Baş rejissor direktordan nazirə şikayət etdi — TAM MƏTN

Baş rejissor direktordan nazirə şikayət etdi — TAM MƏTN İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş baş rejissoru Oruc Qurbanov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məktub yazıb.

Rejissor teatrın direktoru İftixar Piriyevdən narazılığını nazirin diqqətinə çatdırıb.

"2010 cu ildə Siz bizi, baş rejissor vəzifəsinə təyin edəndə tövsiyyələr verib bildirdiz ki, teatrın fəaliyyətini direktordan və baş rejissorlardan tələb edəcəksiz. Direktorlar inzibati, maliyyə sahəsinə cavabdehdirlər, siz baş rejissorlar isə yaradıcılığa. Əl-ələ verib teatrları inkişaf etdirin! Hörmətli Əbülfəs müəllim!

İlk gündən bu təyinatım teatrın direktoru İftixar Piriyevin ürəyincə olmadığından mütəmadi maneəçilikləri ilə qarşılaşmışam. Sizin teatrlara hava və su kimi vacib olan “teatrlara müstəqillik verilir” xeyirxah niyyətli fikrinizi o, “müstəqillik ancaq bədii şüranın iki səsə malik direktoruna verilir” fəaliyyəti ilə əvəz edib. Belə ki, baş rejissor kimi mənim repertuar məsələsi, yaradıcı insanlarla iş birliyi, tamaşalara rejissor, rəssam, bəstəkar təyini, truppa, musiqi hissəsi, ədəbi hissə müdiri, aktyor və aktrisaların işə qəbulu fəaliyyətimi kollegiallıqdan uzaq, yaradıcı etik normalara sığmayan formada nümayişkəranə tərzdə inkar edilərək mənimsəmişdir. Teatrda “direktor diktaturası” yaratmış, baş rejissordan xəbərsiz istedadlı, tələbkar insanlar barədə qurama “dokladnoylar” yazdıtdırıb “xoşluqla ərizə yazmasanız, statya ilə çıxarıb əmək kitabçanızı korlayacağam” hədə-qorxsu gələrək işdən uzaqlaşdırmaqla, onların yerinə səhnə fəaliyyətləri peşəkarlıq baxımından müasir aktyor və rejissor sənətinin tələblərinə cavab verməyənləri, direktorun diqtəsi altında qeyri-peşəkar şeirlərini əzbərləyib televiziya kanallarında onu təbliğ edənlərlə, hər iclasda, televerlişlərdə onun fəaliyyətini “müqəddəsləşdirib” təriflər söyləyənləri yaradıcı ştatlara qəbul etməklə məşğul olub. Bununla da kollektivə baş rejissor vəzifəsinin əhəmiyyətsizliyini, mütləq söz sahibi direktorun, yəni özünün olduğunu nümayiş etməklə kollektivə ikitirəlik salmaqla məşğul olub. Bu barədə 2011 ci ildə xidməti məlumatımda yazılı bildirmişəm".

O.Qurbanov məktubundan qeyd edir ki, Piriyev hər vəchlə ona mane olmağa çalışıb:

"Mənimlə son illər müqavilə bağlandığına görə Sizə dərin təşəkkürümü bildirirəm. Təəssüf ki, bu son il də İ.Piriyev tərəfindən mənim ətrafımda yaradılan maneələr ucbatından on ay ərzində bir tamaşa belə hazırlayıb təhvil verməmişəm. Bu teatrda Piriyevlə işlədiyim yeddi ilin hamısı havaya atılan yaradıcı ömrüm, acı sənət illərim olub.

Cənab Nazir, mənimlə bağlanan sonuncu müqavilədən sonra baş verənləri nəzərinizə çatdırmağı özümə xidməti borc bilirəm.
2016 cı ilin avqust ayında Piriyev məni məzuniyyətdən təcili çağıtdırıb bildirdi ki, Əbülfəs müəllimin qəbulunda olmuşam, multikulturalizmdən söhbət etdik, mən bildirdim ki, bir neçə millətlərin yaşadığı Gürcüstanın dağ kəndindən bəhs edən “Arı yuvası” pyesim var. Cənab Nazir tapşırdı ki, təcili o tamaşanı meydan teatrı formasında hazırlayın, məni də primyeraya dəvət edin. Sizin adınızdan məndən təkidlə tələb etdi ki, təcili rolları bölüb, işə başlamalıyıq. Bütün avqust ayı məzuniyyətsiz qalıb əsər, tərtibat, geyim, musiqi üzərində iş apardım. Özü zəng edib Şuşa teatrından əməkdar artist Nazir Rüstəmovu, Gənc tamaşaçılar teatrından xalq artisti Yasin Qarayevi, əməkdar artist mərhum Telman Əliyevi bu tamaşaya dəvət etdi. Sonuncular onun xasiyyətinə, daha doğrusu yalanlarına məndən yaxşı bələd olduqlarından bəhanə gətirib imtina etdilər. Sizin adınızdan məni tələsdirdi ki, məzuniyyətdən qayıdan kimi sentiyabırın əvvəlində məşqlərə başlamalıyaq. Sentyabrda məzunuyyətdən qayıdan da teatrda Nazir Rüstəmovu nikbin əhval- ruhiyyədə gördüm. O bildirdi ki, nəhayət ki, uzun illərdən sonra sizin quruluşunuzda yenə tamaşaya başlayacağıq. Mən onun iştirakı ilə Ağdam Dövlət Dram teatrında bir neçə tamaşa hazırlamışdım. Dəvət olunmuş aktyorun gəldiyini direktora xəbər verdikdə o bildirdi ki, nazirlikdən tapşırıq gəlib, hələlik mənim əsərimin məşqlərini dayandırılır. Nazir Rüstəmov qanı qara teatrı tərk etdi. Mən teatrın direktoruna etirazımı bildirdim ki, - bəs nazirlikdə bildirmədiz ki, bu tamaşanın hazırlanmasını cənab Nazir şəxsən sənə tapşırıb? Direktor heç nə olmamış kimi bildirdi ki, mən belə söz deməmişəm!

Buna nə ad vermək olar?

