SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlı eks-məmurların qorxulu xəstəlikləri... - infarkt, şəkər və daha nələr!

Azərbaycanlı eks-məmurların qorxulu xəstəlikləri... - infarkt, şəkər və daha nələr!

Tarix:

26-06-2019, 22:53

/ 746 dəfə oxundu.
Azərbaycanlı eks-məmurların qorxulu xəstəlikləri... - infarkt, şəkər və daha nələr!

Bu gün mətbuatda yayılan məlumatlara görə, keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib. Buna görə də onun Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirildiyi və həkim nəzarətində saxlanıldığıl bildirilib. Hətta eks-nazirin əməliyyat olunacağı da iddia edilib. Lakin Gəncə Beynəlxalq Xəstəxanasından məlumatı təsdiqləməyiblər.
Qeyd edək ki, Fazil Məmmədovda pankreatitdən əziyyət çəkir. Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Qaynarinfo Azərbaycanın digər iri ranqlı eks-məmurlarından və keçmiş deputatlarından kimlərin hansı xəstəliklərdən əziyyət çəkdiyini araşdırıb.

Baş nazirin keçmiş müavini Abid Şərifovun ürəyində problemlər var. 80 yaşı olan və ötən il postunu itirən Şərifovun ürək ağrıları xüsusilə 2017-ci ildə daha da kəskinləşib və o, İsrailə aparılıb. Bu ölkənin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirilən baş nazirin sabiq müavini kardioloji əməliyyat da keçirmişdi. Həmin vaxtdan etibarən A.Şərifov bir neçə dəfə İsraildə müayinə və müalicədə olub.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovla bağlı isə KİV-də hələ 8 il öncə maraqlı iddia yer almışdı. Həmin iddiaya görə, ayda iki dəfə gənc və xoş görkəmli özbək kişi Bakıya gəlir, Ziya Məmmədov üçün müəyyən tibbi prosedurları icra edərək, geriyə dönür. Bu prosedurların nədən ibarət olması və xəstəliyin növü barədə məlumatda heç nə bildirilmirdi. Sonradan eks-nazirin səhhəti ilə bağlı hər hansı məlumata rast gəlinməsə də, onun şəkər xəstəsi olduğu deyilir.

Z.Məmmədovun müavini olmuş, adı bir çox qalmaqallı hadisələrdə hallanan Arif Əsgərovun da ciddi qan xəstəliyindən əziyyət çəkdiyi və vaxtaşırı xaricdə müalicə aldığı barədə vaxtilə KİV-də iddialar səsləndirilib. Bir neçə il əvvələ aid iddialar o vaxtdan indiyəcən təkzib edilməyib.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov isə gözlənilməz şəkildə vəzifəsini itirdikdən sonra adı ətrafında qalmaqallı xəbərlər dolaşdığı bir vaxtda həm də ölüm xəbərinin yayılması ilə gündəmə gəldi.

2016-cı ilin aprelində yayılan bu xəbərlərdə bildirilirdi ki, o, yaşadığı bağ evində ürək tutmasından dünyasını dəyişib. Sonradan həmin məlumat təsdiqini tapmadı. Bununla belə, sabiq nazirin ürəyində ciddi problemlər yarandığı barədə xəbərlər mütəmadi mediaya yol tapır.

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun isə vəzifəsini itirdikdən bir müddət sonra səhhətində problemlər yaranıb. Onun öncə kəskin hipertoniyadan (qan təzyiqinin kəskin artması) əziyyət çəkdiyi bildirilir. Rektor vəzifəsini itirdikdən az sonra onun hətta Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirildiyi barədə məlumat yayılmışdı. Sonradan aydın olub ki, Məhərrəmov ürək çatışmazlığından əziyyət çəkir.

Oxşar vəziyyət Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (hazırkı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC) sabiq rəisi Aydın Bəşirovla bağlı da yaranmışd. Həmin vaxt sabiq "gəmiçilik şefi"nin Mərkəzi Neftçilər Xəstəxanada müalicə olunduğu deyilirdi. Hətta müalicə məqsədilə Almaniyaya getmək istədiyi və hava limanından buraxılmadığı barədə də məlumatlar yayılmış, lakin Bəşirovun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmamışdı.

Məlumata görə, bu sabiq məmurun da ürəyində problemlər var.

Keçmiş deputat, "Azərkontrakt Səhmdar Cəmiyyəti”nin sədri Miri Qəmbərov isə bir neçə xəstəlikdən əziyyət çəkir. Qan təzyiqi və şəkəri olan Qəmbərovun ürəyində də problemlər var. 84 yaşı olan sabiq millət vəkili iki il əvvəl mətbuata açıqlamasında "Səhhətimlə əlaqədar evdə oluram. Tez-tez müalicə alıram. Vaxtlı-vaxtında müalicəyə gedə bilmirəm. Artıq işə də çıxa bilmirəm. Nə qədər danışsam da, yaş öz sözünü deyir. Əvvəllər səhhətimdə problem yox idi. İndi isə problem özü gəlib qapını döyür. Axı yaş da gedir demişdi.

Başqa bir sabiq deputat deputat Gülər Əhmədova isə 3 il öncə Ali Məhkəmədə Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxılarkən xaricdə əməliyyat olunmaq üçün ölkədən çıxışına icazə verilməsini istəyirdi. Üzərində şərti məhkumluğu olan Əhmədova bildirmişdi ki, hələ 2001-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir: «Mən 24 yaşımda kliniki ölüm keçirmişəm. 2001-ci ildə Moskvada – Onkologiya Mərkəzində əməliyyat olunmuşam, ardınca Türkiyədə şüa almışam. Deputat olduğum dövrdə də xaricə müalicəyə gedib-gəlirdim. Heç kimə məruzə edəsi deyildim ki, mən xəstəyəm. Həbsdə olduğum müddətdə səhhətim ağırlaşdı».

Sabiq deputat bildirmişdi ki, o, həm də talassemiya daşıyıcısıdır. "Hətta dişimi çəkdirəndə də qanı saxlaya bilmirlər. Ona görə məni Azərbaycanda əməliyyat etmirlər”.

Şərhlər

XƏBƏR LENTİ