SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Mən Kəmaləddin Heydərovun killeri olmalı idim..."- Hərbi polisin keçmiş mayoru 24 il saxladığı sirri açdı

"Mən Kəmaləddin Heydərovun killeri olmalı idim..."- Hərbi polisin keçmiş mayoru 24 il saxladığı sirri açdı

Tarix:

16-07-2019, 12:22

/ 3 229 dəfə oxundu.
"Mən Kəmaləddin Heydərovun killeri olmalı idim..."- Hərbi polisin keçmiş mayoru 24 il saxladığı sirri açdı

Əlyazmalar yanmadığı kimi, sirlər də məxfi qalmır. İstənilən əməl, hərəkət və ya istək , mütləq faş olur, ayinə çıxır, aylar əvvəl öldürülmüş cəsəd su üzünə çıxan kimi. Həmin şəxs öldürülməyibsə, qətl üçün göndərilən fikrindən daşınıbsa, sirrin açılımı daha qorxunc olur. Sirr isə bəzən şərab kimi olur. Mübhəmliyin qapağı 24 il sonra açılırsa, çox tünd olur. O sirlər paqonlardakı böyük ulduzlara uzananda isə maraq təşvişə çevrilir...
24 il sonra açılan sirr...
"Adam öldürdüyümə görə yox, sifarişi verilən 7 nəfəri öldürmədiyimə görə 15 il həbsxana həyatı yaşamalı olmuşam. Azadlıqdan məhrum edilmişəm. Dövlətimin çətin vaxtlarında ona xidmət göstərməli olduğum halda, Qobustan həbxsanasının divarları arasına atıldım. Səsimi isə eşidən olmadı...”, - ehtiyatda olan mayor, Müdafiə Nazirliyinin Baş Hərbi Polis İdarəsinin Gəncə şəhər qarnizonun rəisi müavini olmuş Vaqif Mikayılov uzun illər özündə saxladığı sirri Criminal.az-a açıqladı.
Vaqif Mikayılov 1993-cü ilin dekabrından 1995-ci ilin mart ayına kimi Baş Hərbi Polis İdarəsinin Gəncə şəhər qarnizonunda rəis müavini işləyib. Onun sözlərinə görə, o vaxtki MTN-nin sabiq əməkdaşları tərəfindən adam öldürmək barədə verilən sifarişi yerinə yetirmədiyinə görə 1995-ci il sentyabrın 5-də həbs olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ali təhsilli hüquqşünas olan, Qarabağ müharibəsi iştirakçısısı Vaqif Mikayılov deyir ki, hərbi polisdə müavin işlədiyi müddətdə sabiq baş nazir Surət Hüseynovun tərəfdarları Gəncə şəhərində dövlət çevrilişinə hazırlaşdığını müəyyən edib:
"Onlara meylli adamlara silah paylayaraq və 709 №-li hərbi hissənin (Bu hərbi hissə ləğv edilmiş, əvəzində 181 №-li hərbi hissə yaradılmışdı. Heydər Əliyevin mövqeyində durmuşam. Dövlətimizə qarşı bütün cəhdlərin qarşısını almaq üçün bütün fəaliiyətimi ona bağlamışam. Beyləqan ərazisində yerləşən həmin hərbi hissədən Surət Hüseynovun "döyüşçüləri” qovulmuşdular) keçmiş "döyüşçülərinin” səfərbərliyə alınması gedir və s. bu kimi qeyri-qanuni hərəkətlər baş verirdi. Mən bütün bu baş verənlər barədə Bakı şəhərində yerləşən Baş Hərbi Polis İdarəsinin rəisinə mütəmadi olaraq məlumat verməyə başladım. Hətta "surətçilərin” tərəfdarları olan Toğana kəndinin könüllü özünümüdafiə batalyonunu tərksilah edib 150-yə yaxın avtomat silahı, pulemyotları, snayperləri, qrantamyotları, patronları gətirib Baş Hərbi Polis İdarəsinin Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsinə təhvil verdim. Mənim bu hərəkətimi, yəni mərhum prezidentimiz Heydər Əliyevin mövqeyində durub "surətçilərin” əleyhinə olduğumu görən bu adamlar sabiq baş nazir Surət Hüseynovun vasitəsilə məni 19 avqust 1994-cü ildə Müdafiə Nazirliyi sistemindən kənarlaşdırdılar. Həmin vaxt əməliyyatçı idim”.
