“Artıq “Made in Azerbaijan” brendi dünyada şöhrət qazanır” - Prezident
- 17-04-2017, 14:02
- 57 767
Bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.
“Mən artıq qeyd etmişəm, kreditlər verilir, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Texnika alınır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir. Bütün bunlar qeyri-neft sektorumuzu canlandırdı. Ancaq sahibkarlara əlavə dəstək verilməlidir ki, onlar artıq öz məhsullarını xarici bazarlara çıxarsınlar. Çünki bu, onlara da, dövlətə də lazımdır. Bu, ölkəmizə valyuta gətirir. Ona görə, biz bu sərgilərdə iştirakımızı genişləndirməyə başladıq. Xarici ölkələrə bir neçə ixrac missiyası ezam edilmişdir. Bu missiyaların da çox böyük faydası var. Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni, dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır”, - deyə o vurğulayıb.