SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan Qol Güləşi Federasiyasının prezidentinə şok ittiham-- “Səlim Müslümov, Fazil Məmmədov mənim adamlarımdır

Azərbaycan Qol Güləşi Federasiyasının prezidentinə şok ittiham-- “Səlim Müslümov, Fazil Məmmədov mənim adamlarımdır

Tarix:

3-03-2017, 15:48

/ 1 576 dəfə oxundu.
Azərbaycan Qol Güləşi Federasiyasının prezidentinə şok ittiham-- “Səlim Müslümov, Fazil Məmmədov mənim adamlarımdır

Azərbaycan Qol Güləşi Federasiyasının mühasibi vəzifəsində çalışmış Məhərrəmova Türkan Yusif qızı tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb.
Türkan Məhərrəmova federasiyanın prezidenti Cəsarət Əhmədovun ona qarşı qərəzli mövqedən çıxış edərək, onu şantaj etdiyini deyib.
Türkan Məhərrəmova 2015-ci ilin avqust ayının 1-də “Tahir” işədüzəltmə agentliyinin vasitəsilə Azərbaycan Qol Güləşi Federasiyasına işə düzəlib. O, Cəsarət Əhmədovun özü ilə şəxsən görüşüb və işə qəbul olunub. Federasiyada onu bir aylıq sınaq müddətindən sonra rəsmi qaydada ştat vahidi üzrə işə götürəcəklərini deyiblər. Bir ay sınaq müddəti bitdikdən sonra T. Məhərrəmova müraciət edib ki, rəsmi qeydiyyata düşsün:
“Mənə dedilər ki, sənədlərini hazırla. Federasiyada işləyənlərin sayının çox olmasına baxmayaraq, işçilərin heç birinin əmək müqaviləsi yox idi. Mənə sənədlərimi hazırlayıb və Səbayel rayon Dövlət Sosial Müdafiə Fondunda işləyən Nahid Qasımova verməyimi tapşırdılar. Cəsarət Əhmədovun göstərişi ilə işçilərin sənədlərini hazırladım. Bundan sonra həmin ilin oktyabr ayında da rüblük hesabatların vaxtı idi. Mənə kodları verdilər ki, hesabatları verim. Mən də hesabat verəndə orada dövriyyə göstərdim. Çünki əgər müəssisə işləyirsə, orada dövriyyə də göstərilməlidir. Bundan sonra Cəsarət Əhmədov mənə dedi ki, “Sənə kim icazə verib, hesabatda dövriyyə göstərəsən? Sənin buna nə haqqın var? Səlim Müslümov, Fazil Məmmədov mənim adamlarımdır. Mən vergiyə hesabat vermirəm. Hesabatı dəyiş”.
Türkan Məhərrəmova bundan sonra hesabatı dəyişdiyini və hadisədən sonra kodların əlindən alındığını deyir. Bundan iki ay sonra o işçilərin rəsmi qeydiyyata salınmağı barədə məlumat verilməsini tələb edib. Şikayətçi dəfələrlə bununla bağlı Nahid Qasımova zəng etdiyini, sənədlərin və işçilərin maaşının onda olduğunu deyib. Nahid Qasımov hər dəfə bir bəhanə gətirib. Türkan Məhərrəmova məsələ ilə bağlı Cəsarət Əhmədova müraciət edib. O isə öz növbəsində “Nahid yaxşı insandır. O hər şeyi özü həll edəcək” deyə heç bir reaksiya verməyib.
“Daha sonra biz Nizami rayon polis idarəsində cinayət işi qaldırdıq və Nahid Qasımov tutuldu. Burada bizim Nahidlə üzləşməmiz oldu. Nahid boynuna aldı ki, bizi tanış edən Cəsarət Əhmədov olub və işçilərin pulunu da mən ona vermişəm. Bundan sonra Cəsarət Əhmədov mənə heç bir rəsmi sənədlə işləməyə icazə vermədi. Təsəvvür edin ki, 2009-cu ildən təsis olunan federasiya bir neçə obyektlə fəaliyyət göstərməsinə baxmayaraq bu illər ərzində heç bir hesabat verilməyib. Mart ayında Cəsarət Əhmədov federasiyanın yanında özünə market açdı və mənim də market işindən başım çıxdığı üçün ona bu işlərdə kömək etdim”.
Türkan Məhərrəmova marketin işə düşməsindən sonra kassadan Cəsarət Əhmədovun imzası ilə pullar çıxmağa başladığını deyir. May ayının 16-da Türkan Məhərrəmova Cəsarət Əhmədovla federasiyanın gəlir və xərclərini tutuşdurub və bütün xərclərin ödəndiyini və borc olmadığını yazaraq Cəsarət Əhmədova imzalatdırıb. Heç bir rəsmi sənəddən istifadə etmədiklərini deyən T. Məhərrəmova bunun üçün də özünə bir əlavə dəftər tutduğunu və bütün qeydləri orada apardığını deyir:
