SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəki Regional Mədəniyyət İdarəsi 200000 manatı harada və necə yandırdı?

Şəki Regional Mədəniyyət İdarəsi 200000 manatı harada və necə yandırdı?

Tarix:

18-11-2019, 12:29

/ 4 670 dəfə oxundu.
Şəki Regional Mədəniyyət İdarəsi 200000 manatı harada və necə yandırdı?

Özündə Şimal-qərb bölgəsinin beş, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayonlarını birləşdirən Şəki Regional Mədəniyyət İdarəsinin fəaliyyətində ciddi qanun pozuntularına yol verilməsi barədə Aktualinfo.org onlayn qəzetdə bir neçə məqalə yazılaraq ictimailəşdirilib. Sözügedən məqalələrə nə Mədəniyyət Nazirliyi nə də Şəki Regional Mədəniyyət İdarəsindən heç bir münasibət bildirilmədi. Bu nə ilə əlaqədardır? İdarə rəhbərliyinin arxayınçılığı, mətbuata qarşı saymamazlıq, yoxsa dövlətin qanunlarına olan biganəlik? Mətbuata cavab verməmək yazılanlarla razılaşmaq əlamətindən başqa bir şey deyil. Əks halda,qanun pozuntularına yol verilmirsə niyə yazılanlara münasibət bildirilmir? Deməli bu arxayınçılıq və üstəgəl saymamazlıq əlamətləridir. Burada kim,kimə arxayındır deyə bilmərik,amma biz bir mətbuat orqanı olaraq dövlətimizə və onun qanunlarına arxayınıq.

Bu gün Şəki Regional Mədəniyyət İdarəsinə tabeli qurumlar içərisəndə yalnız rayon mərkəzlərində yerləşən mədəniyyət evlərinin,klubların, kitabxanalarin, müzeylərin fəaliyyəti nəzərəçarpacaq dərəcədə görsənir. Beş rayonun yerdə qalan kəndlərində yerləşən klub vəı kitabxanaların fəaliyyəti demək olar ki, yox dərəcəsindədir. Qeyd edək ki, bu bölgədə, Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində, Balakən rayonunda 19 klub tipli mədəniyyət müəssisəsi,1 şəhər mərkəzi kitabxanası olmaqla, 20 kənd kitabxana filialını özündə birləşdirən Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərir. Qax rayon üzrə nümayəndəliyində 33 kitabxana, 16 mədəniyyət evi, 8 klub var. Zaqatala rayon ərazisində 252 mədəniyyət obyekti ( mədəniyyət evi, klub, kitabxana, incəsənət məktəbi, Tarix Diyarşünaslıq Muzeyi) onlardan 28-i kənd mədəniyyət evi olduğu bəlli olsa da kitabxanaların sayı bəlli deyil. Oğuz nümayəndəliyində 21 klub müəssisəsi, o cümlədən 1 rayon, 3 kənd mədəniyyət evi, 23 filialı özündə biləşdirən MKS, var. Şəki rayonunda isə 40 -a yaxın kənd folklor və diyarşünaslıq klubu 60-a yaxın isə kənd kitabxanalarının olduğu rəsmən məlumdur. Lakin araşdırılsa bu kənd kitabxana və klublarının böyük əksəriyyətinin günün istənilən çağında qapısının bağlı olduğunu görmüş olarıq. Bölgədə olan bu qədər mədəniyyiət evlərinin, kitabxanaların fəaliyyətinə necə nəzarət olunur? Bu kitabxana və klubların qapısının sonuncu dəfə nə vaxt açıldığından Mədəniyyət Nazirliyinin və eləcə də Şəki Regional Mədəniyyət İdarəsi rəhbərliyinin xəbəri varmı? Sözügedən kənd kitabxanaları gün ərzində heç olmasa bir saat açıq olurmu? Yoxsa hansısa vəzifəlilərin uzaq – yaxın qohumları oturduğu yerdə sadəcə maaş alırlar. Bunlar bölgədə hamının gözləri qarşısında olanlardır. Bəs Şəki Regional Mədəniyyət İdarəsinin gizlinləri nələrdir?

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Şəki Regional Mədəniyyət İdarəsi 2018 ci ililn aprel ayında odun yanacağının alınması üçün tender elan edib. Sözügedən tenderi “Qarabulaq” Məhdud Məsuliyyətli Cəmiyyəti qalıb gəlib və 101811.51 manat dəyərində odun yanacağı alınıb. Maraqlıdır,həqiqətənmi alınıb? 11.04 2019 cu ildə də odun yanacağının alınması üzrə elan edilmiş tenderin qalibi “Qarabulaq” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 100975 manatlıq odun yanacağı üçün sifarış verilib.

Maraqlıdır görəsən Şəki Regional Mədəniyyət İdarəsi bu odun yanacağını harada yandırmaq üçün alıb? Axı rayon mərkəzlərində yerləşən bütün mədəniyyət evləri, klublar, kitabxanalar qazlaşdırılıb. Belə çıxır ki,odun yanacağı kənd mədəniyyət evlərinin, klubların, kitabxanaların qızdırılması üçün alınır. Lakin qeyd edək ki, bölgədəki kəndlərin böyük əksəriyyəti də qazlaşdırılıb. yerdə qalır beş-on ucqar dağ kəndləri. Bu dağ kəndlərində isə cəmi 3-4 ay sərt qış keçir və burada klubların yaxud da kitabxanaların qızdırılmasına ehtiyac olmur. Çünki, hər yeri qar basmış kəndlərdə hansısa kütləvi tədbirlərin keçirildiyinə məlumatlara görə heç kim rast gəlməyib. Kitabxanalar isə istər yay,istər qış daim bağlı olur. Bəs ucqar dağ kəndlərində 3-4 ay ərzində 200 000 manatlıq odunu necə yandırılır? Bu nə dərəcədə inandırıcı bir satınalmadır?

Bu qəribə satınalma ətrafında apardığımız araşdırmalar zamanı məlum oldu ki, Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi tenderlərdə qalıb olmuş “Qarabulaq” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi ünvanı Qax rayonu Əmircan kəndi göstərilib. Qanuni təmsilçisi Yunusov Şahin Şamil oğlu olan Məhdud Məsuliyyətli Cəmiyyət 2014-cü ildə 13 saylı ərazi vergilər idarəsində qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 manat olan bu MMC reyser məlumatlarında son dəyişikliyi elə yarandığı gün edib. Burada sual yaranır. Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi tenderdə neçə şirkət iştirak edib? İdarə hansı yüksək göstəricilərinə görə məhz “Qarabulaq” MMC-ni seçib? Bu odun yanacağı haradan alınıb? 2018-ci ildə alınan odundan təbii ki qalmaz, çünki hamısı “yandırılıb”. Bəs 2019-cu ildə alınan 100975 manatlıq odun hal-hazırda harada saxlanır?

Bu və bu kimi Mədəniyyət naziri Əbülfəz Qarayevdən cavab gözləyirik. Bir də Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Şəki Regional Mədəniyyət İdarəsində tender yolu ilə talanan, mənimsənilən dövlət vəsaitinin məqsədyönlü şəkildə xərclənməsinin köklü şəkildə araşdırılmasını istəyir.Bizi İzləyin.


Aktuallinfo.org

Şərhlər

XƏBƏR LENTİ