"Batalyon" filmi barədə prezidentə müraciət edildi - Sərdar Həmidovun adının filmdən çıxarılmasına görə

"Batalyon" filmi barədə prezidentə müraciət edildi - Sərdar Həmidovun adının filmdən çıxarılmasına görə Bu gün Heydər Əliyevin 94-cü il dönümündə bu yazı vasitəsi ilə onun xatirəsini anmaq və ölkəmizin ən ağır dönəmində onun dövlətçilik, suverenlik adına xidmətinin indiyə qədər heç bir kanal, mətbuat tərəfindən yayımlanmayan hissəsini yayımlamağı lazım bildim. Azərbaycana xidmət edən heç bir tarixi şəxsiyyətin xidmətləri danılmamalıdır.

İki ay bundan əvvəl atam Sərdar Həmidovun vəfatının il dönümündə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə onun komandiri olduğu Tərtər batalyonu haqqında çəkilmiş “Batalyon” filminin təqdimatı keçirildi. Filmi izlədikdən sonra müharibə dövründə Tərtər batalyonunun komandiri və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı kimi rayonunun müdafiəsinə birbaşa cavabdehlik daşıyan Sərdar Həmidovun, müharibənin ən qızğın dövründə prezident və ali baş komandan olmuş Heydər Əliyevin adının bir dəfə də olsun, çəkilməməsi diqqətimdən yayınmadı.

Bu məsələ ilə bağlı bir məqalə yazıb yayımladım. Xeyli adam mənə zəng edib filmi izlədiyini və orada danışılan yalanlara, əskiklərə etirazlarını bildirdiyini və bundan narahat olduqlarını söylədi. Bu yazı sosial şəbəkədə də geniş müzakirəyə səbəb oldu. Cəmiyyətin ən müxtəlif təbəqələrinin filmlə bağlı fikirlərini oxuduqca filmdə danışanların və ümumiyyətlə, sözügedən filmin çəkilməsinin əsl mahiyyətini faktlarla üzə çıxarmaq qərarına gəldim. Axı həqiqət sussa, yalan qalib gələcək… Elə ona görə də birinci yazıdan sonra iki ay müddətində öz imkanlarımla dövrün gerçəkliklərini araşdırıb maraq doğuracaq informasiyaları açıqlamaq qərarına gəldim.

Bu iki ay müddətində gözlədim ki, filmin həm bilinən, həm də bilinməyən sifarişçiləri məsələyə dair bir mövqe bildirəcəkmi?.. Susqunluq…

Ara adamları vasitəsi ilə mənimlə danışmağa cəhd edənlər oldu. Onlar bildirirdilər ki, əslində atamın adının çəkilməməsi “bu iqtidarın özünün işidir”. Sosial şəbəkədə müzakirə ediləndə də vurğu “bu iqtidarın işidir” ifadəsinin üzərində dayanırdı. Mənsə bununla qəti şəkildə razılaşa bilməzdim!

Tamam! Anlayıram… Atam vəfat edib, buna əsaslanaraq demək olar ki, “Həmidov soyadına görə bir ölkənin iki illik döyüş tarixini silirik”. Mən də anlayardım bunu.. Amma burda məsələnin başqa tərəfi də var. Mənim atamdan savayı xidmətləri danılan daha bir şəxs də var axı.. Həm də hal-hazırda iqtidarda olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin atası Heydər Əliyev!

Əlbəttə ki, filmin çəkilişinin bir məqsədi olduğu dəqiqdir. Bu məqsədin arxasında həm atamın, həm də həmin dövrdə həqiqətən döyüşmüş insanların haqqının yeyilməsi dayanır. Eyni zamanda da bütövlükdə döyüş tariximizin saxtalaşdırılmasına yol verilir. Bu sadalananlardan başqa məqsədlər də var.

1. 1993-cü ildən sonra batalyona rəhbərlik etmiş komandirin adı filmdə keçmir.
2. 1993-cü ildən siyasi hakimiyyətin icraedici hakimiyyət vasitəsilə xidmətləri qeyd olunmayıb.
3. Döyüş əməliyyatlarının keçirilməsi, xidmətləri olan şəxslərin məişət zəminində qiymətləndirilməsi qeyd olunub (“Vəzir dedi ki, yekəbaş hara soxulursan?” 35:57 san.); (Milli Qəhrəman, şəhid Elman Hüseynovun ermənidən çaxır gətirməsi hadisəsinin qabardılması 22:49).
4. Tərtər batalyonunun qərargah rəisi Pənah Məmmədovun Milli Qəhrəman Vəzir Orucovun batalyona qəbul etməsini anlatdığı səhnədə böyük bir yanlışa yol verilib. Çünki Vəzir Orucovu batalyona Pənah Məmmədov yox, Sərdar Həmidov qəbul edib. Bunu isə Vəzir Orucovun hərbi vəsiqəsi təsdiq edir (Sənədin şəkli yazıda təqdim edilib).
5. Filmdə 1993-cü ildə, müharibənin ən qızğın vaxtlarında ölkədə stabilliyin pozulmasına ciddi cəhdlər göstərildiyi zaman ölkəyə rəhbərlik edən, döyüş əməliyyatlarına və Azərbaycanın ərazi bütövlüyünə cavabdeh olan birinci şəxs Heydər Əliyevin adı bir dəfə də olsun qeyd olunmayıb.

Məhz bu məqamlara görə qəti şəkildə bildirirəm ki, sözügedən məsələ siyasi hakimiyyətin sifarişi yox, bilinməyən bir qrup adamın, bir güc mərkəzinin maraqlarının təminatıdır.

