XalqXəbər.Az

Təzə rəis Fariz İsmayılov köhnə işçilərlə qərəzçilik aparır - ŞİKAYƏT

Təzə rəis Fariz İsmayılov köhnə işçilərlə qərəzçilik aparır - ŞİKAYƏT
11-10-2019, 16:04

"Təzə rəis dirəşmişdi ki, borcu olanların hamısının işığını kəs. Dedim, rəis, evində xəstə körpəsi olanı, qocası, əlili var... Borcları da böyük deyil. Allah götürməz axı, mən onları necə qaranlıqda qoyum? 1 gün ərzində öz cibimdən abonentlər üçün ümumilikdə 287 manat pul ödəmişəm ki, işıqlarını kəsməyim. 5 manat bunun borcu, 10 manat onun borcu...Bu hərəkətim rəisi qıcıqlandırdı, məni işdən qovdu. Halbuki, özünün 1000-1500 manat borcu olan yerliləri vardı, tapşırırdı ki, filan-filan ünvanlara getmə, laçınlıların işığına dəymə...”

DİA.AZ bildirir ki, bu barədə danışan Ağcəbədi sakini Rövşən Məmmədov 2 ildən çox Ağcabədi rayon Elekrtik Şəbəkəsində nəzarətçi-mühəndis işləyib. Ötən ilin iyul ayında işdən çıxarılıb. Deyir, hər şey “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəhbərliyi Ağcabədi rayon şöbəsinə yeri rəis təyin edəndən sonra baş verib. Onun sözlərinə görə, təzə rəis Fariz İsmayılov köhnə işçilərlə qərəzçilik apararaq onları işdən çıxarıb. İşdən çıxarılanların bəziləri sonradan müxtəlif yollarla yeni rəislə dil taparaq işinə qayıdıb, bəziləri məhkəmələrdə hakimlərə yol taparaq işinə məhkəmə yolu ilə bərpa olunub. O isə yalnız Azərbaycan Respublikasının qanunlarına söykənib, deyir, nə pulu, nə də arxasında dayananı olmadığına görə, məhkəmələr onun işə bərpası tələbini təmin etməyib.

Rövşən Məmmədov işdən çıxarılmasının səbəblərini sadalamaqda davam edir: “Mənimlə qərəzçilik aparırdı. Çünki qanunsuz hərəkətlərinə susmurdum. Dövlətin malını dədə malı kimi dağıdırdılar, etiraz edirdim. Bütün bunların nəticəsi idi ki, çalışırdı məni öz xidməti yerimdən “sürgün” eləsin, əvvəlcə uzaq kəndlərə göndərirdi, sonra özümdən xəbərsiz xidməti yerimi dəyişdi. Mən bundan yeni xidməti vəsiqəm veriləndə xəbər tutdum. Baxdım ki, xidməti ərazim Laçın sahəsi göstərilib. Soruşdum, bu, kimin ağlına gəlib? Mənim xidməti ərazim Ağcabədidir. Dedirlər, rəis belə məsləhət gördü”.

Rövşən Məmmədov deyir, işə götürülərkən onunla yalnız 1 aylıq sınaq müddəti müqaviləsi bağlanıb. Sonrakı vaxtlarda müqavilə bağlanmayıb. Ancaq məhkəmə vaxtı qarşı tərəf məhkəməyə guya vaxtilə onunla bağlanmış müqavilələr təqdim edib:

“Rəhbərlik öbaşınalıq edərək guya məni 3 aylığa müddətli işə götürdüyünü yazıb. Guya sonralar da müqavilənin müddəti bitdikcə, hər dəfə 3 aylıq müqavilə bağlanıb və ilyarım əvvəl növbəti 3 aylıq müqavilənin müddəti bitdikdən sonra şəbəkə rəhbərliyi növbəti müqaviləni bağlamayıb. Səbəb kimi göstərib ki, mən iş davamiyyətini pozmuşam, halbuki, hər gün işdə olmağımla bağlı tabeldə gündəlik imzalarım vardı. Rəhmərlik mənimlə 3 aydan bir müqavilə bağladığını bildirsə də, mənə verdiyi xidməti vəsiqənin etibarlılıq müddəti 31 dekabr 2020-ci il tarixədək idi. Məhkəmədə sual verdim ki, bu müqavilələr müddətli idisə, müddətli müqaviləylə işləyən işçiyə niyə 2021-ci ilədək etibarlı olan xidməti vəsiqə verilib? Susdular...”

Rövşən Məmmədov hesab edir ki, nəzarətçi-mühəndis vəzifəsi daimi xarakterli iş olduğundan müqavilələrin müddətli bağlanması qanunsuz olub: “Təzə rəis işə başladığı ilk günlərdən işçilərlə yaxşı münasibət qurmuşdu. Ancaq sonradan problemlər başladı. Qanunla nəzarətçi-mühəndisin vəzifəsi sayğacların üstünün oxunması, xətlərdəki nasazlığı, oğurluğu aşkar edib rəhbərliyə məruzə etməkdən ibarətdir. Qapı-qapı düşüb abonentlərdən işıqğulu toplamaq, borcu olanın işığını kəsmək bizim vəzifəmizə daxil deyil. Təzə rəhbərlik bunu bizdən tələb edirdi. Mən də yuxarı qeyd etdiyim kimi, xəstənin, əlilin, əli körpəli ailələrin işığını kəsmirdim. Təzə rəhbərlik də mənimlə qərəzi ən iyrənc formalarda davam etdirirdi. Məsələn, çox yaxın qohumumu itirmişdim, başım möhkəm qarışıq idi, üzümü təraş etməyə imkan tapmamışdım. Bu vəziyyətdə işə getməli oldum, tabelə qol çəkib hüzr yerinə qayıtmaq istəyəndə məni yanına çağırdı. Dedi: “Bundan sonra atan, anan da ölsə, üzünü tüklü görməyim”. Bu, bir müəssisə rəhbəri tərəfindən işçisinə qarşı olduqca qeyri-etik davranış idi. Oxşar davranışlar tez-tez baş verirdi”.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.