"BANKLAR ASSOSİASİYASI ÖLKƏ KONSTİTUSİYASINI KOBUD ŞƏKİLDƏ POZUR" - İDDİA

"BANKLAR ASSOSİASİYASI ÖLKƏ KONSTİTUSİYASINI KOBUD ŞƏKİLDƏ POZUR" - İDDİA Əkrəm Həsənov: "Başda Mərkəzi Bank olmaqla banklarımız ABŞ-ın idarə etdiyi qurumlarla sıx bağlıdır. Həmin qurumların da ölkədə ictimai-siyasi sabitliyi pozmaq fikri ola bilər"
"Banklar Assosiasiyasının ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təklifləri hələlik qəbul edilməyib”.
Bunu sözügedən təklifləri izah edərkən hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov deyib. O bildirib ki, Banklar Assosiasiyası bu layihəni dərc etməlidir:
"Bu, qeyri-hökumət təşkilatıdır, özündə bankları birləşdirir. Hər bir ictimai təşkilatın əsas prinsiplərindən biri şəffaflıq olmalıdır. Sözügedən qanun layihəsində artıq bu prinsip pozulub. Çünki layihə heç yerdə dərc edilməyib, ictimaiyyətlə müzakirəyə çıxarılmayıb, birbaşa dövlət rəhbərliyinə göndərilib. Bu ondan xəbər verir ki, Banklar Assosiasiyası artıq pis işlərlə məşğul olduğunu bilir. Əgər təşkilatın niyyəti yaxşı olsaydı, qanun layihəsini dərc edərdi”.
Qanunun mahiyyətini izah edən Ə.Həsənov deyib ki, ipoteka və ipoteka krediti anlayışlarını fərqləndirmək lazımdır:
"İpoteka odur ki, hansısa kreditin alınması üçün banka ya evinizi, ya avtomobilinizi girov qoyursunuz. Həmin kreditin hansı məqsədlə alınması əhəmiyyətli deyil.
İpoteka krediti isə ipoteka növlərindən biridir. Bu, elə bir şeydir ki, onu məhz ev almaq məqsədilə alırlar. Banklar Assosiasiyasının hazırladığı layihədə söhbət yalnız ipoteka kreditlərindən getmir, ümumilikdə ipotekadan gedir. Təşkilat təklif edir ki, kredit ödənilməsə, məhkəməsiz girovu borclunun əlindən alacaqlar.
Bu, ilk növbədə ölkə konstitusiyasının kobud şəkildə pozulmasıdır. Çünki konstitusiyaya görə, heç kim məhkəmə qərarı olmadan mülkiyyət hüququndan məhrum edilə bilməz.
Hətta konstitusiyada belə qadağa olmasaydı belə, Azərbaycan kimi ölkədə buna yol vermək olmaz. Çünki onsuzda banklar insanların başına oyun açırlar. Üstəlik belə səlahiyyət verilsə, vətəndaşların əmlakını əlindən alacaqlar. Buna yol vermək olmaz. Hesab edirəm ki, Banklar Assosiasiyası tərəfindən atılan bu addım gələn il ölkədə keçiriləcək prezident seçkiləri öncəsi təxribatdır. Bilavasitə xalqın iqtidardan narazı salınmasına yönəlib. Heç kəsdən gizli deyil ki, başda Mərkəzi Bank olmaqla banklarımız ABŞ-ın idarə etdiyi qurumlarla sıx bağlıdır. Həmin qurumların da ölkədə ictimai-siyasi sabitliyi pozmaq fikri ola bilər. Əminəm ki, dövlət rəhbərliyi dəyişikliyi qəbul etməyəcək”.
Qeyd edək ki, təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq.

"Sherg.az”
Geri qayıt