Bu yazını oxuyan hər bir oxucu yalnız Azərbaycan tarixini saxtalaşdırmağa cəhd edənləri tanımayacaq, həm də komandir və ali baş komandanına xəyanət edən, vətən uğrunda “döyüşməyi” döş nişanına çevirib Azərbaycan dövlətçiliyinin ənənəsinə dönük çıxmağın həqiqətlərini biləcək. Biləcək ki, Sərdar Həmidovun sağlığında, vəzifədə olduğu illərdə onun ətrafında mövcud olan insanlar o, vəfat etdikdən sonra qələbə təntənəsi ilə onun xidmətlərini oğurlamağa cəhd etdilər. Həm də vəfatının bir ili tamam olmadan.

Ancaq haqq nazilər, amma üzülməz. Haqq burada da üzülməyib. Məsələ burasındadır ki, “samozvanetslər” göstərmədikləri xidmətlər haqqında danışanda alacaqları mükafat barədə o qədər çox düşünürlər ki, özlərindən başqa hər şeyi, hətta sağda-solda “bu iqtidara sadiqik” dedikləri halda, elə bu iqtidarın xidmətlərini qeyd etməyi də unudurlar. Onların mahiyyəti zatən budur. Bunun sübutu isə elə həmin “Batalyon” filmində dedikləridir. Sadəcə gücləri, imkanları bu gün bizə çatır. Əgər sabah gücləri olsa, bu iqtidara da həmin münasibəti göstərəcəklər. Bu filmdə göstərdikləri kimi…

Axı bu filmdə təkcə mənim atamın adı oğurlanmayıb. Diqqət edirsinizsə, 1993-cü ildən 1994-cü ilə – müharibə bitənə qədərki dövr bütövlüklə oğurlanıb. Burada “niyə?” sualı yaranır?

İstənilən məkrli plan, siyasi ambisiya, siyasi oyun, Sovetlər dönəmindən bəri ilk vasitə və hədəf olaraq hər zaman mədəniyyət, incəsənət vasitəsini seçib. Hədəf olaraq isə siyasi iqtidar götürülüb.

1. 1945-ci ildə II Dünya Müharibəsi bitdikdən sonra marşal və generallar şəkil çəkdirir, amma İosif Stalin onların arasında olmur. Yəni qaliblərin rəhbəri kimi görünmür.
2. II DM-də Rakasovskinin, Koninin xidmətlərinin oğurlanmasına səy göstərən marşal Jukov əslində Stalin hakimiyyətini devirmək üçün məqam gözləyirdi. Buna sübut olaraq onun ABŞ-a rəsmi dəvətini misal göstərmək olar.
3. Sonuncusu isə mərhum Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin müavini vəzifəsinə təyin edildikdən sonra 1984-cü ildə BAM haqqında çəkilən filmdə olmasına, “politbüronun” üzvü kimi tikintilərə şəxsən rəhbərlik etməsinə baxmayaraq, filmin qeybə çəkilməsi əslində onu istəməyənlərin, SSRİ-da siyasi hakimiyyətə gəlməsini istəməyənlərin, dolayısı ilə arxasınca müəyyən iş çevirilməsinin əyani sübutudur.

Bu oyunlar təkcə bizə qarşı deyil. Çünki mənim atam 23 il bundan əvvəl vəzifədən gedib. İnanıram ki, bu dövlətin beyin və təhlil mərkəzləri, Azərbaycanın dövlətçiliyini hər şeydən üstün tutanlar məsələnin obyektiv araşdırılmasını təmin edəcək, hansı planların hazırlandığını ortaya çıxaracaq və xəyanətkarlardan tərəf olmayacaq.

* * *
İndi isə keçək filmə. Komandirsiz və ali baş komandansız “Batalyon” filmi Tərtər Batalyonunun qərargah rəisi və adıçəkilən filmin məsləhətçisi Pənah Məmmədovun keçmiş döyüşçülər qarşısındakı çıxışı ilə başlayır:
“Əziz Tərtərlilər! Tərtər Batalyonunun şəxsi heyəti! Sağ qalanlar!
Siz 24 il bundan öncə Tərtərimizin müdafiəsi, torpaqlarımızın erməni daşnaklarından azad olunması üçün Tərtər Batalyonuna müraciət etmisiniz. Batalyon Ağdərə istiqamətində onlarla döyüşdə iştirak edib. Təbii ki, burada bizim şəhidlərimizin böyük rolu olub. O şəhidlərin hesabına, o qəhrəman insanların və sizlərin hesabına bu gün Tərtər yaşayır. Siz doğrudan da öz şirin canınızı, öz şirin nəfəsinizi, öz sağlamlığınızı bu torpaq yolunda qoymusunuz. Bu gün şükür ki, ayaq üstündəsiniz. Ona görə xoşbəxtsiniz ki, sizin komandiriniz savadlı, qabiliyyətli Elman Hüseynov olub. Xoşbəxtliyiniz onda olub ki, sizi arxasınca aparan Vəzir Orucov olub. Baxmayaraq ki, biz 24 ildir bu müharibədən ayrılmışıq, 2 apreldə olan hadisələrdə bir daha sübut etdiniz ki, siz Tərtərlə nəfəs alırsınız”.

Bir dəqiqə… Milli Qəhrəman Elman Hüseynov 1993-cü ilin yanvar ayında şəhid olub. Niyə bu filmdəki hadisələr 1993-cü ilə qədər davam edir?.. Əgər Ağdərə istiqamətində uğurlu əməliyyatı ifadə etmək istəyirdinizsə, filmin adını “Ağdərə əməliyyatı” qoyardınız. “Batalyon” qoymusunuzsa… bu batalyon 1994-cü ilə qədər mövcud olub. Hanı Sərdar Həmidovun adı?

