SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş nazir müavini “məhşər ayağı”na çəkilə bilər

Keçmiş nazir müavini “məhşər ayağı”na çəkilə bilər

Tarix:

8-04-2019, 13:31

/ 918 dəfə oxundu.
Keçmiş nazir müavini “məhşər ayağı”na çəkilə bilər

Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra illərlə adı korrupsiya cinayətlərində hallanan Arif Əsgərov da nazir müavini postunu itirdi. Həmin günlərdə belə xəbərlər gəzirdi ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini olmuş Arif Əsgərovun “kitabı” bağlanıb, onu həbs edəcəklər. Amma bu iddialar özünü doğrultamadı, nə Ziya Məmmədova, nə də onun müavini Arif Əsgərova “gözün üstə qaşın var” deyən olmadı. Arif Əsgərov “fenomeni”nin mahiyyəti nədir? Onu həbsdən, ən azı dindirmədən kənar saxlayan nədir?

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. Həmin müddətdə adı dəfələrlə ən müxtəlif rüşvət və korrupsiya qalmaqallarına qarışıb. Onun başı üzərində həbs təhlükəsi 2013-cü ildə real görünürdü. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O, bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Həmin günlərdə Arif Əsgərovun istintaqa çağırılması haqda xəbərlər bir-birini əvəzləyirdi. Lakin A.Əsgərov üzə çıxdı və dedi ki, onu bu iş üzrə istintaqa çağırmayıblar. Sabiq nazir müavini baldızı oğlu Rahib Hüseynovun 48 milyonluq mənimsəmədə ittiham olunaraq həbs edilməsinə də münasibət bildirmişdi. Demişdi ki, istintaq gedir. İstintaq məsələ ilə bağlı öz sözünü deyəcək: “Mən nə deyə bilərəm ki? İstintaqda adı gedən şəxs mənim qohumumdur. Amma bu məsələnin mənə heç bir aidiyyəti yoxdur”.

Bu qalmaqallı olayla bağlı istintaq getdiyi günlərdə İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un Rusiya vətəndaşı olan əməkdaşını həbs etdi. “Bombardier” şirkətinin bir neçə top-menecerinin “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar yeyinti ötürülməsinə dair sövdələşmədə iştirak etdikləri üzə çıxdı.

Bu dəfə də yeyinti qalmaqalında mərkəzi fiqur kimi Arif Əsgərovun adı hallanırdı. Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedirdi. Müqaviləyə əsasən şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200" siqnal sistemlərini quraşdırmalıdır.

Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Həbs olunan Yevgeni Pavlovun vəkilləri bildirirdilər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilib.

Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılır. Bu şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin, üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb. Həmin məmurun Arif Əsgərov olması haqda xəbərlərə isə o, susqun yanaşdı.

Üst-üstə adı 104 milyon (56 milyon+48 milyon) dollarlıq yeyintidə hallanan Arif Əsgərov “sudan quru çıxmağı” bacaran sabiq məmur imici qazanıb. O, özü ilə bərabər övladlarını da korrupsiya burulğanlarından kənar tutmağı bacarıb. Oğlu Elnar Əsgərovun adı qarışan cinayət işi üzrə məhkəmə prosesi bir qədər əvvəl başa çatıb. Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov təqsirli qismində müttəhimlər kürsüsünə çıxarılmışdı. R.Hüseynovun anası Lətifə Hüseynova deyirdi ki, hakim qarşı tərəfin maraqlarına uyğun hərəkət edir, Arif Əsgərovun oğlunun əvəzinə onun oğlunu ittiham edirlər. Tələb edirdi ki, vəkillərin təqdim etdikləri əsaslı vəsatətlər araşdırılsın, mühasibatlıq sənədlərinə baxış keçirilsin, müvafiq qərarlar qəbul olunsun.

Rahib Hüseynov 2018-ci ilin dekabrında külli miqdarda dələduzluqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, iş üzrə zərərçəkən şəxslərə 4 milyon 300 min manat zərər vurulub. O, zərərçəkənləri “Azərbaycan Dəmir Yolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə aldatmaqda ittiham edilsə də, deyir ki, pullar xalası oğlu Elnar Əsgərov tərəfindən alınıb, o, sadəcə alınan pulların qeyri-rəsmi qeydiyyatını aparıb. İş üzrə zərərçəkənlər Emin Məmmədovun, Qoşqar Zeynalov və başqalarının da ifadələri ilə Rahib Hüseynovun fikirləri arasında uyğunluq var. Bundan başqa, o, ilkin məhkəmə instansiyasında məhkəməyə Arif Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun qara mühasibatlıq aparmasını təsdiqləyən 5 kitab da təqdim edib. R.Hüseynov 2013-cü ildən həbs edilməzdən öncəyə qədər həmin kitablarda Elnar Əsgərovun görülən işləri, alınan məbləğlərlə bağlı qeydləri yazıb. Rahib Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub, qeyd edilən məbləğlər 20-25 milyondur. Vəzifəli şəxslərin yaxınlarından alınan pullarla Arif Əsgərovun oğlu dəmir yolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib. Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Rahib Hüseynov məhkəmədə dönə-dönə vurğulayıb ki, o, Elnar Əsgərovun tapşırığı, birbaşa iştirakı ilə pulların alınması və aylıq faizlərin verilməsinə, qara mühasibatlıq işinə nəzarət edib. Rahib Hüseynovun qardaşı Emil Hüseynov da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il cəza alıb. Həmin cinayət işində də Elnar Əsgərovun adı hallanırdı. Emin Hüseynov da pulları xalası oğlu Elnar Əsgərova verdiyinə israr edirdi. Elnar Əsgərovun adı hər iki xalası oğlunun işində şahid kimi keçib.

Göründüyü kimi, Arif Əsgərov vəzifədə olarkən adı böyük korrupsiya qalmaqallarında keçib, büdcənin dağıdılması, millətin pullarının talan edilməsi, həm də Azərbaycanın adının beynəlxalq aləmdə korrupsiya mövzusunda hallanmasına yol açan hərəkətlər edıb. İndi əsas suallardan biri də budur: hüquq-mühafizə orqanları bu qədər faktlardan sonra hüquq-məhkəmə sistemindəki islahatların fonunda A.Əsgərovla bağlı hərəkətə keçəcəklərmi? Ayağında bu qədər yeyinti olan bir məmur ölkənin adını rəsmən biabır edirsə, cinayətə bərabər əməl törədirsə, o, niyə cəzasız qalır?
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