"Söhbətdən sonra Kəmaləddin Heydərov yanımda Bəylər Eyyubova zəng vurdu..."
Vaqif Mikayılovun işdən kənarlaşdırılandan sonra Bakıya gələrək Baş Hərbi Polis İdarəsinin rəisi ilə görüşərək vəziyyəti danışıb. O, mənə heç bir kömək edə bilməyəcəyini söyləsə də, ərtafında olan dost-tanışlar Kəmaləddin Heydərovun yanına getməyimi məsləhət bildilər:
"Kəmaləddin Heydərovla əlaqə yaratdılar və onun yanına getdik. Kəmaləddin Heydərov o zaman "Abşeron” mehmanxanasının arxasında yerləşən ticarət ofisində otururdu. Sürücüsü Nazim Xeyrulla oğlu Məmmədov idi. Hazırda FHN-də nazir müavinidir, general-leytenantdır. Vəziyyəti ona da danışdım, məni diqqətlə dinlədi. Kəmaləddin Heydərova dedilər ki, mən onlara lazımlı adamam. O vaxtdan mənim Kəmaləddin Heydərovla münasibətim yarandı. Söhbətdən sonra Kəmaləddin Heydərov yanımda Bəylər Eyyubova zəng vurdu və görüşməyin vacib olduğunu söylədi. Bir müddətdən sonra Bəylər Eyyubov gəldi və Heydərov vəziyyəti oldluğu kimi ona danışdı. Bəylər Eyyubov onu diqqətlə dinlədikdən sonra bu barədə prezident Heydər Əliyevə məruzə edəcəyini bildirdi.
Səhərisi Bəylər Eyyubovla yenidən görüşdük. O, baş verənlər barədə prezidentin adına rəsmi ərizə yazmağımı dedi. Mən də onun dediyi kimi Surət Hüseynovun əməlləri, vətəndaşları silahlandırmağı və sair qeyri-qanuni hərəkətlərini ərizəmdə yazıb verdim. İki gündən sonra eşitdim ki, Müdafiə Nazirliyindən məni axtarırlar. Mən nazirliyə getdim, nazir Məmmədrəfi Məmmədov məni qəbul etdi. Nazir məni dinlədikdən sonra bildirdi ki, onu da aldadıblar. O, işdən çıxarılmağım barədə olan əmri ləğv etdi və 5 sentyabr 1994-cü ildə mən yenidən Cəncə Hərbi Polis Şöbəsindəki əvvəlki işimə bərpa olundum”.
Vaqif Mikayılovun həbsxana fotosu
Vaqif Mikayılov deyir ki, bundan sonra Kamaləddin Heydərovla yaxın münasibəti yaranıb: "Bundan sonra mən mütəmadi olaraq Kəmaləddin Heydərovla telefon əlaqəsi saxlayır, çox vacib məsələ olanda onunla görüşürdük. Bəzi görüşlərdə Bəylər Eyyubov da şəxsən özü iştirak edirdi. Surət Hüseynovun Gəncədə dövlət çevrilişinə hazılaşdığı barədə Kəmaləddin Heydərova ətraflı məlumat verirdim. O da öz növbəsinə məlumatı Bəylər Eyyubova çatdırırdı. Bəylər Eyyubov da bu barədə prezidentə məruzə edirdi. Yəni mövqeyim dövlətçiliyimizi müdafiə etmək, Heydər Əliyevin mövqeyində durmaq idi.
1994-cü il sentyabrın sonlarında Kəmaləddin Heydərov məni MTN-nin əməkdaşı İsrail Əliyevlə tanış etdi. İsrail hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir, general-mayordur. Bundan sonra mən Gəncədə baş verənləri İsrail Əliyevə 493 30 00 telefon nömrəsinə zəng edərək bildirirdim. Bəzən o, məni Bakıya dəvət edirdi, görüşürdük”.