Ümumiyyətlə vəzifəli şəxslərin adından istifadə etmək onun həmişəki adətidir. “Qurtuluş dastanı” tamaşasından əvvəl də mənə bildirdi ki, icra başçısı hörmətli Xaləddin İsgəndərov tapşırdı ki, Heydər Əliyevin anadan olmasının doxsan illiyi münasibəti ilə teatrımız təcili tamaşa hazırlamalıdır. Dedim nazirliyə müraciət edək, qoy xalq yazıçılarından birinə bu məsuliyyətli işi həvalə etsinlər. O bir söz demədi. Səhər bildirdi ki, icra hakimiyyəti tapşırdı ki, əsəri Piriyev yazmalıdır, baş rolu da o oynamalıdır. Növbəti yalanından sığortalanmaq üçün dedim onda afişada yazılsın ki, məhz onların tövsiyyəsi ilə bu tamaşa hazırlanır. Razı oldu, sonra tamaşaya yarım saat qalmış afişadan bu sözlər götürüldü, başçı tədbirdə olduğundan özü gəlmədi. Öz əsəri “Soyqırım abidəsinin dastanı” da belə oldu. Hərçənd ki, bu əsərin əsl müəllifi türk yazarı Zehni Papaqçı olub. Sonradan Piriyev şeirlərini əlavə edərək əsəri öz adına çıxartmış, tamaşanın isə rejissor və xoreoqrafı Hacıbaba Məmmədov olmasına baxmayaraq bütün müəllif hüqüqlarını öz adına rəsmiləşdirmiş, mətbuatda və afişalarda özünü rejissor, müəllif və xoreoqraf kimi təqdim etmişdir. Bu məqsədinə afişada tamaşanın keçmiş kənd təsərrüfatı naziri, sonradan Beyləqan İcra Hakimiyyətinin başçısı olan “İrşad Əliyevin tövsiyyəsi ilə hazırlanıb” yazdırmaqla nail oldu.

O nəyə görə hörmətli vəzifə sahiblərinin adından istifadə edir?

Nazirlikdən tapşırılmışdı ki, direktorlara öz əsərlərini rəhbərlik etdikləri teatrda tamaşaya hazırlamaq qadağandır. Direktor da əsərinin hazırlanmasına mane olan olmasın, tamaşa dövlət sifarişi ilə hazırlansın, biletlər baha qiymətə satılsın deyə həmin vəzifəli şəxslərin adından istifadə etmişdir.

Bu yolla teatr proqramını, konsepsiyasını həyata keçirmək olarmı?!

Budurmu teatrlara verilən müstəqillik?

Oktyabr ayında isə bildirdi ki, hörmətli ziyalımız Hidayət Orucovun məsləhəti ilə təcili Qırğızstanın xalq yazıçısı Mar Baydjiyevin “Şənbə axşamı” əsərinin məşqlərinə başlamalıyıq, teatrımız bu tamaşa ilə Bişkek şəhərinə qastrol səfərinə yola düşəcək. Əsəri oxudum, müəllifin daha maraqlı dram əsərlərinin olduğunu bildirdim. Direktor bildirdi ki, Hidayət müəllimlə zəngləşib məsləhətləşərəm. İ. Piriyevin dediyinə görə, zəng edib, o da məmnunluqla mənə istediyim pyesi seçməyi məsləhət bilim. Qısa zamanda Mar Baydjiyevin bütün pyeslərini oxudum, “Uzaqlara gedən qatar”ı secdim. Direktor deyəni Hidayət müəllim yenə məmnunluğunu bildirib və əsərin tərcüməni öz üzərinə götürüb. Tərcümə gəldi, direktor həmişəki kimi hörmətli Hidayət müəllimin adından istifadə edib Mədəniyyət və Turizm Nazirliyindən təcili dövlət sifarişini almaq üçün məndən rol bölgüsünün aparılmasını, yaradıcı qrupun təyin edilib, əmrin verilməsini istədi. Dedim, hara tələsirik, Hidayət müəllim gəlsin, dəqiqləşdirək. O bildirdi ki, təcili rolları bölüb, məşqlərə başlamalıyıq ki, “dövlət sifarişı” üçün rəsmi məktubla nazirliyə müraciət edim. Əmr verildi, məşqlərə başladım. Əsər hamının xoşuna gəldi, aktyorlar həvəslə məşqlərə gəlirdilər. Hətta bəziləri narahatlıqlarını bildirdilər ki, aktyorların həvəslə məşqlərə gəlməsini direktor qısqanclıqla qarşılayır, bir hoqqa çıxartmasa yaxşıdır. İki aydan sonra, məşqlərin qızğın çağı qəflətən direktor məşq otağına gəlib, aktyorların vurğunluqla məşq etdiklərini görüb qısqanclıqla araya anlaşılmaz kənar söhbətlər salıb, məşqi pozdu. Məni kabinetinə aparıb bildirdi ki, bu gündən məşqlər dayandırılmalıdır. Nazirlikdən gələn məktubu mənə göstərib dedi - dövlət sifarişi olmayacaq, Hidayətin tərcüməsində iki ay həvəs və Bişkek qastrolu ümidi ilə məşqlərini apardığımız Mar Bayjiyevin əsəri daxili imkanlar hesabına hazırlanmalıdır. Teatrda isə daxili imkanlar yoxdur".

Oruc Qurbanov nazirə yazdığı məktubda həmçinin qeyd edib ki, İftixar Piriyev maliyyə maxinasiyaları da edib:

"Hörmətli Əbülfəs müəllim!

Necə olur ki, İ. Piriyev öz əsərlərinə, baş rolları ifa etdiyi tamaşalara, quruluş hissə müdirinin yazdığı və rejissorluq etdiyi tamaşaya daxili imkan tapılır, özü də samballı məbləğdə, baş rejissorun tamaşasına yox? Necə olur ki, baş rejissordan xəbərsiz dövlət sifarişli tamaşalar üçün ayrılan vəsaitlər bu teatrda “səxavətlə” son qəpiyinə kimi sərf olunur, qalan tamaşalara vəsait olmur? Halbuki bir dövlət sifarişinin məbləğinə üç tamaşanı ərsəyə gətirmək olar. Tutulan smetalara və əyani səhnədə görülən tərtibatlara baxılsa, daxili imkanların aqibəti bəlli olar.