Müharibə 1993-cü ilin yanvar ayında bitdi? Bəs Həsənqaya, Qapanlı..? Bəs bu danışanların hücum planı qurmaq istəmədikləri Çaylı..? Bəs 1994-cü ilin aprel ayı..? P. Məmmədov yəqin Sərdar Həmidovu unudub. Ola bilər ki, o, bunu özünün siyasi hakimiyyətin tərəfdarı olması ilə əsaslandırır. Hamı onun bütün dövlət tədbirlərində iştirak etdiyini, Tərtərin indiki icra başçısı ilə yaxınlığını, görünən hər tribunada hökumətdən tərəf olan mövqeyini bilir. Amma indi bu filmdə Tərtər və respublikanın ən ağır dövrlərində ölkə rəhbərliyinə qayıtmış şəxsi, onun Azərbaycanı parçalanmadan, işğal edilməkdən xilas etdiyini, daxili sabitliyi pozan bütün qüvvələrə qarşı mübarizə apardığı dövrü – 1993-1994-cü illəri unudub. Axı o, bu batalyonun qərargah rəisi olub..! Ola bilməz ki, 1994-cü ilin aprel-may aylarında Ermənistanın bütün hərbi birləşmələrinin Tərtərə etdiyi hücumları və Tərtərin müdafiəsinin necə təşkil olunduğunu bilməsin. Səbəb?..

“Batalyon” filmində niyə Heydər Əliyevin adı yoxdur?

Heydər Əliyevin zəngin həyat yolu illərində onun xidmətlərini filmlərdən, tarixdən üç dəfə silmək cəhdi olub.

1. 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini və “politbüro”nun üzvü seçildikdən sonra sistemdə doğrudan da real çalışan yeganə şəxs kimi BAM tikintisini apardığı zaman 18 seriyalıq filmin 17 seriyası yayımlanır, lakin 18-ci seriyada onun adı var deyə film ümumiyyətlə yayımdan qaldırılır (Çünki Heydər Əliyev SSRİ-nın rəhbəri olmağa ən ciddi namizəd sayılırdı). Məhz bu addım ona qarşı irəlidəki illərdə qısqanclıqdan dolayı rəqibləri tərəfindən oynanılacaq oyunların xəbərçisi idi və xidmətlərinin oğurlanması bununla başlayırdı.

2. 1987-ci ildə Heydər Əliyev SSRİ-də rəhbər vəzifələrdən getdikdən sonra ona qarşı kampaniya aparan adamlar filmlərini, çıxışlarını aradan götürməyə çalışırdılar. Həmin dövrlərdə Naxçıvanda Heydər Əliyevə qoyulan büstü sökməyə cəhd etdilər. Baxmayaraq ki, Sovet İttifaqı Qəhrəmanı olan hər kəsə sağlığında heykəl qoyula bilərdi.

3. İndi, o 1993-cü ildə siyasi böhran, separatizm, müharibə şəraitində ölkədə hakimiyyətə gəldikdən sonra Azərbaycana rəhbərlik etdiyi dövrdə Tərtərin işğalının, Qazax və bütövlükdə Gəncəbasarın anklav bölgəyə çevrilməsinin qarşısını aldığı, lakin adının bir dəfə də çəkilmədiyi “Batalyon” filmində.
Yalan, riya və xəyanət…

Həyatda bu üç sözün bir-biri ilə bağlılığı qədər böyük heç bir utanc hissi yoxdur. Bu üç söz bir-birinə bağlı olduğu kimi bunu özünə peşə seçənlər də mənfəətlərinə zəncirlə bağlıdılar. Əslində onlar kölədirlər! Bir qarın çörəyin tanıdığı kişi ömrünü başqa kişilərin həyatını oğurlayacaq, xidmətlərini danacaq qədər kölədilər. Kölələr isə heç kimə sədaqətli olmur! Onlar hər zaman qiyamçı olur! Dünənki komandanlarını bugünkünə, bugünkünü sabahkına dəyişməyə hazırdılar. Sadəcə uyğun fürsət gözləyirlər!

Ya hazırlıqdır, ya niyyətdir, ya da hədəf…

Bilirəm ki, bu yazını gizlətmək istəyənlərlə yanaşı, prezidentə özünəməxsus şəkildə, təhrif edilmiş formada məruzə etmək istəyənlər də olacaq. Axı bu böyük bir xəyanətin aşkar edilib, faş olunmasıdır. Elə bir xəyanətin ki, təməlində tariximizi saxtalaşdırmaqla, gələcəyimizi çürük əsaslarla inşa etməyin niyyəti yatır. Xəyanətlər isə boşuna edilmir. Ya hazırlıqdır, ya niyyət, ya da hədəf! Belə bir xəyanətə cəsarət verən kimdir, yaxud belə haqsızlığı dilə gətirənlərdə bu qədər böyük cəsarət hardandır?

Ya hazırlıqdır, ya niyyətdir, ya da hədəf…

Deməli, sözügedən filmin təqdimatı olur. Qonaqlar arasında kimlər yoxdur ki… Başda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, icra başçıları, filmin sifarişçisi olan Mədəniyyət və Turizm Nazirliyinin heyəti, sayğın iqtidar nümayəndələri. Film nümayiş etdirilir. Hər kəs filmi izləyir və bir nəfər, bir tək nəfər belə ayağa durub etiraz etmir ki, Tərtərin müdafiəsinin ən ağır illərində, 1993-1994-cü illərdə Azərbaycanın prezidenti Heydər Əliyev olub. Və Sərdar Həmidov məhz onun prezident, ali baş komandan olduğu dövrdə son bir il, atəşkəs imzalanana qədər rayonun müdafiəsini təşkil edib.