Milli təhlükəsizlik naziri Namiq Abbasovla görüş
Vaqif Mikayılov deyir ki, İsrail Əliyev onu Bakıya dəvət edib və onu həmin dövdə milli təhlükəsizlik naziri olan Namiq Abbasovun qəbuluna aparıb: "Nazirin kabinetində üçümüz birlikdə söhbət etdik.Namiq Abbasov mənim yanımda MTN-nin Gəncə şəhər şöbəsinə zəng edib rəis Tofiq Babayevlə danışdı. Ona bildirdi ki, nə vaxt vacib, məxfi məlumat olarsa, onların şöbəsindən telefonla nazirliklə danışmağıma şərait yaratsınlar. Bundan sonra mən məxfi məlumatları mərhum Tofiq Babayevin otağından birbaşa Namiq Abbasova çatdırırdım. O vaxtlar İsrail Əliyev məni MTN-nin Gəncə şəhər şöbəsinin rəis müavini Valeh Abdullayevlə də tanış etdi. Valeh Abdullayevlə mütəmadi olaraq Gəncədə görüşürdük. Bir dəfə Valeh Abdullayevin yaxını olan bir xanıma Surət Hüseynovun adamları sataşmışdı. Valeh Abdullayev telefonla həmin adamları "yerində oturtmağımı” xahiş etdi. Məsələ həllini tapdı, Valeh Abdullayev mənə razılığını bildirdi”.
Keçmiş hərbiçinin sözlərinə görə, beləliklə, 4-5 oktyabr 1994-cü ildə sabiq baş nazir Surət Hüseynov öz silahlı adamları ilə dövlət çevrilişinə cəhd etdilər: "Onların bu addımının qarşısı alındı. O zaman bu əməliyyatlarda, "surətçilərin” həbsində, onların istintaqa cəlb edilməsində, qaçıb gizlənənlərin axtarışında, məhkəmələrdə ifadə zamanı mən də iştirak etmişdim. Yəni həmişə mərhum prezidentimiz Heydər Əliyevin mövqeyini müdafiə etmişəm. Dövlət çevrilişinə cəhdlə bağlı istintaq aparan qrupun rəhbəri general Əliş Əliyevlə görüşür, lazımi köməyimi əsirgəmirdim. Çevrilişlə bağlı məhkəmə baxışı zamanı yazılan protokollara nəzər yetirilsə, mənim o vaxtkı fəaliiyətim öz əksini tapacaq”.
"Tapşırdı ki, əvvəlcə 2 milyon pul istə, verməsələr güllələ..."
Vaqif Mikayılov deyir ki, 1994-cü il noyabrın axırı, dekabrın əvvəlləri İsrail Əliyev onu yenidən Bakıya çağırıb və müəmmalı tapşırıq verib: "Bakıya gəldim, İsrail bildirdi ki, 7 nəfər şəxs dövlət çevrilişinə cəhddən əvvəl S.Hüseynovun tərəfdarlarının yaratdığı "Nicat” yardım təşkilatına pul köçürüb, çevrilişdə iştirak edəcək adamlara maddi yardım ediblər, qiyamçıları maliyələşdiriblər və qiyamda fəaliyyətləri olub. İsrail Əliyev tapşırdı ki, MTN-nin Gəncə şöbəsinin rəis müavini Valeh Abdullayevlə görüşüm və ondan qiyamçılara maliyyə dəstəyi göstərən adamların siyahısını alım, sonra da onlarla bir-bir görüşərək hərəsindən iki paçka şirvan, yəni 2 milyon pul istəyirsən. Versələr işin olmasın, verməsələr güllələ getsin. Dedim, baş üstə. Tapşığı alıb Gəncəyə gəldim. Adamların siyahısını Valehdən götürdüm, 10-15 dəqiqə də söhbət etdim. Valeh də dedi ki, həmin adamlar vətənə xəyanət ediblər, Heydər Əliyevin hakimiiyyətin devirmək istəyiblər. Ona görə də, həmin adamlar aradan götürülməlidir. Siyahıda adları olan adamlar məndə şübhə yaratdı.
