XalqXəbər.Az

Qaxda Qafqaz Albaniyasının kilsələri "yetim" qalıb - Atillanın izi isə yox olmaqdadır

yüklənir...
Qaxda Qafqaz Albaniyasının kilsələri "yetim" qalıb - Atillanın izi isə yox olmaqdadır
26-08-2019, 09:44
yüklənir...

Ünvanı Qax rayonunun Ləkit Kötüklü kəndində, Mamırlı adlanan şəlalənin yaxınlığında olan Yeddi Kilsə Monastır kompleksi tamamilə baxımsız vəziyyətdə qalıb. 16 əsrdən artıq yaşı olan bu abidənin dağılması kənd sakinlərini də ciddi narahat edir.

Sputnik Azərbaycan-ın müxbirilə həmsöhbət olan kənd sakini Emin Şirinli də yaranan durumdan narazıdır. O deyir ki, 4-5-ci əsrlərdən dövrümüzədək çatan bu məbəd diqqətsizliyin, laqeydliyin qurbanıdır: “Qədimlərdə bizim kəndimizin ərazisində Albaniyanın dini mərkəzi mövcud olub. Məbəd qala qapıları və 7 kilsədən ibarət olub. Bu səbəbdən də abidəyə Yeddi Kilsə Monastır Kompleksi adı verilib. Hazırda kompleks çox bərbad vəziyyətdədir, hətta dağılmaq üzrədir. Düzdür, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoyulan lövhədə abidənin dövlət tərəfindən qorunduğu qeyd olunur. Lakin təəssüf ki, bu gün bizim tariximiz baxımsız vəziyyətdədir. Düşünürəm ki, turistləri buraya cəlb etməklə tariximizi dünyada da tanıtmış olarıq”.

Həmsöhbətimiz deyir ki, kəndlərində Mamırlı adlanan şəlalə var və gələn turistlərin hamısı oraya baş çəkir. Amma şəlalədən təxminən 50-60 metr yuxarıda yerləşən bu tarixi abidə ilə kimsə maraqlanmır: “Kəndin aşağısındakı Ay məbədi, Hamam kompleksi də eyni vəziyyətdədir. Həmin Ay məbədindən dünyada cəmi üç yerdə var. Onlardan biri Misirdə, digəri İraqda və biri də Azərbaycanda yerləşir. Xəritədə, "Google Maps"-də baxaraq bu məbədləri birləşdirdikdə bir üçbucağın yarandığını görə bilərik. Hətta bəzi rəvayətlərə görə, Ay məbədi Hun imperiyasının hökmdarı Atillanın sifarişi ilə nəvələri üçün ucaldılıb. Buraya qızıl axtaranlar gələrək onun divarlarını dağıdırlar. Düzdür, buradan 2-3 küp qızıl tapan olub, amma bu, nəticə etibarı ilə yenə də bizim tariximizin dağılmasıdır”.

“Təəssüf ki, Yeddi Kilsə Monastır kompleksi kimi bu abidələrin də vəziyyəti getdikcə pisləşir. Bütün bunlar, laqeydlik, diqqətsizlik isə bir kənd sakini olaraq məni narahat edir. Bunun üçün hətta elektron formada da müxtəlif ünvanlara məktublar ünvanlasam da, cavab almamışam. Hətta Mədəniyyət Nazirliyinə göndərdiyim məktuba cavab olaraq "oldu, yaxşı" deyən də olmayıb”, - deyə o, əlavə edib.

E. Şirinli deyir ki, hazırda ərazidə ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrini görmək olar. Onlar da mövsümdə bir dəfə turistlərin daha çox üz tutduğu ünvanda, yəni Mamırlı şəlaləsinin yanında çay satmağa icazə olmadığı üçün əraziyə baxış keçirir və çay satanları dağıdırlar.

Kompleksə ümumilikdə doqquz abidə daxildir ki, onlardan da yeddisi kilsələr və onlara bitişik olan rahiblərlə qonaqların yaşaması üçün binalar, zəng qülləsi, hündür keşikçi qülləsi və kompleksin təhlükəsizliyini təmin etmək üçün çəkilmiş möhkəm qala divarlarıdır.

Məbədin dövrümüzə çatmış qalıqları onun keçmiş möhtəşəm memarlıq siması haqqında müəyyən qədər də olsa, təsəvvür yaradır.

Yeddi Kilsə tarixi Azərbaycan ərazisində Qafqaz Albaniyasının ən qədim monastır komplekslərindən biridir. Monastırın ərazisində 1980-ci ildən (fasilələrlə) arxeoloji tədqiqat işləri aparılıb.





yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.