Azərbaycan İnvestisiya Şirkəti "Texnikabank"a yatırdığı 6 milyon manatı qaytara bilmir
- 24-05-2017, 16:35
- 80 375
Bülletendə qeyd edilib ki, depozit müqaviləsinin şərtlərinə əsasən, ödənilməli olan depozit faizləri vaxtında təmin edilmədiyinə görə AİŞ müqavilə üzrə bütün öhdəliklərin icra edilməsi ilə əlaqədar olaraq, 8 sentyabr 2015-ci il tarixdə banka məktubla müraciət edib. Qeyd edilən müraciətin tələbləri yerinə yetirilmədiyinə görə AİŞ 16 sentyabr 2015-ci il tarixli məktubla depozitə yerləşdirilən vəsaitlərin (100%) vaxtından əvvəl geri qaytarılmasını tələb edib.
Vəsaitlərin qaytarılması bank tərəfindən təmin edilmədiyi üçün AİŞ 7 dekabr 2015-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə depozit hesablarına daxil edilmiş əmanətlərin qaytarılması haqqında iddia ərizəsi ilə müraciət edib. Məhkəmənin 23 fevral 2016-cı il tarixli qərarı ilə "Texnikabank"a təyin edilən ləğvedici "M.M.M. Perfect Consulting" MMC-yə 6 mln. manat əmanətin və bank tərəfindən ödənilməli olan faiz ödənişləri üzrə borcların (95 min manat), cəmi 6 mln. 95 min manat məbləğdə vəsaitin ödənilməsində dəstək göstərilməsi barədə 17 fevral 2016-cı il tarixli məktubla müraciət edib.
Bülletendə qeyd edilib ki, hal-hazırkı tarixə həmin məbləğin şirkətə qaytarılması təmin edilməyib.
Sənədin müəllifləri qeyd edir ki, 2015-ci ildə AİŞ-in vəsaitinin banklara qoyulmuş depozit hesabına əldə etdiyi orta faiz gəlirləri 1 mln. 375,4 min manat olduğu halda, depozitə qoyulmuş həmin vəsaitlərdən bir hissəsinin, yəni əsas borc və faiz üzrə 6 mln. 95 min manat (gəlirdən 4,4 dəfə çox) məbləğin şirkətə vaxtında qaytarılmaması bu məbləğin təminatı üzrə böyük risklərin (ümidsiz borc) yaranması ilə nəticələnib.