Bəlkə xatırlamaq istəməyiblər? Bəlkə belə danışılıbmış? Yoxsa bilmirdilər ki, dövlətin suverenliyinin və ərazi bötüvlüyünün təminatçısı prezidentdir? “Unudublar” deyəcəm, amma imkansızdır. Bu filmin həm Tərtərdə, həm Bakıda olan təqdimatında iştirak edən bütün rəsmilərin hamısı bu iqtidarın siyasətinin bir parçasıdır. Əslində elə olmalıdırlar. Hər kəs bilir ki, dövlət tədbirlərində necə danışmaq lazımdır. Bu filmi isə o zalda olan hamı izləyir, susur və razılaşır. Bunlar o adamlardırlar ki, bu iqtidar dövründə çalışırlar. Ancaq o təqdimatda hamı bununla razıdır. Sual doğurur: Kim var imiş o təqdimatda? Tək bircə nəfər belə tarixin, həqiqətin haqqını nə Sərdar Həmidov, nə də Heydər Əliyev üçün istəməyib. Mən indi o təqdimatda kimlərin olduğunu yazsam, bu yanlış şərh edilə bilər. Amma dövlətdən heç nə gizlətmək olmaz. Hamı dolayı yolla deyib ki, ölkəmizin tarixini ali baş komandan və komandirlərlə yox, belə yazmaq lazımdır. Xəyanət deyil, bəs nədir?

Keçək digər məsələyə. Mən bilirəm ki, indi hamı hər şeyi rejissor Nizami Abbasın üstünə atacaq. Amma elə deyil! Bir etiraz var idisə, filmin təqdimatında bildirilməli idi axı. Mən bilirəm, elə siz də bilin ki, rejissor filmin kompozisiyasına cavabdehdir. Filmin əsas öhdəçiliyi məsləhətçilərin işidir. Birinci Pənah Məmmədovun, sonra isə orda danışanların!

Bu həqiqətləri unudanlara xatırlatma edirəm:
Prezident Heydər Əliyev iqtidara gəldikdən sonra bir çox qüvvələr tutduqları mövqedən istifadə edib, ölkədə qarışıqlıq yaratmaq istəyirdi. Buna sübut olaraq 1994-cü ilin oktyabr hadisələrini misal çəkmək olar. Ümumiyyətlə, 1994-cü il hər baxımdan ağır il idi. Amma belə ağır illərdə belə Heydər Əliyev hər cür silahla təchiz olunmuş batalyon komandirliyi vəzifəsini atam Sərdar Həmidovdan almadı. Əksinə, hər mənada respublikanın rəhbəri kimi gərəkli dəstəyi verdi.

Haşiyə: Filmdə belə əsas təqdim edirlər ki, batalyon komandiri şəhid Milli Qəhrəman Elman Hüseynovdur. Amma Elman Hüseynov 1993-cü ildə vəfat etmişdi. Tarix yadınıza gəldi? Heydər Əliyev iqtidara gəlmişdi! Lakin burada hər şey onun üstündə qurulub ki, müharibə 1993-cü ilə qədərdir. Elə ölkədaxili və xarici faktorların Azərbaycanın müqavimətini qırmaq istədikləri dövr də həmin illər idi.

Amma Tərtər tərəfdə bu alınmadı. Çünki Heydər Əliyev mənim əmim İsgəndər Həmidovla əks qütblərdə olmasına baxmayaraq, atamı Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı və batalyon komandirliyindən nəinki azad etmədi, hətta ən açıq formada onun fəaliyyətinə dəstək durdu. Konkret fakt deyə bilərəm. Atam söhbətlərin birində mənə bildirmişdi ki, Tərtərə göndərilən bir generalın atamın fəaliyyətinə qarşı müdaxiləsi olurdu. Onlar anlaşa bilmirmişlər. Lakin məsələ prezidentə çatanda həmin general Heydər Əliyev tərəfindən bölgədən uzaqlaşdırılıb. Tərtər rayonunun müdafiəsi isə mənim atam Sərdar Həmidova tapşırılıb!

Haşiyə: 1994-cü ilin aprel ayında Ermənistan və qondarma “Dağlıq Qarabağın” bütün hərbi birləşmələri, yəni ordusu ilə bərabər təhlükəsizlik, daxili işlər orqanları canlı qüvvəsi və ağır texnikası ilə Tərtər istiqamətinə dislokasiya edilir. Düşmən tərəfin niyyəti bu idi ki, Tərtərdə qurulan müdafiə xətti yarılsın və düşmən qüvvələri Tərtər, ardınca Bərdəni işğal edərək Yevlaxa çıxsınlar. Orada Qazax-Bakı magistral yolunu bağlasınlar və düşmən tərəfi Azərbaycana şərtlər diqtə edə biləcəyi biabırçı sülh sazişi bağlanmasına nail olsun. Bu o demək idi ki, Azərbaycanın Naxçıvandan sonra ikinci anklav bölgəsi olacaqdı.

Hadisələrin belə gedişi Azərbaycanın tam məğlubiyyəti idi. Amma qarşısı alındı! Ancaq başda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev olmaqla, o filmdə danışan hər kəs bu dərəcədə ciddi bir hadisənin üstündən öz “qəhrəmanlıqların”ı anladaraq keçdiyi üçün tarixin qarşısında günahkardır! Bu qədər böyük bir planın qarşısı mərhum prezident Heydər Əliyevin ali baş komandanlığı və Tərtər rayonunun müdafiəsinə dair mənim atam Sərdar Həmidova göstərdiyi etimad nəticəsində alındı.

Bunu danmağın adı, mənası nədir? O arxiv, o da siz. Sərdar Həmidov 1992-1994-cü illərdə Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı, sonra isə batalyon komandiri olub, ya yox?

Hamı bilir ki, atam Sərdar Həmidov mərhum Əbülfəz Elçibəyin dövründə olduğu kimi mərhum Heydər Əliyevin dövründə də heç bir siyasi oyuna qarışmadan, “ordu siyasətə qarışa bilməz” prinsipi ilə hərəkət edib. Bütün xidmətlərinin ən sonuncusunu da məhz Heydər Əliyevin prezident, ali baş komandan olduğu dövrdə yerinə yetirib. Həm də vəzifə, pul, mövqe itirməmək üçün dövlətin milli maraqlarına qarşı qrupların çox olduğu illərdə.