Qətli sifariş verilənlərin siyahısında kimlər vardı?
Siyahıda 7 adamın adı vardı. Siyahıda birinci şəxs Tovuz rayonundan olan biznesmen Mübariz göstərilirdi. Hələ dövlət çevrilişinə cəhd olmamışdan qabaq Bakıda olanda, Kəmaləddin Heydərov mənə dedi ki, Mübariz adında bir biznesmen var, ondan mal götürüb, amma pulunu qaytarmır. Dedi, hədə-qorxu ilə pulu geri ala bilərsən? Dedim problem yoxdur, koordinatları ver həll edim. Razılaşdıq, dedi ki, dəqiqləşdirib mənə məlumat verəcək.
Bu söhbət 1994-cü ilin sentyabrında olmuşdu. Həmin ilin noyabr-dekabr aylarında bu sifariş mənə veriləndə, şübhələrim yarandı ki, biznesmen hara, "Nicat” təşkilatı hara. O vaxt istintaq qrupunun rəhbəri general Əliş Əliyevi ola bilməzdi ki, bu 7 nəfər dövlət çevrilişinə cəhddə iştirak etsin, amma istintaqdan kənarda qalsın. Bu məsələlər məndə şübhələr yaratdı. Ona görə də, siyahını götürüb Bakıya gəldim, İsrail Əliyevin yox, Əliş Əliyevin yanına getdim. Əliş Əliyevlə görüşüb siyahıdakı adamlar barədə söhbət etdik.
Dəqiqləşdirmək istəyirdim ki, həqiqətən həmin adamların dövlət çevrilişi, yaxud "Nicat” yardım fondu ilə bir əlaqələri varmı? Məlum oldu ki, mənə verilən siyahı saxtadır, oradakı adamların bu işlərlə heç bir əlaqəsi yoxdur, qiyamda iştirak etməyiblər. Deməli, İsrail Əliyev mənlə olan münasibətdən. mərdliyimdən, dövlətimizə xəyanət edən hər kəsi güllələməyə hazır olmağımdan istifadə edib məqsədi mənim vasitəmlə pul qazanmaq, dövlətçiliyimizə qəsd edən şəxslər adı altında həmin adamları cəzalandırmaq imiş. Mən həmin tapşırığı yerinə yetirmədim. İsrail dəfələrlə mənə tapşırıqla bağlı soruşanda cavab verirdim ki, "yaxşı olacaq”.
Sonra Bakıya gəlib İsrailə dedim ki, sən sifariş verdiyin adamları araşdırmışam, o adamların dövlət çevrilişi ilə heç bir əlaqəsi yoxdur. Bu işi etməyəcəm. O məndən narazı qaldı, onlarla aramda narazılıq yarandı. Nəticədə, İsrail Əliyevlə Valeh Abdullayev məni uzunmüddətli cəzaya məhkum etdirdilər. O vaxt həbs olunmağımdan Bəylər Eyyubovun xəbəri olmadı. Çünki İsrail Əliyevlə qardaş kimi yaxın olan Kəmaləddin Heydərov mənə qaranlıq qalan səbəbdən sifarişli həbs olunmağım barədə Bəylər Eyyubova və digər səlahiyyətli şəxslərə xəbər vermədi. Nəticədə, mərhum prezidentimiz də mənim sifarişli həbsimdən xəbər tutmadı. İnanıram ki, sifarişli həbsimdən Bəylər Eyyubovun xəbəri olsaydı və mərhum prezidentimiz məlumatlandırılsaydı, o, bu əsassız həbsimə imkan verməzdi”.