Direktorun müəmmalı danışığına görə nazirlikdən gələn məktubu təcili göndərib Bişkekə Hidayət müəllimə və dediynə görə hörmətli ziyalımız bunu özünə qarşı hörmətsizlik kimi qarşılayıb. Mən narahat oldum ki, direktor nazirliklə Hidayət müəllim arasında münasibətləri bilərəkdən gərginləşdirir. Direktorun özündən razı halda dediyinə görə Hidayət müəllim əsəbi halda məşqləri saxlatdırmağı tələb edib. Mən buna inanmadım, çünki Hidayət müəllim uzun illər bu teatrın direktoru vəzifəsində çalışıb, o bilir ki, teatrda məşqləri səbəbsiz saxlatdirmaq olmaz, teatrın öz daxili qayda-qanunu var. Bir də hər hansı bir direktorun peşəkarlıq qabiliyyəti, vəzifə borcu tabe olduğu nazirliyin tapşırığını layiqincə yerinə yetirməkdən ibarətdir, nəinki hörmətli vəzifəli şəxslərin münasibətlərinə öz şəxsi maraqları naminə xələl gətirmək.

O vaxt yeddi, sonra da iki qastrol tamaşaları oldu. Direktorun dediyinə görə biletlər 10-20 manatdan satılıb. Fikirləşdim ki, yəqin nazirliuk “daxili imkanlar” deyəndə qastrol tamaşalarından gələn gəlirləri nəzərdə tutur. İ. Piriyev həmişə fəxr və iftikarla toplantılarda deyərdi ki, mən Hidayət müəllimin yolu ilə gedirəm, ondan bu teatrı necə qəbul etmişəmsə, elə də ona təhvil verəcəyəm. Fikirləşdim ki, yəqin bir-iki tamaşanın gəliri hesabına bu tamaşanı maliyyələşdirib, hörmətli ziyalımız Hidayətin qarşısında mənəvi borcunu verər. Lakin belə olmadı. Təsadüfən xəbər tutdum ki, baş rejissordan xəbərsiz direktor xəlvəti kabinetində özünün yazdığı “Osman və Süsən” əsərinin məşqlərinə başlayıb, xalq artisti Rafael Dadaşovu da baş rola dəvət edib.

Yadıma İ. Piriyevin mənə, yaradıcı insanlara, ümumilikdə teatrımıza, mərhum İlyas Əfəndiyevin ruhuna vurduğu daha bir bağışlanmaz əməli düşdü. İlyas Əfəndiyevin 100 illiyi münasibəti ilə möhtərəm Prezidentin verdiyi sərəncama əsasən yubiley tədbirlərində müəllifin dram əsərləri əsasında tamaşaların hazırlanması da tapşırılmışdı. Xalq yazıçısı Elçinlə birlikdə İlyas Əfəndiyevin səhnə üzü görməyən, dörd dövlətin zamanında Qarabağ faciəsini əks etdirən möhtəşəm “Geriyə baxma, Qoca” romanının səhnə variantını yazdıq və bu monumental tamaşa kifayət qədər maliyyə vəsaiti ayrılmaqla dövlət sifarişli yubiley tamaşası oldu. Dörd dövlətin, ayrı ayrı ictimai quruluşların vaxtında Qarabağı təkbaşına, dövlət əhəmiyyətli yüksək məsul vəzifələrdə çalışan Bayram bəy obrazını xalq artisti Nurəddin Mehdixanlıya tapşırdım və təcili Milli Dram teatrda aktyorun qrim otağında fərdi məşqlərə başladım və rol bölgüsünü edib, təsdiq üçün direktora təqdim etdim. O, təqdimatın əmrini verməkdən qəti imtina etdi. Əsas da bunu gətirdi ki, N. Mehdixanlı ilə arası yoxdur, o məşqlərə gələndə gərək mən həmən günü teatrı tərk edəm. Əməkdar rəssam İsmayıl Məmmədov gözəl, bədii tərtibatı, əməkdar incəsənət xadimi bəstəkar Sərdar Fərəcovla işimiz yubiley tamaşası, dövlət sifarişi olmasına baxmayaraq teatr etikasından uzaq olan bu direktorun cılız insani keyfiyyətlərinin qurbanı oldu. Qəribə burasıdır ki, cəzasız qaldı. Anlaya bilmədim ki, bu direktor kimə arxayın olub yubiley tədbirini belə sabotaj edir? Hansı dövlətdə ölkə başçısının sərəncamı əsasında Mədəniyyət Nazirliyinin tərtib etdiyi dövlət tədbiri proqramına belə münasibət ola bilər?

Buna nə ad vermək olar?

Budurmu teatrlara verilən müstəqillik?

Cənab Nazir, mən qırx beş ikdir ki teatrlarda çalışıram, hələ belə təcrübənin şahidi olmamışam ki, nazirlik tərəfindən təsdiq olunmuş repertuar hazırlanmamış, teatr direktorunun təsdiq olunmamış yazısı repertuardan əvvəl tamaşaya qoyulsun. Hansı vəsaitlə? Güman ki, qastrol tamaşalarından gələn vəsaitlər hesabına. Bəlkə bu səbəbdən Hidayətin adından istifadə edib, tərcüməsini bağlatdırıb?! Direktorun əsərinə gəlincə olduqca qüsurlu və provakasion bir əsərdir. Şuşa camaatı erməni vəhşiliyindən xilas etmək üçün şəhəri tərk etmək məcburiyyətində qalır. Osman qaçmır, arvadı erməni Süsənlə Şuşada qalır və şuşalıları qınayır ki, kişi evini qoyub qaçmaz. Bu da İftixar Piriyevin dərrakəsində primitiv kişilik kateqoriyası. Daxili baxışda baş rejissor kimi qəti narazılığımı bildirdim ki, Şuşa camaatı, evindən eşiyindən didərgin, qaçqın düşənlər bu fikri yaxşı qarşılamazlar, teatra qarşı münasibət gözlənilməz, xoşagəlməz hal alar. Hətta teatrda işləyən qaçqın və köçkün olanlar da mənə narazılıqlarını bildirdilər. Direktor isə tənqidlərə əhəmiyyət verməyib, xəstə bildiyini etdi. Tamaşa bir dəfə göstərilib, aradan götürüldü. Mən özüm 1994 cü ildə ilk dəfə Xocalı faciəsinə həsr olunmuş “Haray” bədii filmini çəkmişəm. Naftalanda kütləyi qaçış səhnəsində üç minə yaxın könüllü Xocalı camaatı iştirak etmişdi. O camaata necə demək olar ki : kişi evini qoyub, qaçmaz?..

Belə düşüncəsi, məfkurəsi olan üzdəniraq xəmiri “bazar iqtisadiyyatı” ilə yoğrulan direktora Dövlət və Xalq qayeli promlemi necə etibar etmək olar? Budurmu teatrlara verilən müstəqillik?