Bu filmdə Sərdar Həmidovun da, Heydər Əliyevin də adının çəkilməməsinin əsas səbəbini daha obyektiv şəkildə anlamaq və təhlil etmək üçün məndən çox-çox əvvəl hərbi jurnalistlər və təhlilçilərin yazdığı yazıları təqdim etməyi lazım bilirəm. Bu məqalələri ən müxtəlif araşdırmaçı və hərbi jurnalistlər yazıb. Nə mən yazmışam, nə də bizim yaxınlarımız.

Tərcümə: Qış hücumu azərbaycanlılar üçün çox sayda insan itkisi və uğursuzluqla nəticələnsə də (Əsas da Kəlbəcər istiqamətində) bu hücuma qarşı müqavimət göstərmək Ermənistan Repsublikası və “Qarabağ” qüvvələri üçün çətin idi. Azərbaycanın Ermənistan üzərində demoqrafik və iqtisadi üstünlüyünü nəzərə alsaq, bu cür döyüş əməliyyatlarının erməniləri yorub onların məğlubiyyətinə gətirib çıxarda biləcəyi nəticəsinə gələ bilərik. Ona görə Ermənistan rəhbərliyi düşmən tərəfin onların sülh şərtləri ilə razılaşması üçün geniş hücum əməliyyatı keçirtmək qərarına gəldi. Ən yaxın hədəf olaraq Tərtərlə Bərdə seçildi. Çünki onların təslim olması Yevlax və Mingəçevirə hücum üçün yol açırdı. Bu şəhərlərin də ələ keçirilməsi və ermənilərin Mingəçevir su anbarına çıxması Qərbi Azərbaycanı, yəni Gəncəni Qazaxı, Şəmkiri və s. əsas əraziləri ayıracaqdı.

Aprelin 9-dan 10-na keçən gecə bu müharibədə ermənilərin sonuncu genişmiqyaslı hücumu başladı – Tərtər əməliyyatı. Hücum üç istiqamətdə aparılırdı. Tərtəri əhatə edib Yevlaxla arasını kəsmək məqsədi ilə ermənilərin mərkəzi qüvvələri çöllüklə Şimal-şərq tərəfdən Ağdam-Bərdə şossesi boyunca, Mardakert qüvvələri isə Şərqi dağlarla Tərtər istiqamətində hücum edirdi. Bərdə ərazisinin düzənlik olmasına və azərbaycanlıların həmin ərazidə başdan-başa müdafiə xəttinin olmamasına baxmayaraq, bu hissədə döyüşlər şiddətlə keçirdi. Ayrı-ayrı məntəqələr bir neçə dəfə tərəflər arasında əldən-ələ keçirdi. Qapanlı kəndi ilə bu 4 dəfə baş vermişdi. Müdafiənin əsas ağırlığı Müdafiə nazirliyinin N saylı briqadasına, Azərbaycanın Daxili Qoşunlarına, Tərtər Batalyonuna və polisə düşürdü. 5-ci briqada tərəfindən gücləndirilmiş Mardakert (Ağdərə) yaşayış məskənlərini və Tərtərdən Şimal-qərb hissələrə nəzarət etməyi bacarmışdılar. Lakin şəhəri götürə bilməmişdilər.

Tərcümə: Digər tərəfdən 1993-cü ilin oktyabrında Azərbaycanın daxili vəziyyəti az-çox stabil idi. H.Əliyev oktyabrın 3-də prezident seçkilərində qalib gəlmişdi. S. Hüseynov baş nazir seçilmişdi, “Talış-Muğan Respublikasındakı” qiyam isə aradan qaldırılmışdı. Bu şərait Azərbaycan rəhbərliyinə Qarabağdakı müharibəyə kifayət qədər diqqət ayırmağa imkan verdi.
Mixail Jiroxov (Hərbi tarixçi): Xüsusi olaraq “3-cü polk” üçün

İndi isə baxın görün digər araşdırmaçı Məmməd Vəliməmmədov “Tərtər əməliyyatı” məqaləsində nə yazır:
1994-cü ilin aprelin 9-dan 10-a keçən gecə erməni qoşunlarının Ağdam və Tərtər istiqamətində irimiqyaslı hücumları başladı. Hücum planı Azərbaycan müdafiə qoşunlarının Ağdam və Tərtər istiqamətlərindəki boşluqlarından istifadə edərək, Tərtəri cənubdan keçərək Azərbaycan Ordusunun arxa tərəfindən çıxıb Tərtəri tutmaq və uğurlu gedişlə oradan Bərdəyə, həmçinin Goranboy rayonundakı boşluqlara çıxmaqdan və Azərbaycanın Şimal-qərb bölgələrini respublikanın digər bölgələrindən ayırmaqdan ibarət idi. Erməni komandasının hesabına görə qaçqınların yeni axını ilə nəticələnən böyük ərazilərin zəbt edilməsi Azərbaycandakı vəziyyəti stabillikdən çıxaracaq, hakimiyyət dəyişikliyinə səbəb olacaq və müharibə ermənilərin xeyrinə bitəcəkdi. Erməni komandanlığı Tərtərin alınması və Bərdəyə çıxışın təmin edilməsi “DQR” müstəqillik statusunun qəbul edilməsinə qədər bütün hərbi-siyası tapşırıqları həll etməyə yardım edəcəkdi. Həmçinin Tərtərin alınması Heydər Əliyev hakimiyyətinin dəyişməsi ilə nəticələnəcəkdi ki, bununla da Azərbaycana həlledici zərbə vurulacaqdı. Mümkündür ki, erməni hücumu geosiyasi məsələnin əsl səbəbi idi və bu hücumun əsas hədəflərdən biri Gəncənin işğal edilməsi idi. Bu isə Azərbaycanda hakimiyyət dəyişikliyinə və iqtidara rusmeyilli qüvvələrin gələcəyi ilə nəticələnəcəkdi. Hər halda 1994-cü ilin mart ayında rus KİV-də Gəncənin işğal ediləcəyi ilə bağlı və H. Əliyevin taleyinin erməni hərbi birləşmələrindən, yaxud Moskvadan asılı olduğu barədə məqalə dərc edilmişdi.

