SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yol polisindən qeyri-etik davranış

Yol polisindən qeyri-etik davranış

Tarix:

12-11-2019, 17:48

/ 2 202 dəfə oxundu.
Yol polisindən qeyri-etik davranış

Xatırladaq ki, bu ilin fevral ayında Bakının Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdü. Bir neçə gün bu vəzifəni polis kapitanı Ramiz Rzayev icra edəndən sonra nazirin müvafiq əmri ilə polis polkovnik-leytenantı Mehman Fətəliyev Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Nəsimi DYPŞ-nin rəisi olub. Qeyd edək ki, M.Fətəliyev yeni idman növlərindən sayılan qrapplinqlə məşğul olur və sonuncu dəfə Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.
Son illər yol polisi əməkdaşlarının sosial rifahının, eləcə də iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlət səviyyəsində bir sıra ciddi islahatlara imza atılıb. Belə ki, onların əməkhaqları nəzərəçarpacaq dərəcədə artıb, həmçinin Dövlət Yol Polisi (DYP) işçiləri ən müasir avtomobillərlə təmin olunub. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem YPX avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb.
Təəssüflər olsun ki, DYP əməkdaşları arasında hələ də sürücülərlə normal rəftar etməyənlər var. Misal kimi, polis polkovnik-leytenantı M.Fətəliyevin rəisi olduğu Səbail rayon DYPŞ-yə məxsus 99 YP 253 nömrəli avtomobildə olan əməkdaşları göstərmək olar. Onlar əksər hallarda özlərini təqdim etmir, ciddi qanun pozuntusu olmadan, saxlanma əmrinə tabe olan sürücülərin belə, avtomobillərindən çıxmalarını tələb edir, vətəndaşlarla kobud davranır, sürücülərlə normal rəftar etmir, müxtəlif bəhanələrlə onları incidirlər.
Səbail DYP əməkdaşlarının qanunsuz əməllərindən aktualxeber.az-a şikayət edən Bakı şəhər sakini Məmmədov Valeh Mövlan oğlu da ona qarşı haqsızlıq edən polis əməkdaşının cəzalandırılmasını istəyir. Vətəndaş müraciətində qeyd edir ki, 08.11.2019-cu il tarixdə saat təxminən 16:30 radələrində Səbail rayonu ərazisində YPX əməkdaşlarının haqsızlığı ilə üzləşib. O, bildirib ki, 20-ci sahədən Bayıl qəsəbəsinə tərəf özünə məxsus Mersedes markalı 90 ZD 555 dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə hərəkət edərkən heç bir səbəb olmadan 99 YP 253 nömrəli Səbail YPX əməkdaşları tərəfindən saxlanılıb. Ona yaxınlaşan döş nişanı 0577 olan çavuş onun qoşa xəttin tələblərini pozduğunu və buna görə cərimə yazacağını bildirib. Sürücü onlardan qaydanı pozduğunu təsdiq edən görüntüləri ortaya qoymalarını tələb etsə də, bunun bir nəticəsi olmayıbdır. 102 xidmətinə müraciət edəcəyini bildirdikdə isə YPX əməkdaşı ona “polisdən polisə şikayət edəcəksən?”, deyərək gülüb və onu ələ salmağa çalışıbdır… Bundan başqa əlini cibinə aparıb telefonunu çıxarmaq istəyən sürürücüyə irad tutaraq bildirib ki, polisin yanında əlini cibinə qoya bilməzsən, düz və əli arxada olan vəziyyətdə dayanmalısan?! Maraqlı burasıdır ki, bütün bu baş verənlər YPX avtomobilində olan mayor rütbəli bir zabitin gözləri qarşısında baş versə də, o, heç bir müdaxilə belə etməyib və seyrçi mövqeyində qalıbdır.
Qeyd edək ki, əməkdaşımız bu hadisə ilə əlaqədar M. Fətəliyevlə əlaqə saxlayaraq münasibət bildirməsini istəmişdir. O, bu hadisəni tez bir zamanda araşdırıb redaksiyamıza məlumat verəcəyini vəd etsə də hələ ki, susmağa üstünlük verib. Aktualxeber.az-ın redaksiyasına üz tutan şikayətçı bu hadisənin ictimailəşdirilməsi və bunun da nəticəsində əlaqədar orqanların günahkarı cəzalandırmasını istəyir.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Aktualxeber.az

Yol polisindən qeyri-etik davranış

Şərhlər

XƏBƏR LENTİ