“Cəsarət Əhmədov 2016-cı ilin mart ayında Naxçıvana getməzdən əvvəl mənə bir sıra şəxsi təkliflər etməyə başlamışdı. Bu təkliflər aprel ayında da davam etdi və may ayının 16-da federasiyanın xərclərini tutuşdurduqdan sonra o Bolqarıstana yarışa gedəcəkdi. Həmin günü məndən axırıncı fikrimi soruşdu və mən də federasiyadan ayrılacağımı dedim. Protokolda da göstərildiyi kimi 2016-cı ilin may ayının 18-də mən rəsmi olaraq işdən çıxmışam. Mən işdən ayrıldıqdan sonra Cəsarət Əhmədov ,“Sənin başına oyun açacam. Səni polisə verəcəm. Evdən çölə çıxa bilməyəcəksən deyərək”, məni hədələməyə başladı. Mən əvvəlcə onun sözlərinə fikir vermədim. Cəsarət Əhmədov yarışa gedib qayıtdıqdan sonra məni Nizami rayonu 24-cü polis bölməsinə çağırdılar. Burada Sahib adlı təhqiqatçı mənə “Əvvəlcə onu deyim ki, başındakına (hicaba) hörmət edirəm. Boynuna al ki, sən kişinin pulunu götürmüsən”, dedi. Bölmədə olarkən mən 7 min manat pulu oğurlamaqda ittiham olunduğumu öyrəndim. Təhqiqatçı mənə heç bir sənəd, sübut göstərmədi və haqqımda 48 saatlıq həbs çıxarıldığını bildim. Mən heç bir pul götürmədiyimi və heç nəyi də boynuma almayacağımı dedikdən sonra təhqiqatçının da mənə sözləri “Sənin başına oyun açaram, səni saçından tutub burada sürüyərəm” oldu. 4 saat polis bölməsində dindirildikdən sonra izahatım belə alınmadan buraxıldım”.
Türkan Məhərrəmova daha sonra təklif edib ki, əgər həqiqətən deyildiyi kimi, bu məbləği mənimsəyibsə, o zaman audit yoxlaması keçirilsin. Audit yoxlaması keçirilsə də yoxlamaya gələnlər Cəsarət Əhmədovun öz adamları; yəni Çingiz Abbasov və başqa bir nəfər olub. Həmin şəxslər audit yoxlamasına dair akt tərtib edib və aktda federasiyada heç kimin işləmədiyi qeyd olunub və ümumiyyətlə fəaliyyətsiz boş bir yer kimi göstərilib. Aktda 20900 manat federasiyanın büdcəsindən, 3500 isə marketin malından çatışmazlıq olduğu yazılıb. Türkan Məhərrəmova aktın obyektiv olmadığını deyərək, akta imza atmaqdan imtina edib:
“Bundan sonra məni Nizami rayon prokurorluğuna çağırdılar. Burada məni müstəntiq Orxan Məmmədov qarşıladı. Burada izahatımı verdikdən bir həftə sonra mənim işimi müstəntiq Nəzər Fərzəliyeva verdilər. Burada da Cəsarət Əhmədovla üzləşməmiz oldu. O kassadan 19900 ABŞ dolları miqdarında pulu götürdüyünü boynuna almadı. Ancaq bu faktı təsdiqləyən səs yazısını mən prokurorluğa təqdim etdikdən sonra Bakı Şəhər Prokurorluğunda o pulu götürdüyünü etiraf etdi. Cəsarət Əhmədov daha sonra bu işlərdən bir şey çıxmayacağını görüb, üç nəfəri mənim əleyhimə şahidlik etməyə məcbur etdi. Azad Qurbanov, Həbibullah Dursunov və Ləman Qaraşova Cəsarət Əhmadovun mart ayının onunda onların yanında 6400 manat məbləğində pulu mənə verdiyinə şahidlik etdilər. Mən də həmin tarixdə Həbibullah Dursunovu tanımadığımı onu ancaq may ayının 19-da birinci dəfə gördüyümü dedim. Bu üç şəxs Cəsarət Əhmədovun pulu onların şahidliyi ilə, üçünün də bir yerdə olduğu zaman verdiyinə şahidlik etdilər”.
Türkan Məhərrəmov Azad Qurbanovla qarşılaşması zamanı onun da o audit yoxlamasında saxtakarlığa yol verildiyini etiraf etdiyini deyib. O, prokurorluq qarşısında Həbibullah Dursunovun araşdırılması üçün vəsatət qaldırıb. Amma prokurorluq onun vəsatətimi təmin etməyib. Bundan başqa, dövlət ekspertizası da Cəsarət Əhmədovun gətirdiyi auditə dair rəyi təsdiqləyib:
“Bundan sonra mən audit yoxlamasına öz etirazımı bildirdim və Bakı Şəhər Prokurorluğuna Fərhad adında general gəlib bizim işimizə obyektiv baxılmasına nəzarət edərək audit yoxlamasını ləğv etdi və təzədən audit yoxlamasının keçirilməsini təmin etdi. Yoxlama zaman nə qədər rəqəmlərin qeyd olunmadığı üzə çıxdı. Bundan sonra Cəsarət Əhmədovun audit yoxlamasını keçirən şəxsləri tapmaq mümkün olmadı. Mən bütün bunları müstəntiq Nəzər Fərzəliyeva bildirdim və o mənə “Məhkəmədə gedib bəraətini alarsan”, deyə qarşılıq verdi”.
Türkan Məhərrəmova əlində Cəsarət Əhmədovun, işə baxan təhqiqatçıların və müstəntiqlərin səs yazılarının olduğunu və federasiya prezidentinin ona qarşı qərəzli mövqe nümayiş etdirdiyini deyir.
Yazıda qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"Avropa.info"

Şərhlər

XƏBƏR LENTİ