XalqXəbər.Az

Ziya Məmmədovun paytaxt girişindəki mafiya məkanı: Bakı Beynəlxalq Avtovağzalı

Ziya Məmmədovun paytaxt girişindəki mafiya məkanı: Bakı Beynəlxalq Avtovağzalı
10-03-2017, 11:07

Ölkəmizin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və bu sahədə müəyyən yeniliklərin tətbiqi də olduqca zərurətə çevrildi. Çünki, müstəqil dövlətin nəqliyyat infrastrukturunu sovet dönəmindən qalma və müasir dövrün tələblərinə cavab verməyən yeni infrastrukturla əvəzləmək zərurəti yarandı. Görüləcək işlər içərisində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın tikintisi daha çox diqqəti cəlb etdi. Hələ tikinti işləri aparılarkən sürücülər, çoxsaylı sakinlər ümid edirdilər ki, arzusunda olduğumuz problemlər qısa zaman kəsiyində həllini tapacaq və hər kəsin rahatlığı da təmin olunacaq. Amma bu heç də belə olmadı. Çünki, adı çəkilən avtovağzalın tikintisi başa çatdırıldı və yuxarıda qeyd etdiyimiz kimi, bu məqsədlə büdcədən milyonlarla vəsait xərclənsə də, adı çəkilən sahədə qayda-qanun bərpa olunmadı ki, olunmadı. Bu mövzuda aparılan araşdırmanı olduğu kimi diqqətinizə çatdırırıq:
Bu gün də Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalından ölkəmizin bütün istiqamətlərinə hərəkət edən nəqliyyat vasitələri təsir dairəsində saxlanmaqdadır. Məsələn, adicə bir faktı qeyd edək ki, ölkəmizin qərb zonasına hərəkət edən nəqliyyat vasitələrinin sahiblərinə “mütləq Ucar Avtovağzalındakı yeməkxanada dayanmalısınız” deyə, şifahi tapşırıqlar verilir. Belə bir tapşırıqların verilməsinin də özəl səbəbləri var. Çünki, həmin yeməkxanın bir neçə gün bundan əvvələ qədər nəqliyyat naziri vəzifəsini daşımış Ziya Məmmədova bağlı olduğu da bildirilirdi. Məhz belə bir səbəb üzündən də, bu sahədə çalışan sahibkarlar verilmiş tapşırıqlardan heç cür kənara çıxa bilmir və hər bir əmrə “baş üstə” deməyə də məcbur olurlar.
Sabiq baş nəqliyyatçının “əmr”i, bu gün də yerinə yetirilməkdədi. Maraqlı hal odur ki, hal-hazırda Ziya Məmmədov ölkəmizin Nəqliyyat Naziri deyil, amma buna baxmayaraq, yenə də sürücülər Ucar Avtovağzalındakı yeməkxanada dayanmağa vadar olunurlar və avtovağzal səlahiyyətliləri tərəfindən sürücülərə verilmiş sənədlərə, məhz həmin yeməkxanada dayanmalarını təsdiq etmək üçün hansısa möhür də vurulur. Hələ bu azmış kimi onlar müəyyən məbləğdə “rüsum” ödəməyə də vadar edilirlər.
Sürücü, sərnişin hüquqları niyə pozulmalıdır?
Diqqəti bir məqama yönəldək ki, sürücülərin belə bir addımlar atmalarına vadar olunmaları, təkcə onların deyil, hətta çoxsaylı sərnişinlərin də hüquqlarının pozulması ilə nəticələnməkdədir. Çünki, bu haqda məlumat verən sərnişinlər bildirirlər ki, “yol kənarlarında çoxlu sayda yeməkxanalar var və həmin yeməkxanalarda həm keyfiyyətli, həm də ucuz yeməklər verilir. Amma Ucar Avtovağzalında isə, fərqli ab-hava yaşanmaqdadır. Yəni, adı çəkilən avtovağzaldakı yeməkxanada bahaçılıq olmaqla bərabər, həm də keyfiyyətsiz yeməklər verilir. Digər tərəfdən, bu sahə ilə məşğul olan neçə-neçə sahibkar var ki, atılan addımlar, məhz onların iş fəaliyyətlərinə olduqca mənfi təsir də göstərir. Onu da vurğulayaq ki, Ucar Avtovağzalındakı yeməkxanada sərnişinlərə verilən yeməklərin müqabilində bir kimsəyə hər hansı qəbz verilmir. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən yeməkxanaya rəhbərlik edən şəxs və yaxud şəxslər vergidən yayınır və belə bir yolla da, gündəlik vergi cinayətinə qol qoymuş olurllar.