"Ali Məhkəmədə deyirlər ki, burda Kəmaləddin Heydərovun adını yazmısan, bəlanı məndən uzaq elə”
"Mən 5 sentyabr 1995-ci ildə həbs edildim. Həbsimə "əsas” 26 may 1994-cü il tarixdə Gəncə şəhərində 38 №-li hərbi şəhərcikdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Aşağıqarabulaq kəndindən Gəncəyə gələrək 38 №-li hərbi şəhərcikdə zabitlər yataqxansını zəbt etmiş "Surətçilərin” möyqeyində duran 6 əlisilahlı ilə hərbi polisin əməkdaşları arasında baş verən atışma zamanı silahlılardan birinin öldürülməsi faktı oldu. Bu hadisə mən İsrail Əliyevlə Valeh Abdullayevin sifarişini yerinə yetirmədiyimdən sonra baş vermişdi. Ona görə də mənim bu hadisə ilə ittiham olunmağım sifarişli və əsassız idi.
Belə ki, mən öz xidməti vəzifəmi icra edərək əlimdə olan və rəsmi qeydiyyatdan keçmiş şikayət ərizəsinə əsasən əsgərlərlə birlikdə hərbi polisin nəzarət sahəsinə daxil olan 38 №-li hərbi şəhərciyə getmişəm. Əlisilahlı adamların silahlı müqaviməti ilə qarşılaşmışam, onlardan biri avtomat gülləsi yarası almış, 3 gündən sonra hərbi qosbitalda ölmüşdü. Onlardan 1 ədəd avtomat silah, 4 əl qumbarası, 2 avtomat darağı və 100-ə yaxın patron götürmüşdüm. 1994-cü ildə bu faktla bağlı Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən göndərilmiş mühüm işlər müstəntiqi Arif Quliyev istintaq apardı. Banditlərdən birini qanunsuz silah, hərbi sutsat saxlama və hərbi polisin əməkdaşlarına silahlı müqavimət göstərmə ittihamı ilə həbs edildi.

4-5 oktyabr 1994-cü ildə dövlət çevrilişində iştirak edən qanunsuz saxladığı, üstündə gəzdirdiyi "Makarov” tapançası ilə tərəfimdən tutulub Gəncə Hərbi Prokurorluğuna verilən Sadıqov Vidadini 1995-ci ilin sentyabrında həbsdən azad etdilər. Məni isə 2 şəxsi qanunsuz tutduğuma, xuliqanlıq etdiyimə, bir sıra şəxslərin həyatı üçün təhlükəli olan üsulla və xuliqanlıq niyyəti ilə adamöldürmə ittihamı ilə həbs etdilər. Halbuki bu cinayət işi tamamilə saxtadır, məni günahsı yerə 15 il müddətinə həbsxanada saxlayıblar. Mənim istintaqım araşdırılsa, hər şey ortaya çıxacaq. Çox təəssüf ki, hələlik bu faktları araşdıran olmayıb. Ali Məhkəməyə gedirəm, ərizəmi qəbul etmirlər, deyirlər ki, burda Kəmaləddin Heydərovun adını yazmısan, bəlanı məndən uzaq elə”-deyə V.Mikayılov bildirdi.
"Qətli sifarişi verənlər yüksək vəzifə alırlar, general olurlar”
V.Mikayılov həbsxana həyatından danışır: "Məhkum olunduqdan sonra cəza müəssisələrində mənə zülm edilib. Təqiblərə, təzyiqlərə məruz qalmışam, dəfələrlə öldürmək istəyiblər. Xəstə olmadığım halda, məni Binə qəsəbəsində yerləşən 3 saylı vərəm dispanserinə göndərərək, ağır vərəm xəstəsi olan məhkumların arasına atdılar. 2000-ci ildə 6, 2005-ci ildə 9, 2009-cu ildə isə 12 saylı cəzaçəkmə müəssisələrində rejim qaydalarını "pozan” şəxs kimi Qobustan qapalı həbsxanasına köçürülmüşəm. Əgər Beynəlxalq Qırımızı Xaç Komitəsi məni qeydiyyata alıb nəzarətə götürməsəydi, çoxdan həbsxanada sümüklərim çürümüşdü. Mən 8 sentyabr 2010-cu ildə həbsdən azad edildim. Həbsdən azad olunan vaxtdan bu günə kimi təqib və təziqlərə məruz qalmışam, hətta dəfələrlə oğurlayıb məhv etmək istəyiblər. Hara gedirəmsə, hiss edirəm ki, arxamca adam salınır, qızları öyrədib məni ilişdirmək istəyiblər. Telefonuma qulaq asır, yaşadığım evə məxfi kamera və səsə qulaq asmaqdan ötrü cihaz qoyublar. Bütün bunlar barədə 2013-cü ildə mətbuatda çıxış etmişəm.
