XalqXəbər.Az

Kəlbəcər qəbristanlığında DƏRƏBƏYLİK! Cavid Qurbanovun xeyir-duası ilə tikilən sexi niyə uçurdular ?

Kəlbəcər qəbristanlığında DƏRƏBƏYLİK! Cavid Qurbanovun xeyir-duası ilə tikilən sexi niyə uçurdular ?
26-09-2019, 13:32

Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşən Kəlbəcər qəbristanlığından şikayət var.

Kəlbəcərin Seyidlər kəndindən olan Verdiyev Ramil Əliqulu oğlunun bildirdiyinə görə, məcburi köçkün həyatı sürən kəlbəcərlilərin müraciəti və deputat Cavid Qurbanovun hərtərəfli dəstəyilə salınmış qəbristanlıqda özbaşınalıqdır.

Şikayətçinin dediyinə görə, vətəndaş Ağazadə Qabil Çərkəz oğlu qəbristanlıqda həyata keçirilən bütün dəfn işlərini tamamilə öz inhisarına keçirərək onun hüquqlarına və qanunvericiliyin bir sıra tələblərinə qarşı zorakı davranışlar nümayiş etdirir.

Belə ki, Ramil Verdiyevin iddiasına görə, qəbristanlıqda yeganə "qəbir monopolist"i kimi tanınan şəxs ötən həftənin cümə günü qəbristanlığın girişindəki 20 kv metrlik sexi yerlə yeksan etdirib. Müəmmalı və inanılmaz məhkəmə qərarı ilə həyata keçirilən "uçurulma əməliyyatı" nəticəsində şikayətçiyə 3000 (üç min) manatdan artıq maddi ziyan dəyib.

O bildirir ki, 2007-ci ildən - Kəlbəcər qəbristanlığının açılışından bu yana ərazinin abadlaşdırılmasında, mərhum həmyerlilərinin dəfnində fəal iştirak edib. Ailəsinin dolanışığı naminə millət vəkili Cavid Qurbanovun Xəqani adlı müavininin xeyir-duası ilə qəbristanlıqda həm bağban, həm gözətçi, eləcə də din xadimi qismində fəaliyyət göstərib. Namaz əhli olduğu üçün deputatın maliyyə dəstəyilə qəbristanlığın giriş hissəsində namazgah da inşa etdirib, əraziyə 100-dən artıq şam ağacını isə özü şəxsən əkib.

Şikayətçi deyir ki, əvvəlcədən razılaşdırılsa da, 10 il ərzində heç vaxt aylıq maaşı olmayıb. Və ötən il 6 nəfərlik ailəsinin dolanışığını bir az yaxşılaşdırmaq məqsədilə qəbristanlıqda kiçik bir sex tikib məzarlara dəmir məhəccərlər və çardaq düzəltməyə başlayıb. Bir müddət normal işləyib. Lakin, onun fəaliyyətini özünə qarşı zərərli rəqabət hesab edən Qabilin qəzəbinə tuş gəlib və sexinin uçurulmasına dair Göygöl Məhkəməsində iddia qaldırılıb. Nəticədə, sözügedən sexin iddiaçıya aidiyyatı və maneəçiliyi olmasa da iştirak etmədiyi məhkəmə qətnaməsinin kəsəri kasıba yönəldilib. Beləcə, bir neçə cəhddən sonra qərar 20 sentyabr 2019-cu ildə tam icra olunub, Ramilin tikilisi traktorun gücü, polis və icra məmurlarının iştirakı ilə tam dağıdılıb. Bununla yanaşı, Qabil adlı sahibkar namazgahı da özbaşına ələ keçirib.

Qətnamənin icrasına icra məmurunun və polislərin əvvəlki cəhdlərindən fotolar:
Şikayətçi olayı özünə qarşı haqsızlıq və vandalizm adlandırır. Haqlı olaraq da hesab edir ki, qəbristanlığın böyük bir ərazisi hansısa şəxsin ixtiyarına, "mülkiyyətinə" verilə bilməz. Əgər birinə verilibsə, buna hüquqi və mənəvi aydınlıq gətirilməlidir.

Bildirək ki, zərərçəkmiş dəfələrlə Kəlbəcərin icra başçısı Aqil Məmmədovun da qəbulunda olub, lakin, nədənsə başçı şikayətçini "hozu" adlandıraraq onu qəbulundan qovub.

Ramil Verdiyev Ağazadə Qabil Çərkəz oğlunun satdığı bahalı qəbir daşlarının, qara mərmərlərin hesabına varlandığını və harınladığını deyərək iş adamının vergidən yayındığını, heç kəsi saymadığını da vurğulayır. Məcburi köçkün başına açılan olayı pullu sifariş adlandırır.

Şikayətçi ona dəymiş zərərin ödənilməsini, sexin yenidən inşa edilərək fəaliyyətinə şərait yaradılmasını tələb edir.

Şikayətçinin özünün qəbristanlıqda lentə aldığı videomüraciəti oxucuya təqdim edirik

Adıkeçən hər kəsin saytımızda söz haqqı var!

"Demokratik.Az"
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.