bahalaşacağı ilə bağlı yayılan xəbərlərə rəy bildirərkən deyib ki, dizel yanacağında qiymət artımı ehtimalı böyükdür.
İlham Şabanın sözlərinə görə, “Aİ 92” markalı benzinin qiyməti bu yaxınlarda qalxdığı üçün yaxın müddətdə bahalaşması gözlənilmir. Lakin dizel yanacağının bahalaşma ehtimalı var. Çünki dizel axırıncı dəfə 2013-cü ildə 45 qəpikdən bahalaşaraq 60 qəpik olub.
İ.Şaban qeyd edib ki, Azərbaycanda maraqlı tendensiya var. Qiymət artımının 4-5 ildən bir olduğu müşahidə edilir. Birdən-birə 30-35 faiz bahalaşır. Çox ölkələrdə isə yanacağın qiyməti hər il 3-5 faiz artırılır.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov isə Reyting.az saytına deyib ki, benzinin qiymətinin qalxması artıq kənd təsərrüfatına mənfi təsir edib. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı, daşınması və digər proseslərə xərcləri kəskin şəkildə artırıb: «Yəni, benzinin son bahalaşmasından əvvəlki dövrlə indiki dövrü müqayisə etdikdə xərclər 20 faiz artıb. Bəziləri elə düşünür ki, kənd təsərrüfatı məhsullarının istehsalında benzindən istifadə olunmur. Bu, yanlış yanaşmadır. Ona görə ki, il ərzində fermer və kəndli öz şəxsi minik avtomobilindən istifadə edir. İstehsal prosesinə nəzarət, adamların daşınması, bir çox hallarda gübrə, pestisidlərin gətirilməsi və digər proseslərdə minik avtomobillərindən də istifadə olunur”.
Vahid Məhərrəmov bildirib ki, əgər dizel yanacağının qiyməti artarsa, kənd təsərrüfatı məhsullarında qiymət artımı qaçılmaz olacaq: “Əkin-səpin işlərində, məhsul yığımında, məhsulun ağırtonnajlı maşınlarla uzaq məsafəyə daşınmasında dizel yanacağından istifadə olunur. Bu da fermerin, kəndlinin, tədarüklə məşğul olan sahibkarların xərcini artırır. Dizel yanacağı bahalaşarsa, bu, kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətinə ciddi təsir edə bilər. Bu isə inflyasiya ilə nəticələnər».
Ekspert konkret hansı məhsullarda nə qədər bahalaşmanın olacağı ilə bağlı qəti söz deməyin çətin olduğunu bilidirb. Onun qənaətincə, dizel yanacağı 20 faiz bahalaşarsa, məhsullarda 10 faizədək qiymət artımı ola bilər.
Dizel bahalaşacağı təqdirdə hökumətin fermer və kəndlilərə hər hansı kompensasiya verib-verməyəcəyinə gəlincə, V.Məhərrəmov deyib ki, belə bir addımın atılacağına inanmır:
«Hazırda hökumət belə bir imkana malik deyil. İndiyə kimi dizel yanacağının bir hissəsinin kompensasiya edilməsi və subsidiyalar hər hansı bir səmərə vermədi, çünki məmurlar tərəfindən mənimsənildi. Şəffaflıq olmadığı və düzgün mexanizm seçilmədiyi üçün nəticə müsbət olmur. Ümumiyyətlə, dizel yanacağının qiymətini artırmağa nə ehtiyac var? Bu yanacaqdan çox az sayda maşınlar istifadə edir. Hökumət nəzərə almalıdır ki, bu yanacaqdan istehsalda, yükdaşımada istifadə olunur və bu məhsulda qiymət artımı digər məhsullarda da bahalaşmaya səbəb olur. Əgər xərci azaltmaq istəyirlərsə, neft şirkətlərində lazımsız yer tutub maaş alanları ixtisara salsınlar. Hansı ki, idmanla məşğul olub, maaş alırlar. Onların bu ölkənin gələcəyinə heç bir xeyri yoxdur. Ona görə də hökumət düşünüb normal addımlar atmalıdır».
İqtisadçı Qubad İbadoğlu isə qeyd edib ki, bahalaşmanın ciddi təsirlərindən biri ölkənin istehlak bazarında idxal mallarının üstünlük təşkil etməsidir:
"Daxili bazara gətirilən malların qiymətinə manatın məzənnəsinin dəyişikliyilə yanaşı, həmin ölkələrdə malın bahalaşması, daşınma xərcləri də təsir göstərir. İdxal mallar üçün əsas qiymətartırıcı faktor bundan ibarətdir. Amma ümumi qiymət səviyyəsi qalxanda bazarda bütün növ məhsul və xidmətlərə təsir göstərir”.
Q.İbadoğlu bildirib ki, Azərbaycanda yanacağın, elektrik enerjisinin, qazın, suyun qiyməti qalxıb. Eyni zamanda, xidmət bazarında da qiymət artımı var: “Mövsümün təsirilə bahalaşma davam edir. Ət bahalaşır, onunla əlaqədar yağ bahalaşır. Bu, bütövlükdə bazarların qarşılıqlı əlaqəsini göstərir. Əgər bazarda ətin qiyməti qalxıbsa, yağ da, süd də bahalaşır. Bunlar heyvandarlıq məhsulu olduğuna görə qiymətlər də ona uyğunlaşdırılır”.

Ekspertin fikrincə, ümumilikdə bahalaşma qaçılmazdır:
"Növbəti dövrdə payız mövsümü ilə əlaqədar qiymətartırıcı faktorlar daha çox üstünlük təşkil edəcək. Tələbatın artması ilə qazın, işığın yüksək tariflərlə ödənilməsi əhalinin büdcəsinə mənfi təsir göstərəcək. Bu da bütövlükdə sosial vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Qiymət artımının qarşısını almaq üçün ölkədəki inhisarçı fəaliyyətə son qoymaq, sahibkarlar üçün daha münbit şərait yaratmaq lazımdır”.

Reyting.az
Geri qayıt