Hidayət müəllimin “məşqlər dayandırılsın?” tapşırığını əlində əsas tutaraq mənə qəti surətdə teatrda məşq etməyə imkan verilmədi. Aktyorlar hər gün məndən “Uzaq yollar qatarı” nın məşqlərini tələb edirdilər, - Oruc müəllim, baş rejissor sizsiz, niyə Hidayət müəllim məşqimizi saxlatdırmalıdır? Aktyorların istəyi ilə direktorun qanunsuz daxili sərəncamı ilə truppa müdiri vəzifəsini icra edən quruluş hissə müdirindən məşqin salınmasını qətiliklə tələb etdik də, o əlacsız bildirir ki, “rəhbər” icazə versin, mən də salım, bir də direktorun tapşırığı ilə hər gün üç tamaşanın məşqləri salınıb, sizə məşq salmağa vaxt qalmır.

Bərəkəllah belə teatr müstəqilliyənə!

Qastrol tamaşaları bitən kimi, novruz bayramı tətilindən sonra, məşqə başlamaq üçün “şanlı rəhbəri” on gün gözləməli oldum. Aktyorların tələbi və xahişi ilə mən truppa müdirindən səhər saat onda məşqlərin salınmasını istədikdə, o təcili direktorla zəngləşib bildirdi ki, sabahdan saat onda Hidayətin bir neçə il əvvəl təhvil verilən “İrəvanda xal qalmadı” tamaşasının yeni redaksiyada və yeni quruluşda məşqləri başlayacaq.

Düzü, mən buna da inanmadım. Axı eyni əsəri nə qədər hazırlamaq olar? Piriyev hansı teatra gedir, ilk olaraq “İrəvanda xal qalmadı”nı hazırlatdırır. Niyə? Nəyə görə? Hansı teatr proqramasına görə? İrəvanda xal qurtarmadı?.. Əmin idim ki, Hidayət müəllim özü buna razı olmayacaq. Çünki pyes bu günümüzlə səslənmir. Ermənistan respublikası erməni yazarını deyil, məhz azərbaycanlı yazarı SSRİ-nin baş mükafatına layiq görür. Bu gün mətbuat ermənilərin azərbaycanlılara qarşı aparılan soyqrımından yazır, bu əsərdə ermənilər beynəlmilərçi kimi təqdim olunur. Bu pyesdə günümüzlə səsləşən ideya nədir?.. İdeya yoxdursa, fabulada yoxdur, fabula yoxdursa demək sujet yoxdur, sujet yoxdursa dramaturgiya yoxdur!!! Axı bu sualı baş rejissor kimi mənə verirdilər. Direktorun dediyinə görə Hidayət Orucov məxsusi onun üçün tamaşaya Tarixçi rolunu yazıb və guya tapşırıb ki, təcili hazırlansın. Amma, bu əsərdən bezmiş, boş-boşuna yenidən iki ay məşq edən zavallı aktyorların dediyinə görə direktor özü özü üçün bu rolu yazıb. 8 mayda tamaşaya baxanlar bu rolun məna yükünü, mətnin məqsədini, direktorun qeyri peşəkar ifasının hansı məqsədlərə xidmət etdiyini anlamadıqlarını bildirdilər. Mən inanmıram ki, təcrübəli dövlət, incəsənət xadimi Hidayət müəllim belə mətn yazsın. Tamaşanın sonunda tarixçi Piriyev antiestetik bir bağırtı ilə fəryad çəkir ki, - bundan belə gərək biz də ermənilər kimi hər doğulan körpələrimizin qulağana bağıraq – sən türksən!.. Bir neçə ay əvvəl özünün ideya rəhbərliyi altında multikultural dəyərlərə söykənən konyuktur tamaşa hazırlanmışdı. Onda bunun izzahı necə olsun?

Adətən dövlət sifarişli tamaşaları teatrların baş rejissorları hazırlayır.

Bu teatrda isə mənim sonuncu dövlət sifarişli tamaşam 2013- cü ildə tərcümə edib hazırladığım və milli səhnəmizdə ilk dəfə tamaşaya qoyulan absurd teatrının banilərindən biri Ejen İoneskonun “Stullar” pyesi oldu. Səbəb budur, - dövlət sifarişinə ayrılan vəsaitə direktorun təkbaşına bildiyi kimi istifadə etmək imkanına sahib olmasıdır. Bu tamaşanın təhvil verilməsinə bir necə həftə qalmış direktorun naməlum səbəblərdən işə çıxmaması səbəbindən tərtibat üzərində iş getmirdi. Mən əməkdar artist, tamaşanın baş rolunun ifaçısı Vaqif Kərimovla məskunlaşdığımız binanın illərlə toxunulmayan toz-torpaqlı dekor zibilliyindən sınıq-salxaq əşyalırı yığıb, təmizləyib, tərtibatımı ərsəyə gətirdim. Mahnı teatrında primyera nə reklam olunmuşdu, nə də təşkil. Cəmi 27 tamaşaçı vardı. Niyə? Tamaşaçı gəlmədi deyib, primyeranın səhəri repertuardan çıxartmaq və dövlət sifarişi üçün ayrılan vəsaitin izin itirmək üçün.

Tamaşanın bədii cəhətlərini ətrflı, layiqincə məqaləsində şərh edən jurnalist Lalə Bağırova ürekağrısı ilə tamaşanın təşkil olunmamasını da qeyd etmişdi. Tamaşanın başlanmasına dəqiqələr qalmış direktor gəlib çıxdı. Səhnə fəaliyyətimin 45 ilində hələ belə acınacaqlı primyeram olmamışdı və inanmıram ki, bu teatrın İrəvanda da belə primyerası olsun.

Tamaşadan sonra Nahidə xanım İsmayılzadə səhnəyə düzülmüş zamana, mövzuya, yad olan kafe stullarına baxıb narazılığını bildirdi ki, bu tamaşa bizim dövlət sifarişimizdir, yəni heç olmazsa bir neçə işlənmiş “venski mebellər” də almaq olmazdı? Mən bildirdim ki, bu tərtibatı zibillikdən yığıb tamaşaya uyğunlaşdırmışam.

Hara xərclənib dövlət sifarişi?

