SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısının viran qoyduğu İsmayıllı

İcra başçısının viran qoyduğu İsmayıllı

Tarix:

10-09-2019, 12:31

/ 916 dəfə oxundu.
İcra başçısının viran qoyduğu İsmayıllı

Redaksiyamıza mötəbər mənbələrdən daxil olan məlumata görə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacaq. Məlumata görə son illər İsmayıllı rayonunda iqtisadi geriləmənin olması, rayon əhalisinin sosial vəziyyətlərinin sürətlə pisləşməyə doğru getməsi artıq yuxarı instansiyaları hərəkətə keçirib. Mirdaməd Sadıqovdan əvvəl İsmayıllıya rəhbərlik edən Nizami Ələkbərovun vaxtında rayon əhalisinin sadə təbəqəsi məzlum günündə yaşayırdısa, indi İsmayıllının qismən imkanlı təbəqəsi – iş adamları da rayon rəhbərliyinin ucbatından səfil gününə düşüblər.
Qeyd edək ki, bir müddət öncə İsmayıllı rayonundan tanınmış iş adamı Vidadi İsgəndərov ölkə rəhbərliyinə müraciət edərək rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun onu aldadaraq müflis etdiyini bildirirdi. Xatırladaq ki, bu yaxınlarda İsmayıllı rayonunun prokuroru Ülvi Abbasov da rayonda fəaliyyət göstərən sahibkarardan külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilərək həbs edilib. Bu faktın özü İsmayıllı rayonunda rüşvət və korrupsiya faktının və həm də İcra Hakimiyyəti başçısının rayona nəzarət edə bilməməsinin bariz nümunəsidir.
Sabiq vergilər naziri Fazil Məmmədovun himayə etdiyi 4 icra başçısından biri elə Mirdamət Sadıqovdur. F.Məmmədovun kadrlarından olan Binəqədinin icra başçısı Xaləddin İsgəndərov, Gədəbəyin icra başçısı Ramiz Yediyarov vəzifələrindən uzaqlaşdırılıblar, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun kreslosu isə “laxlayıb”. Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Gədəbəydə olarkən ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün rayon icra hakimiyyətinin kollektivinə müvafiq məsləhət və tövsiyyələrini verib. Zeynal Nağdəliyev onu da bildirib ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib.
Maraqlıdır ki, analoji vəziyyət elə İsmayıllıda da hökm sürməkdədir. Mirdamət Sadıqovun rayonun rəhbəri olaraq işinin öhdəsindən tam olaraq gələ bilməməsi də durumu kritikləşdirir. Yaşıl Market” kimi tanınan bazarın sahibi Vidadi İsgəndərovun Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovdan şikayətçi düşməsi buna bariz nümunədir. Rayondan gələn sahibkar şikayətləri artır və buna görə də yaxın günlərdə İsmayıllının icra başçısı da işini itirəcək. Və onun yerinə daha gənc və rayonda islahatlar apara biləcək icra başçısının təyin olunacağı gözlənilir.
Bundan başqa daxil olan məlumata görə artıq adıçəkilən icra hakimiyyətində büdcə vəsaitlərinin istifadəsi ilə bağlı yoxlamaların aparılacağı deyilir. Daxil olan məlumata görə, Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq İcra Hakimiyyətində audit yoxlamalarına başlayacaq. Bəzi məlumatlara görə, məsələnin qəlizliyini anlayan, icra başçısı nöqsanları ört-basdır etmək üçün müxtəlif yollar axtarır. Çünki o, professordur, uzun illər rektor işləyib. Amma adı milyonluq qalmaqallarda, rüşvətxorluqda, özbaşınalıqda, brilyant biznesində hallanır.
Bu rayonda problemlər hədsizdir, sakinlər onların həllinə ümidi itiriblər. Ölkənin bu cənnət məkanında insanlar cəhənnəm əzabı çəkir. Azərbaycanın cənnət məkanlarından biri olan İsmayıllıda təbiətin gözəlliyindən fərqli olaraq əhalinin durumu cəhənnəmi xatırladır. 