SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eldar Mahmudovun “girov”undan Mehriban Əliyevaya şok məktub

Eldar Mahmudovun “girov”undan Mehriban Əliyevaya şok məktub

Tarix:

27-02-2017, 09:18

/ 2 473 dəfə oxundu.
Eldar Mahmudovun “girov”undan Mehriban Əliyevaya şok məktub

Sabiq milli təhkükəsizlik naziri Eldar Mahmudovun şəbəkəsinin qurbanı olmuş iş adamı 1-ci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Tanınmış sahibkar Maqsud Mahmudov M.Əliyevaya müraciətində şok faktlar açıqlayıb.

Yolladığı müraciətində iş adamı məhkəmə hökmünün icra olunmamasından şikayətlənib. Onun sözlərinə görə, MTN bandası tərəfindən qəsb edilmiş əmlaklarının qaytarılması barədə məhkəmə qərarı var. Amma bu günə kimi icra olunmayıb.

“Hörmətli Mehriban xanım, sizin 1-ci vitse-prezident təyin olunmağınız sahibkarları ümidləndirib. Sizin bu vəzifədə olduğunuz dövrdə sahibkarlığın inkişafı ilə bağlı müsbət irəliləyiş olacağını gözləyirik.

Hər zaman vətəndaşların müraciətlərinə həssaslıq nümayiş etdirən biri kimi biz iş adamlarının da problemlərinin həllinə müsbət reaksiya verəcəyinizə, bu sahədə maneələrin aşmasına kömək edəcəyinizə inanırıq.

Çünki Eldar Mahmudov illərlə sahibkarların başına oyun açdı, qanunsuz həbs etdirdi, pulumuzu, varımızı əlimizdən aldırdı.

Düşünmədi ki, bir gün sonu gələcək. Bu da sonudur. Elədikləri əməllərin cəzalarını çəkirlər. Ancaq onun əlaltıları hələ də qanunsuz hərəkətlərinə son qoymurlar.

Belə ki, 2016-cı ilin əvvəlində MTN-nin müstəntiqi Cavid Quluzadə və Azad İsmayılova qarşı iddia qaldırmışam. Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm.

Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksim və “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşınım MTN əməkdaşları tərəfindən zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib”,-deyə M.Mahmudov bildirib.

M.Əliyevaya müraciətdə bildirilir ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov “Texnikabank”dan 1 milyon 500 min manat kredit alıb.Özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb.

İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub.

Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıblar. Onlar iş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb.

M.Mahmudov Politika.Az-a Mahmudovun adamlarının başına gətirdiyi müsibətləri danışıb: “Məndən reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğum krediti 3 günə geri ödəmək tələb olundu. Heç bir məntiq yoxdur ki, üç günə krediti qaytarasan.

3 gün sonra isə mən MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparıldım.

Mənə MTN-ə aparmaqla təhdid etdilər, başıma oyun açacağını dedilər. Məni MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə apardılar.

Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad İsmayılovun adına rəsmiləşdirdilər. Cəmin Hacıyev bununla da kifayətlənməyib, hesabımdan 115 min dollar köçürtdürdü.

Bundan başqa, qardaşı oğlumun adına olan “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirildi”.

2015-ci ilin oktyabrında MTN-də məlum ”təmizləmə”lərdən sonra iş adamı məhkəməyə üz tutub. O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev iddianı araşdırıb və təmin edib. Hökmə görə 2015-ci ildə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.

Həmin hökmlə 2015-ci il sentyabrın 17-də M.Mahmudovun qardaşı oğluna məxsus avtomaşının C.Quluzadənin adına keçirilməsi haqda müqavilə də qanunsuz hesab edilərək ləğv olunub. 1981-ci il təvəllüdlü Cəmin Hacıyev “Texnikabank” rəhbərliyinə Beynəlxalq Bankdan transfer olunub.

2012-ci ildə baş tutan bu transfer vasitəsilə Cahangir Hacıyev “Texnikabank”ı nəzarətdə saxlayıb. Hökmdən narazı qalan qarşı tərəf apelyasiya şikayəti verib.

Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Sidqi Məmmədovun sədrliyi ilə baxılıb və 8 dekabr 2016-cı ilə təmin edilməməsi haqda qətnamə çıxıarılıb.

M.Mahmudov deyib ki, həmin qətnamə qüvvəyə minsə də, onun əmlakları özünə qaytarılmır: “Eldar Mahmudovun müstəntiqi Cavid Quluzadə maşınımızı, restoranımızı əlimizdən alıb. Bizə qarşı faktiki quldurluq olub.

Nərimanov, ardınca da Bakı Apelyasiya Məhkəməsi qərar verib ki, maşın da, restoran da mənə qaytarılmalıdır. Eldar Mahmudov Azərbaycan qanunlarını saymadığı kimi, onun müstəntiqi də saymır, məhkəmə qərarını icra etmir.

Mən vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Ondan kömək istəyirəm. Bu adamlar biz iş adamlarının əmlakını qəsb ediblər. İndi də Azərbaycan məhkəmələrinin, ölkəmiz adından çıxarılan məhkəmə qətnamələrini icra etmirlər, boş kağız sayırlar.

Ümidimiz birinci xanımadır. Mehriban xanımın qəbuluna düşmək üçün müraciət etmişəm. Mən illərlə Rusiyada, Ukraynada qazandığım sərmayəni Azərbaycana gətirmişəm, burada iş qurumuşam. Bir günün içində Eldar Mahmudovun dəstəsi əmlaklarımızı əlimizdən alıb, indi də, geri qaytarmaq istəmirlər. Məhkəmələrin çıxardığı qətnamələrə də baxan yoxdur”.

Şərhlər

XƏBƏR LENTİ