İnhisarçılıq ölkəmizin imicinə də mənfi təsir göstərir
Hələ bir neçə gün bundan əvvəl, qardaş Türkiyə dövlətinə gedən Aslan adlı şəxs redaksiyamızla əlaqə saxlayıb bildirdi ki, “sərnişinlər nə qədər təkid etsələr də, bizi aparan sürücü nəqliyyat vasitəsini Ucar Avtovağzalında saxladı və bildirdi ki, “mənə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın rəhbərliyindən tapşırıq verilib, mən həmin tapşırıqdan heç cür kənara çıxa bilmərəm”. Elə ki, adı çəkilən avtovağzalda dayandıq, o halda gördüm ki, nəinki Türkiyə dövlətinə, hətta İrana gedənləri də adı çəkilən avtovağzalda dayanmağa vadar ediblər. Belə bir addımların atılması, yəqin ki, əcnəbi vətəndaşlarda Azərbaycan haqda müəyyən ictimai fikrin formalaşmasına səbəb olur və istənilən halda ölkəmizin imicinə bu və ya digər formada xələl də gətirir”.
Avtovağzalda oturub Ucar Avtovağzalını idarə edənlər
Bütün bunlardan əlavə, bir-iki gün bundan öncə özünün Ucar rayon sakini olduğunu bildirən şəxs redaksiyamızla əlaqə saxlayıb vurğuladı ki, “Ucar Avtovağzalında idarəetməni, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında çalışan Etiram və Əzizağa adlı şəxslər həyata keçirirlər. Əzizağadan fərqli olaraq, Etiram “Azərbaycanın Milli Qəhrəmanı” adını daşıyır. Bu şəxslər adı çəkilən avtovağzala daxil olan nəqliyyat vasitələrini nəzarətdə saxlatdırır və “açot-uçot”unu da apartdırırlar”. Belə bir məlumatı eşitdikdən sonra çox götür-qoy etdik. Çünki hər kəsə bəllidir ki, milli qəhrəman adını daşıyan şəxslər xalqımızın qürur mənbəyidir və həmin şəxslər döyüş bölgələrində göstərdikləri qəhrəmanlıqlara görə, məhz belə bir ada layiq görülürlər. Verilən bu cür məlumatdan sonra bəzi düşüncələrə sahib olduq və o qənaətə də gəldik ki, hər kəs bu adın ucalığını qorumağa çalışmalıdır. Amma, “Azərbaycanın Milli Qəhrəmanı” adını daşıyan Etiram adlı şəxsin hansısa qruplaşma ilə işbirliyinə girərək, hərəkətdə olan nəqliyyat vasitələrini təsir dairəsində saxlaması, çoxsaylı sərnişinlərin hüquqlarının pozulması ilə nəticələnən addımlar atması və s. yəqin ki, bir kimsə tərəfindən təqdirəlayiq addım da hesab oluna bilməz.
Avtovağzaldakı yanacaqla bağlı yaşanan problemlər
Ölkəmizin nəqliyyat sektorunda yaşanan acınacaqlı olaylardan biri də, avtovağzal rəhbərliyi tərəfindən sürücülərin idarə etdikləri nəqliyyat vasitələrinin yanacaqla təminatınıda yaşanan problemlərin varlığıdır. Çünki, daim bu sahəni də nəzarətdə saxlayan rəhbərlik bəzi hallarda sürücüləri vadar edir ki, onlar istifadə etdikləri yanacağı avtovağzaldakı yanacaqdoldurma məntəqəsindən doldurmalıdırlar. Bu haqda məlumat verən, amma adının çəkilməsini istəməyən sürücülərdən bir neçəsi bildirir ki, “bəzən avtovağzalda satılan yanacaq gəmilər üçün nəzərdə tutulduğundan, ondan istifadə zamanı avtobusların ayrı-ayrı detalları tez bir zamanda sıradan çıxır. Belə bir halın varlığını isə, nəiki avtovağzal rəhbərliyi, hətta digər işçilər də nəzərə almırlar. Çünki, vəzifə sahiblərini nəqliyyat vasitələrinin durumu deyil, daha çox əldə olunacaq “haq-hesab”ın varlığı düşündürür.
Kassalar niyə “sürgün” olunmuş yerdə yerləşdirilib?