“Stullar”ın növbəti tamaşası Rus Dram teatrında oynanınılarkən səhnədə əsərin cəryan etdiyi dövrə uyğun köhnə, lakin əntik üslubda hazırlanmış divan, stullar, kreslo gördüm. Quruluş hissə müdirindən soruşdum ki, hardandır bu mebellər, növbəti tamaşada da olcaq? O dedi, narahat olmayın, bu mebellər teatrındır. Dedim mən üç ildir teatrın baş rejissoruyam, bu mebelləri niyə görməmişəm. O əlacsız qalıb bildirdi ki, direktor bağına aparmışdı. Yadıma Rus Dram teatrının sabiq direktoru... düşdü. Deyilənə görə o da teatrın qonaq otağının mebellərini bağına apardığına görə vəzifəsi ilə vidalaşmalı olmuşdu.

Bir də direktor mənə bildirmişdi ki, rejissor kimi dövlət sifarişindən zəhmətinizə görə qanunla sizə qonarar düşmür, amma rəssam kimi həll edərəm. Əmirdə tamaşanın rəssamı kimi Vahid Mürsəliyevin adını rəsmiləşdi. Soruşduqda dedi ki, onsuz da o ştatdadı, icraçı rəssam kimi teatra nadir hallarda lazım olur. Bunun əvəzində rəssam pulunu sizə ödəyərəm. Bildirirəm ki, əksər tamaşalarımın tərtibatı özümə məxsusdur. Tamaşadan sonra soruşduqda direktor məni baş mühasibin üstünə göndərdi, o da direktorun. Nəhayət direktor bildirdi ki, mənə pul lazım idi, özümə götürdüm.

Bu tamaşadan sonra həmən adamın rəssam kimi bir neçə tamaşanın afişasında adı yazılsa da, özü alicənab, yerin bilən olduğundan həmən tamaşaların nə baxışlarında göründü, nə də premyeralarında. Yəqin bu metodu direktor sınaqdan uğurla çıxarıb.

Hörmətli cənab Nazir!

Məqsədim direktor tərəfindən mənimsənilmiş maliyyə problemlərim deyil, bu adamın nəfsi xəstə kimliyinin tam diaqnostikasını təsəvvürünüzdə yaratmaqdır! Ulu Önər Heydər Əliyevin anadan olmasının doxsan illiyi münasibəti ilə hazırladığın “Qurtuluş dastanı”inda da növbəti yalanla üzləşdim. Direktor mənə bildirdi ki, sən ərizə yaz müəllif hüquqlqrından imtina elə, qonararını onlar çətin versinlər, mən də qanuni hər tamaşa üçün sənə stabil 50 manat ödəyim. Beş baş ailəni tək saxladığıma görə ehtiyacdan razı oldum. Lakin bir neçə tamaşa ödədikdən sonra, köçürmələr gəlmir, bilet pullarını yığa bilmirəm bəhanələri ilə direktor Piriyev ödəməkdən imtina etdi. Sonra öyrənirdim ki, teatra çatacaq vəsaitlər vaxtlı vaxtında gəlir, direktor o pulları da mənimsəyir. Milli Dram Teatırında xalq artisti Ramiz Novruzla bu barədə söhbət düşdü, o narahatlığını bildirib dedi ki, mənim “Hələ sevirəm deməmişdilər” əsərimin tamaşasında da belə oldu. Piriyev mənə eynən söz verib müəllif hüquqlarından imtina ərizəsini aldı, mən də xalq artisti Nurəddin Mehdixanlı ilə bütün bölgələrdə tamaşalar təşkil edib, teatra milyonlar qazandırdıq. Qonorara gələndə verdiyi sözün on da birini də ödəmədi, mən də ərizəmi geri götürdüm. Bu söhbətdən sonra bir daha aldadıldığımı anlayıb mənə çatacaq müəllif haqqlarının agentliyə göndərilməsi ilə əlaqədar katibəsinə ərizə ilə müraciət etdim.

Son vaxtlar teatrda narahatlıqla İ.Piriyev bildirirdi ki, bilirəm şerimə görə nazirlikdən yoxlama göndərəcək. Hansı şeridir, bilmirəm. Buna görə də olacaq iclasda onun direktorluq fəaliyyətindən bezmiş aktyorların çıxışlarından özünü qorumaq üçün fəaliyyətindən narazı olan aktyorları məkrli yollarla teatrdan uzaqlaşdırdı. Özü də baş rejissordan xəbərsiz. Mar Baydjıyevin əsərində baş rolu ifa edən istedadlı, tərbiyəli, faciəvi aktrisa imkanları olan Ruhiyyə Paşayevanı ərizə yazmağa məcbur edib ki, niyə məşq vaxtı mənə gülmüsən? Ya səni çıxardıram teatrdan, ya da tamaşanın gənc rejissorunu. Aktrisa gənc rejissoru qorumaq üçün ərizə yazib ki, direktorun tərs damarı buraxar, yenidən teatra qayıdar. Amma belə olmadı. Piriyevə bildirdim ki, Nəriman Həsənzadənin razılığı ilə onun “İnanc xatun” əsəri repertuara salınıb, baş rolu bu istedadlı aktrisa ifa edəcək xahiş edirəm onu işə qaytarın.O da mənə söz verdi ki, iki həftəyə qaytararam lakin bu möhtəşəm əsərin quruluşumda baş tutmaması üçün gənc və istedadlı aktrisanı heç bir səbəb olmadan həmişəlik teatr sənətindən uzaqlaşdırdı. Beləliklə aktrisaya ərizə yazmağa məcbur etməklə onun ifasında hazırlanan dörd tamaşanı da bağlatdırdı. Gənc, istedadlı komik aktyor Elşən Mehdizadə, Emin Sevdiməliyev, Könül Əbilova da hədə-qorxu nəticəsində öz ərizələri ilə teatrdan uzaqlaşdırıldılar. Direktor çox yaxşı bilirdi ki, mən bu istedadlı gənclərin hərəsi üçün repertuar seçmişəm. Şəbnəm üçün Sofoklun “Antiqona”sını, Məryəm üçün Şekspirin “Şıltaq qızın yumşalması”nda Katarinanı, Əjdər Zeynalova Petruççionu, Əmrullah üçün Molyerin “Meşşan sarayda” da Jurden, Natiq üçün “Mənasız yaşanan ömrə fatehə” də Təvəkkül və sairə. Mən teatrın fəqərə sütununu təşkil edən ansambl üzərində çalışıram, aktyorlar üçün tamaşalar fikirləşirəm, əsər axtarıram, direktor isə vəzifəsini qorumaq xatirinə onun iş metodundan usanan, zəif və maraqsız əsərlərində oynamaqdan bezən, diktatorcasına rejissorluq edib, aktyor oyununa qeyri peşəkarcasına müdaxilə edən və bunu son vaxtlar üzünə deyən istedadlılara qarşı məkrli tədbirlərə əl atmaqla qisasçılıq siyasəti aparır.

