Fikrət Qoca doğum günündə kövrəldi: - “Dağ boyda oğul itirmişəm”

Fikrət Qoca doğum günündə kövrəldi: - “Dağ boyda oğul itirmişəm” “Dəstəyə əl atıb çağırdım:
– Alo! Təcili yardım, kömək eləyin.
– Alo! Buyurun, deyin, xəstənin neçə yaşı var?
– Milyard, daha çox olar…”

Bu gözəl misraların müəllifi, xalq şairi Fikrət Qocanın doğum günüdür. Şair 82 yaşını tamamlayır.

Açıqlama verən Fikrət Qoca doğum gününü qeyd etməyəcəyini deyib. Səbəbini isə belə izah edib:

“Özüm etiraf etməsəm də yaş öz sözünü deyir. 82 böyük rəqəmdir, mən öz gözümdə nə qədər kiçiltsəm də… belədir. Ha qaçım, gizlənim, xeyri yoxdur, rəqəmlər məni qarabaqara izləyir. Səhərdən dostlarım, sevənlər zəng edib, təbrik edir, xoş sözlər deyirlər. Bu dəfə doğum günümü qeyd etməyəcəm. Səbəbini bilirsiz. Ürəyim açılmır. Oğul itirmişəm, amma bu, mənim dərdimdir. Bunu şişirtmək və insanları öz dərdimlə yormaq istəmirəm”.

Xalq şairi ən böyük arzusunu da dilə gətirib:

“İnsan heç vaxt həyatdan doymur. Mən də yaşamaqdan doymamışam. Taleyimə yazılan acılı-şirinli günlərin hər birini sevmişəm, heç vaxt ömrümdəki günlərə fərq qoymamışam. Allahdan arzu edirəm ki, bundan sonra qalan ömrümü abırlı yaşayım”.

Yenicag.az
Geri qayıt