SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İsgəndər Həmidovun səhhəti ilə bağlı ən son xəbərlər

İsgəndər Həmidovun səhhəti ilə bağlı ən son xəbərlər

Tarix:

4-06-2019, 10:01

/ 1 032 dəfə oxundu.
İsgəndər Həmidovun səhhəti ilə bağlı ən son xəbərlər

Qardaşı oğlu Şəhriyar Məcidzadə: “İsgəndər bəyə o vaxt qaçmaq təklif olunub, lakin o, həbsi seçib”
Türkiyədə müalicədə olan sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun səhhəti hər kəsin diqqət mərkəzindədir. Sabiq nazir artıq yarım aydan çoxdur ki, İstanbuldadır. Keçən bu müddət ərzində şəxsi və lideri olduğu Azərbaycan Xalq Hərəkatı ətrafında çox ciddi hadisələr baş verdi.

İ.Həmidovun qəfil Türkiyəyə gedişi AXH-yə qarşı təzyiqlərin olduğu vaxta təsadüf etdi. Nəticədə hərəkatın idarə heyətinin iki üzvü həbs edildi. Bu da bir sıra müzakirələr doğurdu. Bundan əlavə, sabiq nazirin xəstəxanadan bir foto və ya açıqlama yaymaması çoxsaylı suallar doğurub.

Son olaraq, sabiq nazirin köməkçisi sükutu pozaraq onun durumu ilə bağlı İ.Həmidovun adına olan feysbuq səhifəsindən status paylaşıb. Həmin statusda onun sağ və sol böyrəklərində, eləcə də onurğasında şiş aşkarlandığı bildirilib. İ.Həmidovun müalicəsinin ev şəraitində davam etdirilməsinə həkimlər icazə versələr də, ona siyasətlə məşğul olmağı qəti surətdə qadağan ediblər. İyunun 8-də sabiq nazirin vətənə dönəcəyi deyilir.
İ.Həmidovun qardaşı oğlu, Milli Fikir Mərkəzinin sədri, etatist.com internet qəzetininin təsisçisi Şəhriyar Məcidzadə “Yeni Müsavat”a açıqlamasında bir çox suallara aydınlıq gətirdi: “İsgəndər bəylə iyunun 3-də əlaqə saxladım. Telefonla qısa da olsa danışdıq. Son statusda yazılanları özü də təsdiq etdi. Gəlmək fikri qətidir. Düzdür, həkimlər ona vətənə dönməyini məsləhət görməyiblər. Çünki vəziyyəti o qədər də yaxşı deyil. Amma istənilən halda əsas ümidi iyunun 8-də Azərbaycana qayıtmaqdır. Çox güman ki, həmin tarixdə gələcək. Son baş verən hadisələr barədə ona heç nə demədim. Çünki nə səsini, nə də vəziyyətini qənaətbəxş hesab etdim. Düşündüm ki, indiki vəziyyətdə nəyisə demək hər hansı bir gərginliyə səbəb ola bilər. Köməkçisi İsgəndər bəyin sağ böyrəyində 4, sol böyrəyində isə 3 şişin olmasını yazıb. İsgəndər bəyin icazəsi olmadan o belə bir status yaza bilməz. Ona görə də, reallıq nədirsə, orada yazılıb”.