Sonuncu belə təhlükə digər istedadlı aktyorların başı üzərini alıb. Gənc aktyor Elçin Hacıyevi teatrda məyus görüb, səbəbini soruşduqda, o, dedi ki, Oruc müəllim, növbəti qisas obyekti bu dəfə mən olacağam. Teatrımızın yaranmasının 135 illiyi münasibəti ilə Speys kanalında teatrmıza aid verilişin çəkilişindən əvvəl Piriyev mənə şerlərini verib, təcili əzbərləyib, efirdə deməyimi tələb etdi. Mən etirazımı bildirdim ki, bu teatrın yubileyidirsə, tamaşalardan parçalar oynayaq, daha sizi niyə reklam etdirək, bir də, axı sizin Ulu Öndər Heydər Əliyevə həsr etdiyiniz şeirlər o böyük şəxsiyyətə layiq şeirlər deyil, qeyripeşəkar şeirlərdir. Direktor mənə qəzəbləndi, indi də məndən “doklodnoylar” yazdıracaq.

İşçilərin dediyinə görə baş mühasibin üstünə elə çığırıb, hədə-qorxular gəlib ki, yazıq yaşlı qadın xəstəxanada, indi də evdə ağır vəziyyətdə yatır. Aktyorlar baş mühasibin mobil telefonuna zəng vurub halını soruşmaq istədikdə Şahnaz xanımın qızı anasının danışmaq iqtidarında olmadığını bildirib. Yadıma bu zavallı qadınla bağlı bir fakt da düşdü... Hansısa maliyyə sənədinin itməsi səbəbindən üçüncü dəfə mənə imza atdıranda narazılığımı bildirdim ki, niyə ancaq mənim sənədlərim itir? Zavallı qadın ağlamsınaraq dedi ki, direktor onu məcbur etdi, sizə qol çəkdirim, məbləği yazmayasız, özü yazacaq. Mən narazılığımı direktora bildirəndə o qadının ünvanına təhqirlər yağdırıb, özünə bəraət qazandırmağa çalışdı ki, guya qadın yaddaşdan xəstədir, çıxartmaq istəyir, qoymurlar.

Bəs buna nə ad vermək olar?

Teatrın istedadlı, gənc aktyor və aktrisaları tez-tez mənə böyük səhnələrdə

çıxış etmək arzularını bildirirdilər. O vaxt bu gənclərlə hind nağılları əsasında işlədiyim “Qızıl ahu balası” eksperimental tamaşa üzərində çalışırdım. Məqsədim onlara qərbdə uğurla tətbiq olunan dinamik, emossional və daim sözlə paralel hərəkətdə olan oyun tərzinə alışdırmaq idi. Akademik Milli Dram teatrının o vaxtkı direktoru İsrafil İsrafilovdan xahiş etdim ki, bu tamaşa ilə gənclərimizə böyük səhnədə çıxış etmək üçün yardımçı olsun. Rəsmən bizim teatra nazirlik Milli Dram teatrının səhnəsində ayda bir neçə dəfə təmənnasız oynamaq üçün icazə verib. Lakin dramanın səhnəsində acınacaqlı da olsa ancaq İ. Piriyevin, və onun şəxsi karyerasına dəstək olan, ona himayədarlıq göstərən hörmətli vəzifə sahiblərinin əsərləri oynanılır və tele kanallar tərəfindən operativ çəkilib təbliğ olunur. Repertuarda mənim bir tamaşam belə qalmayıb. “Qızıl ahu balası”, “Məxfi “xor-xor” əməliyyatı” komediyam premyera üzü görməyiblər. Bərpa üçün“Stullar” tamaşamın əsas obrazı olan qırx stulun yarıdan çoxu gözə dəymir, Molyerin “Məcburən doktor” komediyasının başlıca oynaq dekoru olan səyyar truppanın arabasını Gəncə teatrında hazırlanan əsəri üçün o teatra göndərib, neçə ildir geri qaytarılmır.

Niyə baş rejissorlara direktor tərəfindən belə hörmətsizlik olmalıdı? Niyə teatrlarda baş rejissorlar direktordan, direktor müavinləri, baş mühasiblərdən aşağı məvacib almalıdırlar. Məsələ maaşın məbləğində deyil...

İsrafilov xahişimi qəbul edib teatrımıza gəldi. Piriyev qonağın gəlişindən xəbəri olsa da onu qarşılamağa, praqon məşqə baxmağa qalmadı. Bu etikadan kənar hərəkət gənclərə pis təsir etdi, ümidsizləşdirdi. İsrafilov maraqla tamaşanı seyr etdi, sonda əsəri, aktyorların oyun tərzini təhlil etdi, gənclərə vacib yekun söz dedi, - hər teatr sizin kimi fasiləsiz, birnəfəsə hərəkətli tamaşa oynaya bilməz. Respublikada çox az teatr xadimi bunun nə demək olduğunu bilir. Qərbdə bu hərəkətli teatr oyunu, K.Stanislavskinin“əməlin təhlili metodu” çoxdan tətbiq olunur və rus teatrından daha uğurla. Bizdə isə sözçülük səhnədə əməldən üstün olur.
İsrafilov bizə kömək etmək üçün üç variant təklif etdi, - Səhnəni təmənnasız bizə verir, özümüz biletlərin satışını təşkil edirik, bizim teatr biletlərini onlar yayır, yarıbayarı biletlər satılır, qazanc iki teatr arasında tən bölünür, bir də drama tamaşanı maliyyələşdirir, dekor, geyim, əlbəsə ilə təmin edir, aktyorlar çıxışları üçün pul alırlar, ay ərzində bu gənclər orta aklad səviyyəsində aylıq qazanc əldə edirlər. Həm yaradıcı qazanc əldə edirlər, həm də dolanışıq üçün maddi. Teatrın direktoru bu üç variantın heç birində şəxsi qazancı olmadığına görə gənclərin bu arzusunu ürəklərində qoydu, proyekt həyata keçmədi. Heç “Qızıl ahu balası” tamaşasının premyerası da olmadı.

