Fuad Poladov daha 10 il yaşaya bilərdi, ancaq... - Şok

Fuad Poladov daha 10 il yaşaya bilərdi, ancaq... - Şok Bu gün artıq 19 gündür aramızda olmayan unudulmaz aktyor, xalq artisti Fuad Poladovun 70 yaşı tamam olur. O, 1948-ci il mayın 24-də Bakı şəhərində doğulub. Azərbaycan teatrının mühüm simalarından olan Fuad Poladov çəkildiyi filmlərdə də maraqlı obrazlar yaradıb. Poladov təkcə sənətçi kimi yox, həm də müəllim kimi böyük idi. Xalq artistinin tələbələri də bu faktı təsdiqləyirlər.
Fuad Poladovun doğum günündə sonuncu tələbələri öz sevimli müəllimləri ilə bağlı xatirələrini Kult.az-la bölüşüblər:
Aktyor, aparıcı Azər Axşam: “Fuad Poladov çox böyük aktyor, çox böyük müəllim, dəyərli sənətkar idi. Tələbələrinə, xüsusilə aktyorluğa həvəsi olan tələbələrinə bu işi sevə-sevə öyrədirdi. Fuad müəllimlə bizim xatirələrimiz tələbəlik illərinə təsadüf edir. Elə tələbə vaxtı bizim üçün bir möcüzə idi ki, Fuad Poladovdan dərs alacağıq. Fuad müəllim çox ciddi, ancaq həm də çox mülayim, mehriban biri idi. Onun qəribə oyun tərzi var idi. Mən aktyorluq fəaliyyətimdə həmişə ondan öyrəndiyim tərzdən istifadə etmişəm.
Gənc idik, çox şuluqluq edirdik. Xüsusilə, qrupumuzun ən yaramaz tələbəsi olan Rafael İsgəndərov çox şuluqluq etdiyinə görə danlanırdı. Hansısa tamaşanı məşq edirdik, Rafael başlayırdı yersiz zarafatlar etməyə, tamaşanın ciddi yerində məzəli sözlər deyib, hamını qırırdı gülməkdən. Biz də qoşulurduq ona, tamaşa yarımçıq qalırdı. Ona görə Fuad müəllim hirslənib qışqırırdı ki, “Rafael, bəsdir”. Ancaq bu heç də kobud, alçaldıcı qışqırıq deyildi”.
Əməkdar artist Rafael İsgəndərov: “Fuad Poladov həm də çox yaxşı pedaqoq idi. Hərdən zarafat edəndə xüsusilə mənə hirslənib qışqırırdı. Ancaq görürdüm, üzünü kənara çevirib gülümsəyir. Sadəcə, dərsi pozduğuma görə hirslənirdi.
Tələbəlik illərindən sonra da Fuad bəylə əlaqəmiz həmişə olub. Bir dəfə Rus Dram Teatrının qabağından keçəndə Fuad Poladovu gördüm. Mənə dedi, adam tanınmış olanda, bəyəm, müəllimini yaddan çıxarar?! İkimiz də qucaqlaşıb gülümsədik. Üzrxahlıq elədim. Dedi ki, konsertinizə çağırsanız, gələrəm. Mən də dəvətnamə verdim. Haradasa iki il əvvəl “Bu şəhərdə”nin konsertində iştirak etmişdi.
Düzü, Fuad müəllimlə vaxt etibarilə çox tez-tez görüşə bilmirdik. Sadəcə tamaşadan-tamaşaya bir-birimizi görürdük. Səhhəti pisləşməsi ilə bağlı xəbərlər yayılanda da çox üstünə getmək istəmədik. Düşündük ki, birdən üzülər, amma yenə də hal-əhval tuturduq”.
Astroloq Səbuhi Rəhimli: “1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin birinci kursunda xalq artisti Şəfiqə Məmmədova dərs dedi. İkinci kursa keçəndə Şəfiqə müəllimə Musiqili Komediya kafedrasına keçdiyi üçün dərslərini rəhmətlik xalq artisti, sevilən aktyor Şahmar Ələkbərova həvalə elədi ki, bu qrup güclüdür, gərək güclü müəllimlər dərs desin.
Şahmar müəllim səhhətində problemlər yarandığı üçün dərslərə gələ bilmədi. 1992-ci ildən 1995-ci ilə qədər Ş.Məmmədovanın təşəbbüsü ilə bizim qrup xalq artistimiz, gözəl sənətkar Fuad Poladova həvalə edildi.
