Azərbaycanda Milli Teatr Günüdür

Azərbaycanda Milli Teatr Günüdür Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin «Lənkəran xanının vəziri» komediyasının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməlini qoydu

Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaradıb. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti «Milli Teatr Günü»nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli, 2755 nömrəli Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, 10 mart hər il respublikamızda Milli Teatr Günü kimi qeyd olunur.
Geri qayıt