Əbülfəs Qarayevə bir neçə sual

Məlum təqdimatda və yəqin ki, ondan əvvəl də “Batalyon” filminin sifarişçisi Mədəniyyət və Turizm Nazirliyinə rəhbərlik edən Əbülfəs Qarayev izləyib. İzləyib, hər şeyi görüb və soruşmayıb ki, “1994-cü ilin aprel ayı hanı?” Mənə də, dövrü araşdıran istənilən şəxsə də bəllidir ki, 1994-cü ilin aprel ayı ən yeni tariximizdə Azərbaycanın gələcəyinin, mövcudiyyətinin, suverenliyinin qorunub saxlanması, ölkənin yenidən xaosa sürüklənməməsi adına böyük bir planın qarşısının alınmasıdır.

Hörmətli cənab nazir!
Bu təmsil olunduğunuz iqtidara, dövlətçiliyə necə sədaqətdir? Məgər siz bilmirsiniz ki, ordu iyerarxiyanın, intizamın olduğu qurumdur? Məgər siz bilmirsiniz ki, orduda komandiri tanımamaq ən ağır formalı cinayətdir? Belə tərbiyə vermək istəyirdiniz gələcək nəsillərə?

Axı ordu dövlət sisteminin, nüfuzunun qorunub saxlanması vacib olan bir qurumdur. Yanlış anlamışıq?

Bu filmi də əslində ona görə çəkiblər ki, yeni nəsil gənclik Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə istimaqətində əldə etmiş uğurlarını bilsin, düşmənə ağır zərbələr endirən Tərtər batalyonunu tanısın. Tanısın və ruhlansın! Axı hələ müharibə bitməyib. Axı hələ biz işğal altında olan rayonlarımızı geri qaytarmamışıq. Və biz böyüyündən, kiçiyinə qədər işğala məruz qalan bir ölkənin vətəndaşları olaraq psixoloji üstünlüyümüzü həqiqətlərlə əldə etməliyik ki, qələbəyə nail olaq. Bəs yaxşı belə olan halda yeni nəsil sözügedən fədakarlıqla ölkə adına oynanan oyunların heç birinə alət olmadan dövlətçilik mövqeyində dayanan bir batalyonu necə tanımalıdır?

İcra hakimiyyətinin başçısı və batalyon komandiri olaraq ailəsini düşmənlə təmas xəttinin 200 metrliyində olmasına baxmayaraq rayondan çıxarmayan, Ağdərə əməliyyatının təşkilatçılarından biri və iştirakçısı olan, əlində silah bütün yüksəklikləri gəzdiyi halda, öz komandirini tanımayan zabit və əsgərlərinin dilindən? Nə idi bizə göstərmək istədikləri nümunə? Yəni indiki orduda bu nümunədən – komandanlığın inkarı ənənəsindən nümunə götürüb 5 il, 10 il sonra belə danışsınlar?

Mənim atamın xidmətlərindən çox siz bu ölkənin qanunlarının, dövlətçilik ənənələrinin, qaydalarının danılmasına göz yummusunuz, cənab nazir! Siz siyasi intriqalara uymayıb, vəzifəsini yerinə yetirdiyi üçün işindən azad edilməyən Sərdar Həmidovun haqqı ilə bərabər, həm də o dövr prezident, ali baş komandan olan Heydər Əliyevin xidmətinin oğurlanmasına göz yummusunuz! Həm də o zalda oturan bütün şəxslərlə birlikdə! Amma sizin onlardan bir fərqiniz vardı. Siz Heydər Əliyevin dövründə olduğu kimi İlham Əliyevin də dövründə bu filmi sifariş etmiş qurumun başında, nazirsiniz!

Axı 1994-cü ilin aprel ayında Tərtərdə Ermənistanın bütün ordu birləşmələrinə qalib gələn, Azərbaycanda Tərtərin ardınca Bərdə və Yevlaxın işğalı ilə hakimiyyət çevrilişi etməyi planlaşdıran böyük bir dövlətin oyununun pozulmasında rol alanlardan biri Sərdar Həmidovu o vəzifədə saxlayan ali baş komandan Heydər Əliyev idi! Bunu inkar etmək təmsil olunduğunuz iqtidara əslində necə münasibətdə olduğunuzu ifadə etmirmi?

Bilirsiniz niyə göz yummusunuz? Çünki özünüzə rəva bilmədiyinizi, başqalarına rəva görə bilirsiniz! Siz dünyaca məşhur bəstəkar Qara Qarayevin qardaşı oğlusunuz. Qara Qarayevin musiqiləri ilə böyümüşük biz. Elə ona görə də sizə sual vermək istəyirəm:

Hörmətli cənab nazir! Əgər Qara Qarayevin gözünün nuru bəstələri oğurlanıb hansısa bir “Əliməmmədin” adına yazılsa, özünüzü necə hiss edərsiniz?

Əgər xoşunuza gələrsə, deməli heç nə yoxdur. Belə də olmalıdır…

Sərdar Həmidovsuz Tərtər batalyonu?