O, 3 ilə yaxın bizə dərs deyib, ancaq bir dəfə də olsun ara söhbəti elədiyinin şahidi olmamışam. Fuad müəllim bəlkə də yeganə adam idi ki, sırf dərslə məşğul olurdu. Məsələn, dərs ərzində soruşurduq ki, Fuad müəllim, eşitmişik filan aktyor belə olub, filan aktyor belə edib. Deyirdi, tez məşq başlayın, deyin, görək harada qalmışdıq. Heç vaxt belə söhbətlər eləməz, kimləsə bağlı bir kəlmə də söz danışmazdı. Ümumiyyətlə, Fuad Poladov xatirə danışmazdı heç vaxt.
Məni adətən dərsə gecikdiyimə görə danlayırdı. Mən də o vaxt qəzetdə işləyirdim, müxbirlik edirdim deyə reportajlar, məhkəmələr filan olanda gecikirdim. Bir dəfə “Diplom” tamaşasını məşq edəndə mən də, Rafael İsgəndərov da gecikmişdik. İçəri girəndə Fuad Poladov məni yox, Rafael İsgəndərovu danladı, Rafael adətən çox danlanırdı. Rafael də qayıtdı ki, niyə Səbuhini yox, məni danlayırsınız? Fuad müəllim də qayıtdı ki, çünki Səbuhi müxbirdir, amma sən aktyor olmağa iddialısan.
Tələbəlik illəri bitəndən sonra dəfələrlə zəngləşib, danışıb görüşürdük. Şəhərə gəzintiyə çıxırdıq. Son günlərinə qədər, özü danışa bilənə qədər tez-tez danışmışıq. Artıq Novruz bayramında gördüm ki, telefonlara özü cavab verə bilmir, ona görə daha narahat etmədim.
2014-cü ildə atam rəhmətə gedəndə mərasim təşkil etmişdik. Haradan eşitmişdisə, durub o da gəlmişdi. Mənim üçün elə kədərli bir gündə Fuad Poladovu orada görmək çox sevinc gətirdi. O mərasim zalına girəndə özümdən asılı olmayaraq, əllərimin ikisini də açıb onu qucaqladım”.
Əməkdar artist Coşqun Rəhimov: “Fuad Poladovla bağlı xatirələrin hamısı gözəldir. Həmişə yaxşı tələbələri ilə qürur duyurdu. Biz də hər zaman çalışmışıq ki, müəllimimizi sevindirək.
Fuad Poladov sənətə qarşı çox ciddi yanaşırdı. Aktyor kimi də, müəllim kimi də çox məsuliyyətli idi. Ondan beş (məqbul) almaq çox çətin idi. Biz fəxr edirik ki, uğurlarımızda Fuad müəllimin izi var”.
Meyxanaçı Vüqar Abdulov: “Hamımıza Fuad Poladovdan bəlkə də ciddi kişi xarakteri keçib. Çox təmkinli, səbirli, alicənab biri idi. Müəllim anlayışı, danlağı, nə formada olmalıdırsa, Fuad Poladov onların ən alisi idi.
O, hər şeyi xırdalığına qədər bizə başa salmağa çalışırdı. Qrupumuzda aktyor olmaq arzusunda olduqlarına görə Rafael İsgəndərov və Coşqun Rəhimovla daha çox məşğul olurdu, bilirdi ki, onların arzusu aktyorluqdur. Mənimsə meyxana ilə məşğul olduğumu bilirdi. Buna görə mənə tamam başqa münasibət göstərirdi. Mənə tələbə, aktyor kimi yox, meyxanaçı kimi yanaşırdı. Həmişə söhbət zamanı deyirdi, “bir tərəfdən sevinirəm ki, sən bu işlə məşğul olursan. Amma digər tərəfdən də fikirləşirəm ki, heç olmasa, bir neçə dəfə gərək tamaşalarda oynayardın”. Mənə həmişə bir dəfə filmə çəkilməyimi məsləhət görürdü.
Dram Teatrındakı bir çox tamaşalarında olurdum, izləyirdim. Hiss edirdim ki, son vaxtlar teatrda sanki bir az ögeylik yaranıb. Başa düşürdüm ki, oradakı vəziyyət çox acınacaqlıdır. O ərəfələrdə həmişə Fuad müəllimi dilxor görürdüm. Küskün olduğu aydın sezilirdi.
Fuad Poladovun teatrdan uzaqlaşması ona böyük zərbə oldu. Biz onu 70 yaşında itirməzdik. Fuad bəy daha 5-10 il də yaşaya bilərdi. Belə dəyərli insanlar özlərinə qarşı laqeydlik görəndə tez xəstələnirlər. Ancaq teatr ona doğmalıq əvəzinə laqeydlik göstərdi”.
Qeyd edək ki, xalq artisti, hər kəsin sevimlisi, məşhur aktyor Fuad Poladov mayın 5-də uzun sürən qırtlaq xərçəngindən vəfat edib.
Geri qayıt