SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirdə yol polisi sürücülərə “qan” uddurur – ŞİKAYƏT

Şəmkirdə yol polisi sürücülərə “qan” uddurur – ŞİKAYƏT

Tarix:

25-01-2017, 17:34

/ 2 106 dəfə oxundu.
Şəmkirdə yol polisi sürücülərə “qan” uddurur – ŞİKAYƏT

Şəmkir rayonunda asayişi qorumaq əvəzinə, vətəndaşları şərləməklə məşğul olan polis əməkdaşları var.

Şəmkir rayon Düyərli kənd sakini Elman İbrahimov Şəmkir rayonunda fəaliyyət göstərən yol polisindən şikayət edib.

Şikayət məktubunda deyilir: “Yanvarın 15-də kəndimizin 3-cü küçəsində mənə məxsus avtomobilimi saxlayıb dostum Elnurla söhbət edirdik, bu zaman telefonuma zəng gəldi, mən telefonla danışarkən 230 saylı dövlət qeydiyyat nömrə nişanlı YPX avtomobili mənim nəqliyyat vasitəmin yanında saxladı.

Polis avtomobilindən bir nəfər polis məmuru düşüb, zor tətbiq edərək məni nəqliyyat vasitəsinə otuzdurdu və qapıları bağladı. Özü isə qabaq oturacaqda oturaraq sürücü yoldaşına, sür gedək dedi. Mən danışmaq istəyəndə mənə dedi ki, nəqliyyat vasitəsində kamera və diktafon var, hər şeyi qeydə alır. Mən də cavab verdim ki, mənim avtomobilimdə də kamera var, hər şeyi qeyd edib.

Şikayətçinin sözlərinə görə, o telefonu ilə ailəsinə zəng etmək istəyəndə, həmin polis məmuru təkrar zor tətbiq edərək telefonu alıb və söndürüb.

“Sonradan öyrəndim ki, polis məmurunun adı Ruhidir. Mən etiraz etdim ki, onun mənim telefonumu əlimdən alması və söndürməsi qanunvericiliyə ziddir və yolverilməzdir. O isə heç nə olmamış kimi məndən avtomobilimin açarını tələb etdi, mən isə etiraz etdim, nəqliyyat vasitəsində benzinin olmadığını, orada şəxsi əşyalarımın olduğunu söylədim. Həmin polis məmuru mənə dedi ki, sənin avtomobilini evakuator aparacaq, sürülərək aparılmayacaq”.

Elman İbrahimov məktubunda qeyd edir: “Malik adlı sürücü yolda mənə dedi ki, çox narahat olma, səni buraxacayıq. Mən ona dedim ki, mənim günahım nədir, mən neynəmişəm ki, məni zor tətbiq etməklə avtomobilə mindirmisiniz. Malik avtomobili həyət evlərində saxladı, həmin evdən, ev paltarında bir qadın gəlib avtomobilin ön oturacağında əyləşdi və əlindəki aparatı mənə uzatdı, “üfür” dedi, mən də üfürdüm, heç nə çıxmadı. 2-3 dəfə təkrar üfürtdülər, yenə də heç nə çıxmadı. Qadın Malikə dedi ki, heç nə yoxdur. Malik mənə dedi ki, sən imza at ki, dünən 50 qram araq içmisən. Mən də ona inanaraq onun diktə etdiyi cümlələri təkrar etdim.

Şikayətçi bildirir ki, Malik adlı polis əməkdaşı qadına dedi ki, “sən bunu dəftərə yazma, qaralamaya yaz, bunu buraxacayıq”. Qadın mənim içmədiyimi müəyyən edir, Malik isə qadını da, məni də məcbur etdi və mənə yazdırdı ki, bu gün günorta 50 qram araq içmişəm”.

E.İbrahimovun iddiasına əsasən, evində 24 saat müayinə edən həmin “həkim” qadın polislərlə əlbir işləyir, dediklərini yazır, onlardan haqq alır.