2013-cü ilin yanvar ayındakı məlum olaylardan sonra rayonun icra başçısı Nizami Ələkbərov vəzifəsindən azad edildi. Onun yerinə İsmayıllıdan olan professor Mirdaməd Sadıqov gətirildi. Düşünülürdü ki, rayona yerli bir nəfərin başçı qoyulması mövcud problemləri aradan qaldıracaq. Lakin Mirdaməd Sadıqovun bu müddət ərzindəki fəaliyyəti bunun tam əksini sübut edir. Sakinlərin sözlərinə görə, M.Sadıqov sadəcə təyinatının ilk aylarında vətəndaşlarla görüş keçirib, onları narahat edən məsələləri dinləyib. Amma qısa müddət sonra qolunu çirməyib, rüşvət yığımına başlayıb. Şikayətçi olan rayon sakinləri bildirir ki, başçı özünü göstərmək üçün fevral və mart aylarında bir neçə dəfə sakinlərlə görüş keçirdi. Vəd verdi ki, problemlər zamanla həllini tapacaq. Amma rayon rəhbəri verdiyi sözü tutmayıb. Rayondakı sosial problemlərin böyük hissəsi hələ də qalır. Məlumata görə Mirdaməd Sadıqov isə rayonda qazandığı pulları Bakıda sələmə verir və daş-qaş biznesinə yatırır. Bakıda, eləcə də Yasamalda məşhur olan Sevda adlı qadın var. “Sələm Seva”, “brilyant Seva” adı ilə tanınır. Əldə etdiyimiz məlumata görə, Mirdamət Sadıqovun brilyant biznesini Seva idarə edir. Adının çəkilməsini istəməyən mənbəmiz deyir: “Professorun brilyant biznesi var. İdarəsini Sevaya həvalə edib. Seva bu işlərdə professionaldır. Nə pulun, nə də brilyantın, eləcə də qızılın dəyərinin ölməsinə imkan vermir. Pul verir qızıl brilliant alır. Əvvəllər özü üçün məşğul idi bu işlərlə. İndi professor üçün işləyir. Sələm verir, qızıl alır. Briliant satışı ilə məşğul olur”.
İsmayıllının icra başçısı Mirdamət Sadıqov bu vəzifəyə qədər rektoru olduğu Dövlət Aqrar Universitetində qazandığı “aqrar təcrübə”ni rəhbəri olduğu rayonda tətbiq etməyə başlayıb. Amma bu ona baha başa gəlib: ” Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kənd üzrə buğda əkini üçün ayrılmış 799 min 397 manat 20 qəpik vəsaitin ən azı 35-40 faizini saxta sənədlər tərtib edilməklə mənimsənilməsi haqda ciddi şübhələrini təftiş edib. Nazirlik bu şübhələrində əminliyi təmin etmək üçün İsmayıllının 5-6 kəndində monitorinqlər də aparıb. Və bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb. 32 kənd üzrə 5723 hektar buğda əkildiyi haqda sənədlər tərtib edən Mirdamət Sadıqovun yerli icra nümayəndələrindən ibarət komissiya ümumilikdə 19 min 984 hektar 93 sot buğda səpini aparıldığını rəsmi sənədlərdə qeyd edib. Buna uyğun olaraq isə rayon üzrə 799 min 397 manat 20 qəpik pul ayrılıb. Lakin bu qədər hektara və ayrılan dəstək puluna rəğmən, məhsuldarlığın gözlənildiyindən kəskin aşağı olması, nazirliyi hərəkətə gətirib. Elə bu fakt da Mirdamət Sadıqov, onun aqrar məsələlər üzrə müavini Həsən Həsənov və yerli icra nümayəndələrini qorxuya salıb. Nazirlik əsasən rayonun Qubaxəlilli, Ruşan, Qalagah, Qoşakənd, Tircan, Hacıhətəmli, Kəlbənd, həmçinin İsmayıllı şəhər İnzibati nümayəndəliyinin hesabında yer alan rəqəmlərin ciddi şəkildə saxtalaşdırılmasını aşkarlayıb”.
Kənd sakinləri Mirdamət Sadıqovdan narazıdı. Mənbə bildirir ki, şikayətçilərlə kobud davranan başçı, onları ələ salmaqdan da çəkinmir:”Rayona başçı təyin olunandan bütün görüşlərində, tədbirlərində milyonlardan danışır. Amma ortada heç nə yoxdur. Bizlər bu milyonlardan heç bir fayda görə bilmirik. Ancaq başçının bütün yaxın ətrafı az müddətdə varlanıb, yüksək imkan sahibi olub. Mirdamət Sadıqovdan soruşuram: bu milyonlar ayrılıbsa, hanı, ayrılmayıbsa, bu yalanları kimə deyirsiniz? Mirdamət müəllimə deyirəm ki, evim uçur, o da yanında oturan məmurlara göz vurub mənə bankada dərman təklif edir. Ona söz deyən kimi deyir ki, tez-tez qəbula gəlməyin, ürəyim xəstədir. Xəstəsinizsə, bu vəzifədə nə işiniz var? Işləyə bilmirsiniz, əl çəkin, qoyun bacaranlar işləsin. Insanların qarnı yalanla doymur, onlara iş, çörək, dərdinə əlac edən rəhbər lazımdır, ay hörmətli müəllim”.
İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının dövlət büdcəsindən milyonlarla pullar ayrılıb. M. Sadıqov tənbəllik etməyib, özünə yaxın şirkətləri təmir-tikintiyə cəlb edib. Kiçik bir qismi ilə yüngülvari işlər görən firma, vəsaitin böyük qismini başçıya təhvil verib. Sakinlərin sözlərinə görə, rayon ərazisində hələ də içməli su problemi aktualdır: “Evlərə qədər borular çəkilib, ancaq su verilmir”. Əldə etdiyimiz məlumata görə, rayon rəhbərliyinin gördüyü iş ancaq İcra Hakimiyyətinin qarşısını abadlaşdırmaqdan ibarətdir: “İcra hakimiyyətinin binasının yanı, Zərifə Əliyeva adına park abadlaşdırılır, vəssalam… Başçı düzəlmiş yerləri söküb, yenidən düzəldir. Zərifə Əliyeva parkını sökdü, adını da dəyişib, uşaq və gənclər parkı etdi. İcra başçısının rayonda gördüyü iş budur”. Həmçinin, rayonda yeni tikilən və açılışı olan uşaq bağçası da işləmir: “Dövlət başçısı rayona gəlib, uşaq bağçası açdı. Təmirli, yüksək standartlara malik bağça idi. O, gedən kimi bağçanın qapısını bağladılar. İcra başçısı Prezidentin açdığı müəssisələri də işləməyə qoymur”. Mənbənin sözlərinə görə, sakinlər şikayətlənirlər ki, dörd il əvvəl Yaponiya səfirliyinin dəstəyi ilə tikilən artezian da sökülərək, yararsız hala salınıb.
Prezidentin dəfələrlə “qohum-əqraba sisteminə son qoyun” əmrindən deyəsən Mirdamət Sadıqovun xəbəri yoxdur. O, müavinlərini yox, öz yaxınları olan kənar şəxsləri rayonun idarəetməsinə cəlb edir. Qeyri-qanuni olaraq, saxta müqavilələrlə pensiya yaşında olan adamları – Valeh Salehovu, Fərman Bəşirovu, Bəhram Tanrıverdiyevi yanına gətirib, sovet ideologiyası ilə rayonu idarə edir. Kadr məsələlərinə, tikinti işlərinə, rayonda olan hər şeyə onlar baxırlar. İcra başçısının bütün hərəkətlərini onlar tənzimləyirlər. Başçı onlara paket verərək, işlədir. Rayonda iş yerlərini ancaq başçının yaxınları, qohumları olan lahıclar tutublar. Yəni etnik ayrı-seçkilik salırlar.
Məsələ ilə bağlı araşdırma apararkən məlum olub ki, İsmayıllı rayonunun mərkəzini içməli su ilə təhciz etmək üçün dövlət büdcəsindən bir neçə il ərzində 40 milyon manat pul ayrılıb. Həmin pulla evlərə su xətlərinin çəkilməsi, iri su mənbələri və xətlərinin inşası, anbarların tikilməsi və digər işlər görülüb. Elə işi həyata keçirən «Azərsu» ASC də təsdiq edir ki, onlar hər şeyi hazır edib, İsmayıllı İcra Hakimiyyətinə təhvil veriblər. Və artıq işin bu yerində nələrin baş verdiyini bilən yoxdur. Amma 40 milyon manatın nəzarəti bir başa Mirdamət Sadıqovda olduğuna görə, həmin vəsaitin taleyinin nə yerdə olması az-çox hamıya bəlli olur. Birdə bu məlumdur ki, İsmayıllının rayon mərkəzində yaşayan insanlar illərdin içməli su üzünə həsrət qalıblar.
Rayonun icra başçısı Mirdaməd Sadıqovun isə başı öz problemlərinə qarışıb. Alimlik dərəcəsinə qədər yüksələn sözügedən şəxs artıq rayona nəzarəti tamamilə əldən verib. İddialara görə, İsmayıllıda bir sıra yolların çəkilməsi, təmir işləri, abadlıq məsələləri ilə əlaqədər ciddi problemlər yaranıb. Daha doğrusu, icra başçısı rayonda bir sıra təmir, tikinti işləri, yolların çəkilməsini yerli iş adamlarına tapşırıb və onlara vəd edib ki, işlər başa çatdıqdan sonra onlara çəkdikləri xərc ödəniləcək. Amma son bilgilərə görə, Mirdaməd Sadıqovun yerli iş adamlarına xeyli borcu yaranıb. Və icra başçısının həmin pulları verə bilmir. Məlumat verən mənbələrin iddiasına görə, Mirdaməd Sadıqov üzləşdiyi problemdən dolayı rayondan getmək istəyir. Daha doğrusu, o, icra başçısı postunu deputat mandatına dəyişməklə bu arzusunu həyata keçirməyə çalışır.
Hər kəsə yaxşı məlumdur ki, İsmayıllı turizmi inkişaf edən ən səfalı yerlərdəndir. Burada xeyli istirahət mərkəzləri fəaliyyət göstərir. Məlumatlı mənbə bildirir ki, Mirdamət Sadıqov bu mərkəzlərə əl qoyub. Belə ki, o, hər bir istirahət mərkəzinin sahibindən xərac tələb edir. Ümumiyyətlə götürdükdə isə rayonda yerli sakinlərin və sahibkarların narazılıqları son həddə çatdığından təcili tədbirlər görülməlidir. Əks halda rayonda əvvəlki icra başçısının yaratdığı xaosa oxşar hadisələr baş verə bilər. Narazılıqların qarşısının alınması üçün isə ən yaxşı vasitə icra başçısının daha layiqli kadrla əvəz edilməsidir.
Mövzuya qayıdacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