Növbəti proyekt foye teatrı oldu. Mən ötən əsrin 80-cı illərində reformator rejissor Anatoli Efrosun yanında ikiillik ali teatr rejissorluğu kursunda olarkən Baltikyanı respublikalarda foye tamaşalarına çox baxmışam. Axşam tamaşası bitəndən sonra əsl teatrallar üçün Edvard Olbinin “Heyvanxanada nə olub” tamaşasına baxmışam. Tamaşa boyu bəzən tamaşaçı ilə aktyor arasında məsafə bir qarış həddində olurdu və belə yaxınlıqda aktyordan yüz faizli təbii oyun tələb olunur. Sünilik o dəqiqə bilinir. Azərbaycan aktyorları bu sınağa çətin ki, dözsünlər. İrəvan teatrının bimasında böyük foyemiz var, qəzalı tamaşaçı salonumuzda yüzlərlə oturacaqlar da var və yüz nəfərlik teatr salonu qurmaq elə də çətin deyil. Direktor gənclərin inkişafı üçün düşünülən bu proyekti də ölüm sükutu ilə qarşıladı. Əsl direktorun direktorluq qabiliyyəti, həqiqi teatr , ya klub adamı olub, olmaması, həftədə heç olmazsa iki tamaşa təşkil edib gənclərə sənət sevinci verə bilməsi belə proyektlərdə özün göstərir. Bəs onda teatr direktorunun vəzifə borcu nədən ibarətdir? Bütün günü kabinetdə oturub kompüterdə seriallara baxıb, xanım işçilərin bişirdikləri piroqları yeyib, çay içərək zavallı aktyorlara qarşı məkrli planlar qurmağmı? Piriyev son intervyularında fəxarət və iftixarla dönə-dönə təkrar edir ki, İrəvan teatrı vətənpərvər teatrdır. Əcəba, respublikanın digər teatrları vətənpərvər deyillərmi? Zaqulbanın “Xəzri” sanatoriyasında yeməkxananın qarşısındakı dəhlizdə yarı çılpaq şortuda, ayaqlarında şapşupu, arxaları aktyorlara tərəf oturub 3-4 nəfər nahar edərək məzələnənlər üçün pul xatirinə özünün “Soyqırım tarixinin dastanı” tamaşasını xəcalət çəkən gənclərə məcburən oynatmaqmı vətənpərvərlikdir? Elçin Hacıyev deyəndə ki, tamaşaçı yoxdur, kimin üçün bu tamaşanı oynayacağıq? Piriyev deyib mənim üçün, tək baxacağam və aktyorları məcbur edib ki, oynasınlar. Axı tamaşanın pulu alınıb. Budur vətənpərvərlik? Vətənpərvər teatr direktoru belə təşkilə görə aktyorların əynindən tamaşanın hərbi geyimlərini soyundurub, pulu qaytarıb, sanatoriyanı tərk edərdi.

Budur vətənpərvərlik?

Sonuncu mənə qarşı heç bir etik normalara sığmayan direktor davranışı bu ilin 13 iyununda baş verdi. “Qəliz adamlar” tamaşasının baxışından sonra tamaşanın müzakirəsi üçün direktorun kabinetinə yığıldıq. Piriyev toplaşanlardan soruşdu ki, kimim sözü var. Hamı susdu. Yerlərindən aktyorlar, xüsusən də istedadlı gənc aktyor Emin Sevdiməliyev bildirdi ki, “Oruc müəllim sözünü desin, onun rəyi bizim üçün vacibdir”. Direktor qəzəblənərək buna əhəmiyyət verməyib təkbaşına – “mən tamaşanı qəbul edirəm” deyib müzakirəni bitirdi. Belə də bədii şüranın toplantısı, tamaşa qəbulumu olar?
O hadisədən sonra üç gün onun kabinetinə getsəm də hörmətsizlik göstərib özünü görməməzliyə vurub seriallara baxmağına davam etdi. O gündən onun kabinetinə getmədim. İki həftə sonra xəbər tutdum ki, əmək kitabçasını korlamaq hədəsi ilə Emin Sevdiməliyevi ərizə yazmağa məcbur edərək, teatrdan uzaqlaşdırıb.

Buna nə ad vermək olar?

Budurmu teatrlara verilən müstəqillik?

Bu ilin aprel ayında direktor Hidayətin arzusu ilə onun kiçik həcmli hekayəsi “Ömürdən uzun gecə” əsasında pyes yazmağı təklif etdi. Oxudum, mövzu məni tutdu, vəzifə adamının ata, ata ocağı, qohum, dostlar qarşısında iclaslar, məzuniyyətlər əlindən mənəvi borcunu verə bilməyən namuslu insanın gərginlik içində keçən daxili əzablarından bəhs edirdi. Mən Hidayət müəllimin tərcümə ilə əlaqədar münasibətini yaxşılaşdırmaq, məşqlərin bərpası üçün razılığını verməsi xatirinə “Mənasız yaşanan ömrə fatehə” iki hissəli psixoloji dramını yazdım. Piriyevin dediyinə görə Hidayət müəllim bu xəbərdən çox məmnun qalıb. Əsəri təcili məndən istədi. Mən əsəri, iki aylıq gərgin işimi ona etibar etmədim. Hidayət müəllimə Bişkekə zəng edib əsəri bitirdiyimi bildirdim. O təəccüblə “hansı əsəri” deyə soruşdu. Mən anladım ki, direktor növbəti dəfə məni aldatmaq istəyir. Bir müddət əvvəl mən Hidayətin “Burdan min atlı keçdi” xatirələr kitabında oxuduğum bir abzasdan ibarət olan Stalinin heykəli faktı dramaturji orjinallığı ilə diqqətimi cəlb etmişdi. 1988 ci ildə Kremldən əmr gəlir ki, Stalinin bütün heykəlləri uçurulsun. Ermənistanın Aldərə kəndinin camaatı respublika rəhbərliyinin əleyhinə çıxıb heykəli uçurtmurlar. Moskva xüsusi ilə tələb edirdi ki, azərbaycanlıların əliylə heykəl uçurulsun. Kənd camaatı heykəli mühasirəyə alıb qoruyur və Moskvaya ultimatium verirlər ki, bu heykəl 37-ci ildə kolxozun, azərbaycanlıların əməkhaqqı hesabına düzəltdirilib, qoy Moskva abidəyə sərf olunan xərci geri qaytarsın. Mən bu fakta istinadən “Vətəndən Vətənə köç” pyesini yazdım. O vaxt Milli Dram teatrında hazırlamaq istəyirdik. İ. Piriyev əsəri məndən istədi ki, bizim teatrda hazırlayaq, mən qanuni yolla sizə əsərin müəllifi kimi nazirliyin ödəyəcəyi 2500 manat qonararı ödəyərəm. Sonra xahiş etdi ki, müəllif Hidayətin adı getsin, səhəri bildirdi ki, guya, onun istəyi ilə əsərin adı “Vətəndən ağırdır vətənin yükü” olsun. Əlacsız qalıb əsəri direktora verdim. Növbəti dəfə məni aldatdı. Bilmirəm, mənim yazımı öz yazısı kimi Hidayət müəllimə təqdim edib, ya yox. Çünki Hidayət müəllim bu barədə söhbət belə açmayıb.
Mən yeni pyesi Bişkekə, Hidayət müəllimin ünvanına göndərdim və xahiş etdim ki, Bakıda görüşüb, əsəri müzakirə edək, həm də direktorun onun adından istifadə edib mənim məşqlərimi nə səbəbdən saxlatdırdığını soruşum. O məmnunluqla razı oldu. Direktor bundan xəbər tutub azğınlaşdı. Bildirdi ki, Hidayət müəllim tapşırdı ki, baş rolu özün oynayarsan, İftixar! Mən ona bildirdim ki, Hidayət müəllimin heç bu əsərdən xəbəri belə olmayıb, sən niyə onun adından mənə yalandan hörmətli ziyalımızın məftun qaldığını söyləmisən? Bir də sənin qeyri peşəkar aktyor oyununla o rolun öhdəsindən gələ bilməzsən. Bu ümumiləşmiş, mürəkkəb psixologiyalı obrazdır. O qəti bildirdi ki, Hidayət müəllimin tapşırığından çıxa bilməz, ya özüm oynayacağam, ya da tamaşanın rejissorluğunu sənə verməyəcəyəm. Hələ bilmək olmaz səninlə yeni mövsümə müqavilə bağlanacaq, ya yox.

