Vergilər Nazirliyindən vergi ödəyicilərinə xəbərdarlıq
- 25-12-2017, 12:39
- 1 546
Vergilər Nazirliyinin mətbuat xidmətindən daxil olan xəbərə görə, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, müvafiq məcəllədə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmamış şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.
Cari ilin aprel ayının 1-dən indiyədək 7841 əlavə dəyər vergisi ödəyicisi tərəfindən 4.479.153 elektron qaimə-faktura təqdim olunub. Bu əməliyyatların ümumi dəyəri 23520,7 milyon manatdan artıqdır.
Gələn ilin əvvəlindən etibarən, elektron qaimənin bütün vergi ödəyiciləri üzrə tətbiqindən sonra, əlavə dəyər vergisində olduğu kimi, digər vergi növləri üzrə də malların satış dövriyyəsi tam şəkildə elektron qaydada nizamlanacaq və prosesə vergi orqanları tərəfindən nəzarət ediləcək.