SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Çevik idarəetməyə keçid: Müşavirliyə yer olacaqmı? - GƏLİŞMƏ

Çevik idarəetməyə keçid: Müşavirliyə yer olacaqmı? - GƏLİŞMƏ

Tarix:

6-11-2019, 17:39

/ 839 dəfə oxundu.
Çevik idarəetməyə keçid: Müşavirliyə yer olacaqmı? - GƏLİŞMƏ

Dövlət qurumlarında son illər dəbə düşən müşavirlik postuna münasibət birmənalı deyil.

Bəzi qurumlarda bu vəzifəni tutanların sayı 6-10, bəzən isə daha çox olur. Məsələn, sabiq vergilər naziri Fazil Məmmədovun 13 müşaviri olub. Nazirliklərdə və digər dövlət qurumlarında müşavirlik institutu getdikcə daha çox “şişir” və yeni təyinatlarla qurum rəhbərləri müşavirlərinin sayını artırır.

Təkcə nazirliklər deyil, Bakı Dövlət Universitetinin rektorunun da çox sayda müşaviri var. Qeyd edək ki, bu ilin may ayında BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri vəzifəsi yaradılıb. Həmçinin BDU-nun rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik - Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir və Ümumi məsələlər üzrə müşaviri vəzifələri təsis olunub. Qeyd edək ki, dünya ölkələrində də belə bir təcrübə mövcuddur. Əsasən, ölkə başçılarının çox sayda müşavirləri olur. Azərbaycandan hətta uzun illər dövlət müşaviri vəzifəsi olub, amma 2017-ci ilin oktyabr ayının 31-də bu post ləğv edilib. Beynəlxalq təcrübədə isə nazirlik səviyyəsində müşavirlərin sayı, adətən, 3-ü keçmir. Bir sıra ölkələrdə isə, ümumiyyətlə, belə bir post yoxdur. Müşavir məsləhətçi, məşvərətçi anlamına gəlir.

Maraqlıdır, müşavirlik institutu nə üçündür və nazirlikləri yığcam işlək quruma çevirmək zamanı çatmayıb?

Nəzərə alsaq ki, ölkədə ciddi şəkildə struktur və kadr islahatları aparılır, müşavirlik institutunun genişləndirilməsi idarəetmənin optimallaşdırılmasına uyğun siyasət hesab edilmir. İslahatlar çərçivəsində müşavirlərinin sayının azadılması və ya bu postun tamamilə ləğvi mümkündür.

Digər tərəfdən, aidiyyatı sahələrə nəzarət edən müavinlər, hər bir sahə üzrə şöbələr, onların rəhbərləri varsa, bu qədər müşavir nəyə lazımdır?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində müşavir postlarının lazımsız olduğunu deyib. Ekspert hesab edir ki, müşavir vəzifəsi işsiz-gücsüz qalmış yaxın adamların yaxşı vəzifəyə təyin edilməsi üçün bir bəhanədir:

“Əslində, müşavirlərin işini əlaqədar ştatda olan bölmələr görməlidir. İstənilən dövlət qurumunun strateji planların, təkliflərin hazırlanması ilə bağlı müvafiq orqanları-şöbələri, idarələri var. Hər hansı bir yüksək vəzifəli məmurun bir müşaviri ola bilər ki, bu da həmin şöbələrlə rəhbər şəxs arasındakı əlaqələnin tezləşdirilməsi üçün nəzərdə tutulmalıdır. Yəni təkliflərin, səslənən fikirlərin daha tez rəhbərliyə çatdırılması üçün körpü rolunu oynaya bilər. Dünyada da belə praktika mövcuddur. Amma 5-10 müşavirin olması həm iqtisadi cəhətdən effektiv deyil, həm də idarəetmə baxımından məntiqsizdir. O zaman müvafiq şöbələr, departamentlər nəyə lazımdır? Burada kifayət qədər ciddi suallar ortaya çıxır. Əslində isə iş olmalıdır və ona uyğun kadr seçilməlidir. Bizdə isə adam tapılır, sonra ona iş vermək lazım olur və nəticədə ona uyğun vəzifələr uydurulur”. Qeyd edək ki, hazırda ölkədə Nazirlər Kabinetinə daxil olan 34-nazirlik, agentlik, komitə və xidmət qurumu var. Orta hesabla hər qurum rəhbərinin 5 müşaviri olduğunu düşünsək, say 170-ə çatar ki, bu da kifayət qədər böyük rəqəmdir.

Şərhlər

XƏBƏR LENTİ