Sərdar Həmidov 1992-1994-cü illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, Tərtər özünümüdafiə komitəsinin sədri və bu filmdə sözügedən Tərtər Batalyonun komandiri olub. Bunu nəinki Tərtər, bütün cəbhəboyu rayonlar və bütün Azərbaycan bilir. Onu tanımamaq, unutdurulmasına cəhd, adının tarixdən silinməsinə çalışmaq isə dövlətin iyerarxiyasını tanımamaqla, yuxarı komandanlığını, hətta ali baş komandanlığını tanımamaqdır. Qayda budur. Dövlət aşağıdan yuxarı olduğu kimi, həm də yuxarıdan aşağı qurulan bir sistemdir. Dövlətin 1992-1994-cü illərdə olan başçıları isə onu tanıyıb. Tanıyıb və etimad göstərib. Elə ona görə də bu gün onun haqqını yemək üçün yarışanlar, onun xidmətlərinə sahiblənmək üçün dəridən-qabıqdan çıxanlar istənilən bir veriliş, istənilən bir kameraya çıxmaq naminə hər şey etməyə hazırdırlar. Uğur böyükdür. Uğur böyükdürsə, mükafatı da böyük olmalıdır. Elə düşünür dələduzlar!

Qeyd: “Batalyon” filminin məsləhətçisi Pənah Məmmədov (Tərtər Batalyonunun keçmiş qərargah rəisi) filmdə bildirir ki, Vəzir Orucov Rusiyadan gəldikdən sonra məhz onun yanında gəlib və V.Orucovu Tərtər Batalyonuna P.Məmmədov qəbul edib. Bu da şəhid Vəzir Orucovun hərbi bileti. Aşağıda işarələnmiş hissəyə diqqətlə baxın, hərbi bilet Sərdar Həmidov tərəfindən imzalanıb.

Bizim ölkəmizdə tez-tez deyilməsi zəruri olan bir söz var ki, hamımız onu bilirik: İnqlabı dahilər düşünür, fanatiklər həyata keçirir, dələduzlar isə bəhrələnir. Sərdar Həmidovun 1992-1994-cü illərdə dövlətçilik naminə atdığı addımlar bizim anladığımız mənada inqilab olmasa da, vətənpərvəlik adına böyük fədakarlıq inqilabı idi.

Yuxarıda qeyd etdiyim kimi böyük bir ölkənin Azərbaycanda hakimiyyət dəyişikliyi etməsi planı olması və bu məkrli planın həyata keçməsi üçün Tərtərin işğal edilməsi ssenarisinin mövcudluğunu isbat etmək üçün 17.03.1994 tarixində erməni təmayüllü Georgi Borv və Stanislav Tarasovun məqaləsinə nəzər yetirək. Tarixinə diqqət edin. Bu tarixdən düz 23 gün sonra ermənilərin dəstəkçiləri birlikdə Tərtər istiqamətində geniş miqyaslı əməliyyatları başlayacaqdı. Bu əməliyyat isə aralıqsız olaraq 40 günə yaxın müddət davam edəcək və ermənilər böyük itkilər verməklə tükədilməyənə qədər dayanmayacaqdı.

Tərcümə: Azərbaycanda hakimiyyət dəyişikliyinin baş tutması görünür.
Qarabağ münaqişəsi ətrafında cərəyan edən son hadisələr eyni zamanda bir-biri ilə ziddiyyət təşkil edən nəticələrə imkan yaradır. Bu ya münaqişəyə cəlb edilmiş vəziyyətin tam şəkildə hər tərəfli formada nəzarətdən çıxmasıdır, ya da kim tərəfindənsə məharətlə istiqamətləndirilir. Aydın olan məqam budur ki, ikinci halda fəaliyyət Heydər Əliyev rejiminin dəyişməsi istiqamətindədir.
“Kommersant” qəzeti 17.03.1994

Mənim atam nadir insanlardan biridir ki, o, 1990-cı illərin siyasi qarşıdurmalarının heç birində, heç bir siyasi oyunda iştirak etməyib. Elə buna görə də o, bir çox şeyə şahid olmaqla bərabər, ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlməklə bərabər, vətəninə əsl vətənpərvər kimi xidmət etməyi də bacarıb.

Axı məhz o, Ağdərə əməliyyyatının hazırlanmasında birbaşa iştirakçı olaraq azad edilmiş vətən torpağına ayaq basıb, rayon mərkəzində bayraq sancılmasını həyata keçirib. Tərtər-Kəlbəcər yolunun açılmasını həyata keçirib, birinci özü həmin yolla Kəlbəcərə yollanıb. Axı məhz o, Ağdərənin quruculuq abadlıq işlərinə ara vermədən başlayaraq keçmiş “Dağlıq Qarabağın” ən böyük rayonuna yenidən həyat vermək adına çalışıb. Xidmətlərinə şahid olanlar çoxdur. Onun hamısını burada qeyd etmək mümkün də deyil.

Ancaq “Batalyon” filminin simaları indi onu tanımır!

Sərdar Həmidov dövlətin etimad göstərdiyi şəxs idi. Onun adını niyə, nə üçün tarixdən silmək istəyir bu adamlar? Hamımız bilirik ki, vəzifəni verən dövlətdir, dövlətin zirvəsi, yəni düşünən beyni! Əgər müharibə gedən bir bölgədə təmas xəttində yerləşən İcra Hakimiyyətinin başçısı, batalyon komandiri məlum deyilsə, yoxdursa, o zaman belə çıxır ki, dövləti idarə edən buna göz yumurdu?

İndi mən tək qalmışam. Çünki atam vəfat edib. Həqiqətləri bilənlər isə susur…

Bilmirəm kimə danışsam, məni ən yaxşı şəkildə anlayar. Amma bir nəfər var ki, bir zamanlar gördüyü ədalətsizliyə, məruz qaldığı haqsızılığa görə məni hamıdan yaxşı anlayacayağına ümid edirəm. O, Azərbaycanın prezidentidir!

Elə ona görə də əlimdə olan tək imkanla, bir yazı yazıb ona müraciət etmək qərarına gəldim.