Bakıda Hidayət müəllim zənglərimə cavab vermədi. Anladım ki, direktor bu hörmətli ziyalımızla da aramı vurub. Ümumiyyətlə karyerası, xeyri xatirinə ara vurmaqda Piriyev çox mahirdir.

İsrafil İsrafilov mənə bildirdi ki, Elçin müəllimlə görüşəcəyəm. Onunla müştərək yazdığınız “Geriyə baxma qoca” əsərini Milli Dram teatrında hazırlamaq istədiyimizi xahiş edəcəyəm, razısan? Məmnuniyyətlə razılığımı verdim. Görüşdən sonra İ.İsrafilov məni yanına çağırıb bildirdi ki, ara korlanıb, kimsə deyib ki, guya sən demisən əsəri tək yazmışam, Elçin müəllim adını yazdırıb. Aranı vuran kim ola bilər? Direktor və səndən başqa teatrınızdan kim Elçin müəllimin qəbuluna düşə bilər? Mən dedim heç kəs. İ. İsrafilov məyyusluqla bildirdi ki, aydındır kimin işidir, sən durub özün özünə pislik eləməyəcəksən ki?! Sonra beynəlxalq teatr konfransında təsadüfən Elçin müəllimlə qarşılaşdıq, söhbəti ona dedim, o gülümsünərək tövsiyyə etdi ki, baş qoşma, yaradıcılığınla məşğul ol!
Bəs buna nə ad vermək olar? Nə yaxşı ki, 37-ci il deyil.
Hörmətli Əbülfəs müəllim!
Bu cür dar düşüncəli, nəfsi problemlərlə dolu, müasir idarəçilik iş üslubundan uzaq, dünya teatrlarında baş verən yaradıcı istiqamətlərdən bixəbər olan direktorla heç bir dövlət səviyyəli teatr proqramını uğurla həyata keçirmək mümkün deyil. Bu adamın özünün icad etdiyi xəstə şəxsi teatr proqramı var və onu on yeddi ildir ki, maraqları, maddi rifahı, karyerası naminə bu zavallı qaçqın teatrının başında “ustalıqla” tətbiq edir.

- Nəyin bahasına olursa olsun, repertuar siyasətinə malik olmadan cızmaqaralarını repertuardan kənar teatrın daxili imkanları hesabına tamaşaya qoydurmaq;

- Hörmətli adamların əsərlərini hər il repertuara saldırıb, onların hesabına
tamaşa üçün dövlət sifarişini alıb, ayrılan vəsaitdən şəxsi teatr fondu kimi istifadə etmək;
- Hər tamaşada özü üçün baş rollar alıb, çıxış pulunu və ”xalq artisti” fəxri
adını almaq;

- Elmi doktorluq dərəcəsin müdafiə etmək üçün teatrın daxili imkanlarını bu işə səfərbər etmək. Bunun üçün ədəbi hissə, truppa müdiri vəzifəsinə akademiyanın işçilərini ştatlara götürüb, doktorluq işini yazdırıb, müdafiə etdirmək.

Budur bu direktorun kənd klubu səviyyəsində 135 illik teatrda tətbiq etdiyi “teatr konsepsiyası və proqrammı”!

Hörmətli cənab Nazir!

Sovetlər dönəmində teatrlara müstəqillik vermək düşüncəsi yox idi, fəqət belə direktor özbaşnalıqları da yox idi. Baş rejissorun dərkənarı olmadan direktor teatrda yaradıcılıqla bağlı əmr və ya sərəncam verə bilməzdi, mücərrəd “daxili imkanlar” anlayışı da yox idi, smetaya, quruluşa sərf olunan vəsaitə diqqət və nəzarət var idi. İndi teatrda həmkarlar ittifaqının adı var, özü yox, bədii şüranın adı var, özü yox, istehsalat müşavirəsinin isə izi-tozu da yoxdur.

Kaş Mədəniyyət və Turizm Nazirliyi teatrlara müstəqillik verməyəydi. Çünki, xoş niyyətlə verilən bu müstəqillik nazirliydən üzü teatrlara doğru çıxmağa macal tapmamış pusquda ayıq-sayıq duran Piriyevlər onu qamarladılar.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, qaçqın teatr kimi teatrdan “qaçqın, köçkün” düşən istedadlı gənclərin yenidən işə bərpa olunmaları üçün tapşırıq verəsiz və teatrda demokratik, sağlam, yaradıcı mühitin bərpası naminə 135 illik bu kollektivə yardımınızı göstərəsiz".

Qeyd edək ki, bu Oruc Qurbanovun xidməti müqaviləsinin vaxtı iyul ayında bitib və onunla yeni müqavilə imzalanmayıb. Səbəb kimi isə rejissorun yaşının 65-i keçdiyi göstərilib.

"Ölkə.Az"
Geri qayıt