“Əməkdar İncəsənət Xadimi” Çingiz Abbasovun doğum günüdür

“Əməkdar İncəsənət Xadimi” Çingiz Abbasovun doğum günüdür Azərbaycan Televiziyasının veteran əməkdaşlarından biri Çingiz Abbasovun 71 yaşı tamam olur. O,1950-ci il yanvarın 24-də Zərdab rayonunda ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayıb. 48 ildirki ana televiziya da çalışır. Hazırda ‹‹Musiqi və əyləncəli proqramlar>> redaksiyasında böyük redaktordur. Bu redaksiyada Azərbaycan xalq musiqisinin təbliği sahəsində yorulmadan çalışır. Xüsusilə muğam ifaçılarının tamaşaçılara tanıdılması və təqdim olunması sahəsində çox böyük xidmətləri var. Müxtəlif illərdə hazırlanmış “İfaçılıq sənəti”, İfaçılarımızın portreti”, “Arzular” musiqi proqramı, “İllərin nəğmə yaddaşı”, “Xalq musiqisi inciləri” rubrikasında muğam dəstgahlarına həsr olunmuş muğam verilişlərinin, “Xalq mahnıları”, “Təsniflər”, “Qədim rəqslər”, “Muğam dünyamız” konsert proqramlarının redaktorudur. İfaçılarla birgə repertuarın seçilib müəyyənləşməsi işində də O, əlindən gələni əsirgəmir. 2011, 2013, 2015, 2017-ci illərdə keçirilən “Muğam Televiziya Müsabiqəsi”-nin redaktorudur. 2019-cu il Muğam Televiziya Müsabiqəsinin Musiqi rəhbəridir. Hər həftənin 2-ci və 4-cü günləri ifaçıların çıxışı üçün hər gün məşqlər olurdu və yeni proqramlar hazırlanırdı. Proqramların təkrarlanmaması, düzgün tutulması üçün onun zəhməti danılmazdır. Canlı yayım günləri (saat 20:50) ifaçların oxuduqları muğamların şöbə və guşələrinin həmin anda ekranda dəqiqliklə verilməsində Çingiz Abbasovun müstəsna xidmətləri vardır. Hər dəfə Müsabiqənin əvvəlində ekranda göstərilən görkəmlı xanəndələrin video-yazısı da Çingiz Abbasova məxsusdur. Onların əksəriyyətinin (90 faiz) vaxtı ilə dəvət olunub çəkilməsində, özlərinin sağlığında dəfələrlə efirə verilməsində və bu günə qədər qorunub, saxlanılmasında Çingiz Abbasovun da xidmətləri vardır. O vaxtlar muğama qayğı, diqqət bu günki kimi deyildi. Çingiz Abbasovun Azərbaycan xalq musiqisinin təbliği sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilimişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ildə “Tərəqqi” medalına, 2011-ci ildə isə “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüb.
Xalqxeber.Az xəbər portalının kollektivi olaraq, Çingiz müəllimi təbrik edirik və uzun ömür, cansağlığı arzulayırıq.
Geri qayıt