Həbsdən azad olunduqdan sonra Kamaləddin Heydərovla görüşdük. O, mənə "dostum, qardaşım olaraq qalırsan” dedi. Maddi yardım göstərdi, nə sözün olsa ona zəng edib bildirməyimi söylədi, cibimə 20 min manat pul da qoydu. Hətta məni Bəylər Eyyubovla görüşdürüb, bəraət alacağıma kömək edəcəyinə söz verdi. Lakin sonradan məni özündən uzaqlaşdırdı. Səbəb budur ki, İsrail Əliyev FHN-də idarə rəisidir. Valeh Abdullayev isə FHN-də fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisidir, generaldır. Diqqət edin, mən adam öldürmədiyimə görə, həbs olunub 15 il cəza çəkirəm, bunlar isə qətl sifarişi verdiyinə görə Kəmaləddin Heydərov tərəfindən yüksək vəzifə alırlar, hamısı general olur”.

"Hacı Məmmədovun törətdiyi cinayətləri mən törətməli idim"
"Mən indi dərk edirəm ki, qanqster Hacı Məmmədov (adam oğurluğu və bir sıra qətlləri həyata keçirən Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkilini nəzərdə tutur) olmayana qədər, məni onun əvəzinə hazırlayırdılar. İsrail Əliyev məndən Hacı Məmmədov kimi istifadə etməli idi. O zaman Hacı Məmmədov yox idi. Mən onların dediyini etmədiyimə görə, qansterlik, killerlik etmədiyimə görə məni tutdurdular. Hacı Məmmədov sonradan meydana gəldi. Hacının sonradan törətdiyi cinayətləri mən törətməli idim. Mən killer kimi fəaliyytə göstərməli idim. İsrailin, Kəmaləddinin killeri olmalı idim. Ona görə də, xahiş edirəm mənim bu məsələm araşdırılsın. Mənim əməlimdə cinayət törkibi yoxdur. Mənim bir günahım, bir cinayətim var, mənə sifarişi veriıən 7 nəfəri güllələməmişəm. Killerlik etməmişəm, günahım budur”-keçmiş hərbi polis vurğuladı.
"Ölkə başçısına, Mehriban Əliyevaya üz tuturam, məni qəbul edin, dinləməyinizi, mənə qarşı olan təqiblərin qarşısının alınmasını, saxta ittihamlarla barəmdə çıxarılan hökmün ləğv olunmasından ötrü adiyyəti şəxslərə göstəriş verməyinizi xahiş edirəm. Əgər barəmdə olan saxta cinayət işi araşdırılsa, məlum olar ki, adam öldürdüyümə görə yox, sifarişi verilən 7 nəfəri öldürmədiyimə görə 15 il müddətinə azadlıqdan məhrum edilmişəm”.
Vaqif Mikayılov sonda "Monitor” jurnaliının mərhum baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı məlumatlar açıqlayacağını bildirdi.
İttihamlarla bağlı general-mayor İsrayıl Əliyevin qəbul otağına zəng etdik. Criminal.az saytına bildirildi ki, İ.Əliyev və köməkçisi 2 həftəlik məzuniyyətə çıxıb. Məzuniyyətdən qayıdan sonra əlaqə saxlamağımız tövsiyyə olundu. Nazirliyin mətbuat xidməti isə telefon zənglərinə cavab vermədi.

Criminal.az

Şərhlər

XƏBƏR LENTİ