Onu da vurğulayaq ki, bu gün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rüşvətxorluq ayaq tutub yeriməkdədir. Bu ünvanda yaşananlarla bağlı bildirirlər ki, kassalar avtovağzalın “podval”ında, yəni birinci mərtəbəsində yerləşdiyindən, sərnişinlərin tam əksəriyyəti kassaların harada, hansı ünvanda yerləºməsindən xəbərsiz olurlar. Kassaların belə bir ünvanda yerləşdirilməsinin də özəl səbəbləri var. Yəqin ki, bu cür halın varlığı bu gün də Bakı Avtovağzalında rəhbərliyi həyata keçirən cənab Seymur Quliyevin maraqlarına cavab verməkdədir. Bilet kassaları “podval”da yerləşdiyindən, məhz kassalardakı biletlərin çoxu əllərdə olur və onu sürücülər sərnişinlərə baha qiymətə satırlar.Sərnişinlərin az sayda sənədləşdirilməsində pərdəarxası maraqlar. Çatdırılan məlumatlarda o da bildirilir ki, iritutumlu nəqliyyat vasitələrində sərnişinlər nə qədər çox olsa da, ölkədaxili, hətta xaricə gedən avtobusların hər reysinə cəmi 5-6 nəfər sərnişin, daha çox halda isə, rəsmi sənədlərdə 10 nəfər sərnişin sənədləşdirilir. Əslində satılan hər biletin satış qiymətinin 16%-i dövlətə ödənilməli olduğu halda, yalnız az sayda sənədləşdirilən sərnişinlərdən alınan pulların faizi dövlətə ödənilir. Başqa sərnişinlərdən əldə olunan bilet pulları isə, ayrı-ayrı vəzifə sahibləri arasında “pay-püş” olunur. Onu da vurğulayaq ki, “pay-püş” edilən pullar hər kəsin daşıdığı vəzifəsinə görə bölünür. Yalnız kassalarda çalışanlara isə, ümumi bölgüdən cəmi 10 manat pulun çatdığı bildirilir.
Hansı vəzifə sahibinə nə qədər “haqq-hesab” çatır?
Əgər sərnişin sürücüdən şikayət edərsə, istənilən halda sürücü günahkar çıxarılır və avtovağzal rəhbərliyi ilə bərabər, onun yan-yörəsində “fırlanan”lar isə təmizə çıxarılırlar. Avtovağzalda rüşvətxorluq daha çox xarici ölkələrə gedən avtobuslarda yaşanmaqdadır. Məsələn, adı çəkilən qurumda növbə rəisi işləyən Məhəmməd adlı şəxsə təkcə Bakı-Kazan reysinin hər birindən 100 manat, dispeçer işləyən Abbas adlı şəxsə 50 manat, “baqajnik” işləyənlərə isə, 30 manat “haqq-hesab”ın çatdığı bildirilir.
Avtovağzaldakı “kitab pulu” kimlərin büdcəsinə daxil olur?
Maraqlı hal odur ki, xarici ölkələrə gedən nəqliyyat vasitələrinin sürücüləri əgər avtovağzaldan yanacaq götürmürlərsə, o halda əlavə 18 manat “rüsum” da ödəməli olurlar. Nəqliyyat vasitələri avtovağzaldakı dayanacağa daxil olarkən “şlaqbaum”u endirib-qaldıranlara 2 AZN, dayanacaqda sutka ərzində dayanmaya görə gözətçilərə 2 AZN, hər sürücüyə görə avtovağzal həkimlərinə 2 AZN, məlumat bürosunda işləyənə 2 AZN “rüsum” ödənilir. Hələ bunlar azmış kimi, iritutumlu nəqliyyat vasitələri avtovağzaldan çıxarkən nəqliyyat vasitələrinin sahiblərindən 20 AZN alınır ki, bunun da adını “kitab pulu” qoyurlar. Ərazidə təhlükəsizliyə və sabitliyin qorunmasına cavabdehlik daşıyan post patrul xidmətinin əməkdaşları isə, hər iritutumlu nəqliyyat vasitəsinin sahibindən 10 AZN aldığı iddia olunur. Avtovağzalda yaşanan ən böyük qanunsuzluqlardan biri də, vergidən yayınma hallarının baş verməsidir. Çünki, adı çəkilən qurumun ərazisində yüzlərlə mağaza, bir neçə yeməkxana var ki, onlar ticarətlə məşğul olurlar və kassa aparatından çox zaman da istifadə etmirlər. Bütün bunlar onu söyləməyə əsas verir ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında əsaslı tədbirlərin görülməsinin artıq zamanı çatıb.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.