Qardaşı oğlu İ.Həmidovun, ölkəyə qayıtsa belə, təxminən 3 aydan sonra geri dönəcəyini ehtimal edir: “Bildiyimə görə, həkimlərin məsləhətləri ilə üç aydan sonra bir də geri qayıtmalıdır. Bunu, sadəcə, eşitmişəm. Orada olmadığım üçün başqa şərh vermək çətindir. Özünün vəziyyətinə uyğun şəkildə o qayıtmalıdır. Əslində onun, ümumiyyətlə, qayıtması doğru deyil. Çünki sağlıq durumu buna imkan vermir. Sadəcə, gəlmək istəyi güclüdür. Hazırda İsgəndər bəyin yanında köməkçisinin və dostlarından birinin olduğunu bilirəm. Ailə üzvlərindən heç kim yoxdur, özü razı olmadı”.
Ş.Məcidzadə AXH-yə qarşı təzyiqlərdən sonra əmisinin Türkiyəyə getdiyi yönündə müxtəlif mülahizələr səsləndirənlərə qınayıcı tonda reaksiya verdi: “Bildiyiniz kimi, bundan öncə də səhhətinin pisləşməsi ilə əlaqədar İsgəndər bəy xəstəxanaya yerləşdirilmişdi. Bu bir faktdır və hər kəs də bunu yaxşı bilir. O vaxt, ümumiyyətlə, Azərbaycan Xalq Hərəkatı yox idi. O zaman xəstəxanaya yerləşdiriləndə onu ”anju" etmək istəyirdilər, amma ailə üzvləri razı olmadılar. “Anju” çox problemli məsələdir, damarların genişləndirilməsi və.s. Mətbuatda gedən məlumatlarla mən də qismən tanışam. Açığı deyim ki, oxuduqlarım arasında ciddi hesab edəcəyim nəsə görmədim. Kiminsə özünə aid versiyalarından ibarət yazılar daha çox idi. Etibarlı mənbə deyilən adam kimdir? Deyilənlərlə bağlı əldə sübut, sənəd filan varsa, göstərsinlər. Kimsə özünün subyektiv fikirlərini yazır. İstənilən məsələyə hər kəs baxıb, istədiyi kimi görə bilər. Heç kim bununla bağlı nəsə demir. Bu adamın 72 yaşı var. Ürəyində, böyrəyində və belində problemlər var və ağır fəaliyyətlə, siyasi fəaliyyətlə məşğul olur. Təəssüf ki, Azərbaycanda illər keçdikcə mental dəyərlər itirilməkdədir. Bir siyasətçinin səhhətində bu cür hallar yarananda onun vəziyyətinin ətrafında spekulyasiya etmək istəyənlər yaranır, sevinənlər də olur və təbii ki, üzülənlər də olur. Reallığa baxanda çox acı bir görüntüdür ki, Azərbaycanın müstəqilliyinə səs verənlərdən birinin, milli-azadlıq hərəkatının iştirakçısı kimi ölkə qarşısında xidmətləri olan bir insanın ətrafında bu cür söz-söhbətlər yaradılır. Bir saytda oxudum ki, İsgəndər Həmidov qaçıb. İsgəndər bəy kimdən qaçıb, hara qaçıb? 9 il yarım həbsdə yatan biri hara qaçacaq? 72 yaşında hara qaçacaq? Qaçsaydı, əvvəllər qaçardı və bu problemlər də yaranmazdı. Hər kəs bilir ki, o vaxt İsgəndər bəyə qaçmaq təklif olunub, lakin o həbsi seçib. Bu baxımdan fikir səsləndirəndə diqqətli olmaq lazımdır".

Müsahibimiz AXH-nin 2 idarə heyəti üzvünün həbs edilməsindən sonra İ.Həmidovun hədəfə tuş gəldiyinə də toxundu: “Düşünmürəm ki, AXH-nin idarə heyəti üzvlərinin həbsindən sonra İsgəndər bəyin səhhətində problem yaranıb. Hər şeyi bir-birilə calaşdırıb xəbər düzəlmək olar. Amma reallıq başqadır. Məsələn, məndən reallığı soruşursunuz, mən də reallıqları deyirəm. Bununla bağlı hər kəsin də versiyası ola bilər. Heç kim də bu versiyaların qarşısını ala bilməyəcək. AXH-nin həbs edilən iki üzvü barəsində mətbuatdan izlədiyimə görə, onlar haqqında sutkalıq həbs qərarı verilib. Bu məsələlərin bir-birilə nə əlaqəsi var? Bundan əvvəl də həbslər olmuşdu, İsgəndər bəyin övladları hüquq-mühafizə orqanlarına çağırılmışdı. Bütün bunları bilə-bilə İsgəndər bəyin gedişini bu məsələlərlə əlaqələndirən insanlara obyektiv baxmıram. Məsələyə obyektiv baxmaq üçün həmin xəstəxanalardan birinə sorğu göndərsinlər, yaxud xəstəlik tarixçəsi ilə tanış olsunlar, onda hər şeyi görəcəklər. İndiki dünyada yalan danışmaq çox çətin məsələdir. Çünki hər şey ortadadır, hər kəsin bir-birilə əlaqəsi var, şəffaf bir vəziyyətdir. Hər kəs özünün xüsusiyyətinə uyğun olaraq məsələlər ətrafında fikir yürüdə bilər. Hər şey xarakterdən irəli gəlir”.

Qardaşı oğlu sabiq nazirin bundan sonra siyasətlə məşğul olub-olmayacağına da aydınlıq gətirdi: “Bu dəqiqdir ki, indiki vəziyyətdə onun aktiv siyasətlə məşğul olması sağlamlığına çox ciddi təhlükədir. Amma siz də yaxşı bilirsiniz ki, heç bir ailə üzvü, mən də daxil olmaqla, İsgəndərə bəyə nəyi necə etməyi deməyimiz mümkün deyil. İsgəndər bəyə xəstəlik tarixçəsi ilə bərabər yazılı və şifahi formada hər şey çatdırılıb. Özünə qəsd etmək istəyirsənsə, aktiv fəaliyyətlə məşğul olacaqsan, əks təqdirdə özünə qəsd etmək istəmirsənsə, bir müddət siyasətdən uzaq duracaqsan. Onunla telefonla danışanda həqiqətən hiss etdim ki, vəziyyəti olduqca ağırdır. Çox uzun danışa bilmədim, təxminən bir dəqiqə və ya bir dəqiqə 20 saniyə danışdım. Sonra köməkçisindən ümumi məlumat aldım”.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