İctimai nəqliyyatda qiymətlər bahalaşacaq? - AÇIQLAMA
- 17-02-2024, 12:14
- 1 565
Xüsusilə metro qiymətlərində 40-50 faizə qədər bahalaşmanın olması ilə bağlı müxtəlif proqnozlar var. Bəs görəsən yaxın gələcəkdə ictimai nəqliyyat vasitələrində, o cümlədən metro və marşurtlarda qiymət artımı gözləniləndirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu proqnozun reallaşması ehtimalı yüksəkdir.
“Düşünürəm ki, nəqliyyat sahəsində bir müddət sonra qiymətlərdə yeni dəyişikliklər gözlənilə bilər. Bu həm metro, həm də yerüstü nəqliyyatda gözlənilir. Çünki nəqliyyat sahəsində hələ də, rəsmilərin dediyi məlumata görə, böyük həcmdə dotasiyalar alınır. Bu daim vurğulanırsa, deməli bununla bağlı hansısa başqa qərarların ehtimalı da artır”.
Ekspert bildirib ki, il ərzində baş tutması gözlənilən seçkilərdən dərhal sonra nəqliyyat qiymətlərinin bahalaşması gözlənilir.
Ola bilsin ki, bu artım yaxın vaxtlarda olmasın. Çünki qarşıda bizi parlament və bələdiyyə seçkiləri gözləyir. Yeni hökumət belə bir qərarın əhali arasında etiraz doğuracağını bildiyi üçün yaxın vaxtlarda bu addımı atmayacaq. Ancaq seçki dönəmindən sonra qiymət artımının mümkün olduğu ilk sahələrdən biri nəqliyyat sahəsi olacaq. Bu baxımdan ictimai nəqliyyat vasitələrinin qiymətləri ilə bağlı proqnoz nikbin deyil”.