“Sonra məni bölməyə apardılar. Bölmədə məndən 400 AZN istədilər. Mən də aldadıldığımı başa düşdüm. 400 AZN onlara versəm, heç bir sənədləşdirmə aparmadan məni buraxacaqdılar. Pul verməyəcəyimi onlara dedim. Bundan sonra polis əməkdaşları avtomobilimi sürərək gətirib cərimə meydançasına qoydular”.

E.İbrahimovun sözlərinə görə, o, cəriməni nağd şəkildə yox, birbaşa dövlət büdcəsinə ödəməyə hazır olduğunu bildirib: “onlardan tələb etdim ki, protokolumu yazın. Həmin gün dəfələrlə tələb etdim ki, sənədləşdirin. Süründürdülər, sənədləşdirmə aparmadılar. Protokol yazılmadı. Səhər təkrar polis şöbəsinə getdim. Nə qədər tələb etsəm də, mənim tələblərimə məhəl qoyan olmadı. Sonda məcbur olub, 102 qaynar xəttinə zəng vurub buradakı qanun pozuntuları, süründürməçilik haqqında məlumat verdim. 102 xidmətindən də mənə izah etdilər ki, hadisə yerində protokol yazılmalıdır və sizi qanunvericiliyin tələblərinə uyğun şəkildə yola salmalıdırlar. Bu polisin vəzifə borcudur”.

E.İbrahimov qeyd edir ki, 102 xidmətinə zəngdən sonra polisdən bildiriblər ki, protokolu ancaq Malik yaza bilər, bizim ixtiyarımız yoxdur.

“Onun telefon nömrəsini verdilər ki, özün zəng et, gör haradadır. Malikə zəng etsəm də, cavab vermədi. Məcbur olub, Şəmkir rayonu ərazisində Maliki axtarmağa başladıq. Maliki tapana kimi 120 km yol qət etmişdik. Sonda Maliki tapdım, ondan tələb etdim ki, 2-gün öncə cərimə meydançasına saldığın avtomobilə protokol yaz, mən gedim avtomobilimi götürüm. Malik isə əsəbiləşərək cavab verdi ki, indi vaxtım yoxdur, get 3 gündən sonra gələrsən. Yenə qayıtdım bölməyə, olanları müavinə danışdım, müavin dedi ki, mənim onun əvəzinə protokol yazmağa ixtiyarım yoxdur. Müavindən xahiş etdim ki, Maliki siz çağırın gəlsin. O da mənim yanımda bir neçə dəfə Malikə zəng vurdu, Malik telefonu qaldırmadı.

Məcburiyyət qarşısında təkrar 102 xidmətinə zəng vurdum. Xidmətdan mənə telefonu yaxınlığımda olan polis məmuruna verməmi istədilər, mən də telefonu müavinə verdim. Onların nə danışdığını bilmirəm. Danışıqdan sonra müavin otağa girdi. Hansı vasitəiləsə Malikə zəng etdi. 10-dəqiqədən sonra Malik gəldi. Protokolu yazdı, bir nüsxəsini mənə vermədi, mən etiraz edərək bildirdim ki, heç olmasa, protokolun şəklini çəkim, oxuyum, görüm ora nə yazmısan.

Malik mənim təkrar 102 xidmətinə zəng edəcəyimdən ehtiyat edərək protokolun bir nüsxəsini mənə verdi. Protokolu oxuyanda məlum oldu ki, protokol başqa cür yazılıb. Digər bir məsələ də mənim avtomobilimdə olan videokamerada olan sübutların pozulması haqqında dəlil-sübutların Malik tərəfindən silinməsi, yox edilməsidir. Orada olan dəlil-sübutlar silinməsəydi, mən pozulmuş hüquqlarımı bərpa edə bilərdim. Şəmkir DYP-də Malik adlı məmur qanunlara məhəl qoymur. O, istədiyi formada rüşvət alır, sürücülərlə istədiyi formada kobud rəftar edir. Rüşvət verməyənə isə yüksək məbləğdə cərimə yazır, narazılıq edənləri isə polislə hədələyir”.

Şikayətçi aidiyyəti qurumlardan, rüşvətxor məmur haqqında ciddi tədbir götürmələrini xahiş edir.

oxu.az

Şərhlər

XƏBƏR LENTİ