SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Biləsuvarın Suvarma İdarəsində bulanıq işlər -ŞİKAYƏT

Biləsuvarın Suvarma İdarəsində bulanıq işlər -ŞİKAYƏT

Tarix:

8-09-2019, 23:37

/ 1 139 dəfə oxundu.
Biləsuvarın Suvarma İdarəsində bulanıq işlər -ŞİKAYƏT

Biləsuvar şəhər Suvarma Sistemlər İdarəsinin işdən çıxarılmış 15 nəfərə yaxın işçisi bizə müraciət edərək, şikayətlərinin səlahiyyətli orqanlara çatdırılmasını xahiş edib. İşçilərin yazdığına görə, Biləsuvar şəhər Suvarma Sistemlər İdarəsinin (SSİ) müdiri Ədalət Babayev insan resursları şöbəsinin (kadrlar şöbəsi) müdiri Məşədi Kazım İbişovla əlbir olaraq idarənin işçilərini soyur. Bu cütlük əməkdaşları işdən çıxarma yolu ilə hədələyərək onlardan pul qopardır. Plan belə işləyir: Məşədi Kazım müdirə üç- beş işçinin siyahısını verir və müdir onları qəbula çağırıb işdən qovur. İşdən qovulmuş işçilər ordan Məşədi Kazımın otağına gəlib onlara kömək etməyi xahiş edirlər. Məşədi Kazım da ssenari üzrə hərəkət edərək, bir neçə gün gözləməyi məsləhət görür. Müəyyən vaxt keçdikdən sonra Məşədi Kazım bunları çağırıb,
sentyabr ayından əmək haqqının 300 manat olduğunu xatırladır və 1000 manat verəcəkləri halda onları öz iş yerlərinə bərpa etdirəcəyini deyir. Bu məbləği ödəyə bilən işinə davam edir, imkanı çatmayan isə işini itirir. Hazırda işini itirən işçilərin ağır olan vəziyyəti daha da ağırlaşıb.

İşdən çıxarılmış işçilərin ailələri Biləsuvarda yeni istifadəyə veriləcək Biləsuvar şəhər 1 saylı tam orta məktəbin açılışı ilə bağlı Biləsuvara gələcək dövlət başçısının qarşısına çıxmağa hazırlaşırlar. Əgər bu baş tutmasa, onlar icra hakimiyyətinin qarşısında özlərini yandıracaqlarını deyiblər. “Artıq 17 ildir bu idarədə müdir işləyən Babayevə heç kim “dur” deyə bilmir. Özünü neft maqnatı kimi hiss edən Ədalət Babayev demək olar ki, ölkə başçısını da saymır.
Dövlət tərəfindən idarəyə ayrılan ağır və yüngül texnikalar onun göstərişi ilə sahibkarlara xidmət edir. Necə illərdi Biləsuvar əhalisi Kərbəla müsibəti çəkir səbəb odur ki, Ədalət suyu balıqçılıqla məşğul olan sahibkarlara satır və bu pulların yığılmasına birbaşa Məşədi Kazım nəzarət edir.
Bu idarənin başqa funksiyası da var. Əgər kiməsə staj lazımdısa, bizim Məşədi Kazıma yaxınlaşır və Məşədi müəyyən məbləğdə pul alaraq adamı işə götürür, əmək haqqı kartda Məşədidə qalmaq şərti ilə. Əgər işçiləri bir yerə yığmaq əmri verilsə, Məşədi Kazım 24 saat ərzində işçiləri bir yerə yığa bilməz. Çünki işçilər əmək haqqı kartını Məşədiyə verib özləri Dağıstanda, Dərbənddə və digər yerlərdə işləyirlər. Məşədini tutub silkələsəniz, cibindən ən azı 30 kart düşəcək. Biz 15- ə yaxın işdən qovulmuş işçi sizdən xahiş edirik ki, bizim şikayətimizi aidiyyatlı orqanlara çatdırasınız.”

"Azadlıq"

Şərhlər

XƏBƏR LENTİ