Cənab prezident!
Mən tarixi yaxşı oxumuşam və bilirəm ki, 1980-ci illərin sonunda mərhum Heydər Əliyev əli Azərbaycan xalqının qanına batmış M.Qorbaçov tərəfindən tutduğu vəzifələrdən azad edildi. Bu hadisədən sonra sizi də çalışdığınız MGİMO-dan işdən azad etdilər, hər cür təzyiqlərə, təqiblərə məruz qoydular. Bilirəm ki, siz mərhum Heydər Əliyevə nə qədər bağlı idiniz. Bütün görüşlərində və söhbətlərində siz var idiniz. Mərhum Heydər Əliyevin müsahibələrinin birində izləmişdim. Onun sizin MGİMO-da işdən azad edilməyinizi nə qədər ağrı ilə qarşıladığını üz ifadəsindən illər sonra belə hiss etmək olurdu. Sizin xarici dillər bildiyinizi, aspirant olduğunuzu qeyd edirdi. O zamanlar Qorbaçovun və ətrafının muzdur mirzələrinin hücumlarını, sistemə yaltaqlanmaq üçün böhtanlarının mahiyyətini siz dəfələrlə çıxışlarınızda, müsahibələrinizdə bildirmisiniz. O zamankı respublika rəhbərliyi tərəfindən Heydər Əliyevin xidmətlərinin danıldığından, oğurlanmaq istənildiyindən də xəbərim var. Hamısını izləmişəm. Yəqin ki, məhz bu hadisələrə görə məni ən yaxşı sizin anlaya biləcəyinizə inanıram.

Hətta yadımdadır ki, siz prezident seçildikdən sonra Milli Ensiklopediya redaksiyasının heyəti ilə görüş keçirirdiniz. Bu görüşdə Milli Ensiklopediyanın poliqrafiya və nəşriyyatının baş direktoru İsmayıl Vəliyev tərəfindən 1999-cu ilə qədər işlənən Ensiklopediyada hətta sizin prezident olduğunuz bir dövrdə belə Heydər Əliyevlə bağlı bir cümlənin belə yazılmadığı sizin hiddətinizə səbəb olmuşdu.
O, müşavirədə sizin “mən hələ buradayam. İndi mən burada oturmasaydım, nə yazardın?” deməyiniz dəqiq yadımdadır. Haqlıydınız.

Mən isə təkəm. Səlahiyyətim yoxdur. Atamın oğurlanan haqqını müdafiə etmək üçün bir tək yazı yaza bilirəm. Elə bu səbəbdən də niyyətim bir yazı yazıb həqiqətlərə işıq tutmaq və sizə müraciət etmək idi.

Cənab prezident!

Məndə olmayan səlahiyyətin hamısı sizdə var. Mən öz atamın haqqını bu mənfur, acgöz tarix saxtalaşdıranlardan qoruya bilmədim. Amma sizin öz atanızın da, mənim atamın da haqqını qorumağa imkanınız və gərəkli səlahiyyətiniz var. Əgər bu filmdə danışanlar belə davam etməlidirsə, belə olsun. Əgər mənim atamın adının və xidmətlərinin qeyd olunmaması Azərbaycan dövlətinin maraqlarına xidmət edirsə belə olsun, etirazım yoxdur. Olmaz da. Mənim atam məni məhz dövlətçilik ənənəsinə sadiq olmaqla tərbiyələndirib və vətənpərvər kimi yetişdirib. Ona görə də mən sizin qərarınız doğrultusunda bunu haqlı sayacam. Amma əgər Azərbaycanın tarixi olduğu kimi yazılmalıdırsa, bu maraqları naminə ölkəsinin tarixini saxtalaşdıranların cavabını vermək iqtidarı sizdədir. Azərbaycanda sizdən daha böyük hökmə sahib heç kim yoxdur.

Qeyd edim ki, mən sizə həyatımda ikinci dəfə müraciət edirəm. Birinci dəfə də atamla bağlı sizə müraciət etmişdim. O zamanlar atam məhbəsdə ağır xəstə idi. Siz bütün ictimai-siyasi xadimlər tərəfindən unudulan atamı həbsdən azad etdiniz.

İndi isə bundan cəsarətlənib ikinci dəfə sizə müraciət edirəm. Sizdən xahiş edirəm, göstəriş verin və tələb edin ki, sizə bu filmin sifarişçiləri, əsl məqsədləri, danışanların mülkləri, rayon ərazisində satılan medallar, sizin ayırdığınız maddi vəsaitlərin taleyi haqqında bilgi verilsin. Bu danışan adamlardan bəzilərinin mülklərinin siyahısını istəyin. Bir də mənim vəfat etmiş atamın rayon ərazisində mülklərinin hesabını istəyin. Müqayisə hər şeyi ortaya çıxaracaq.

Mən əlimdə olan yeganə yazı imkanımla bacardığım qədər birinci sizə, sonra Azərbaycana və onun tarixinə edilmiş xəyanəti açığa çıxarmağa çalışdım. Gerisi sizin təqdirinizdir. Siz necə uyğun bilsəniz, onu da qəbul edəcəm.

Bu video “Batalyon” filminin Tərtərdə olan təqdimatıdır. Mən bu videonu sonuna qədər izlədim. Sizə isə onu şərhsiz təqdim edirəm:

Qeyd: “Batalyon” filminin Tərtərdə və Bakıda keçirilən təqdimatı zamanı alqışlayan adamların əlləri çox uzundur. Ümid edirəm ki, həqiqətən də Azərbaycan dövlətinə və təmsil olunduğu iqtidara sadiq olan şəxslər bu yazını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təqdim edəcək.
Hörmətlə,
Azərbaycan Respublikasının vətəndaşı
Şəhriyar Məcidzadə
Geri qayıt