SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » RAYON POLİSİ OĞRULARI HƏBS ETMƏK İSTƏMİR? – Məcburi köçkün DİN nazirindən kömək istəyir

RAYON POLİSİ OĞRULARI HƏBS ETMƏK İSTƏMİR? – Məcburi köçkün DİN nazirindən kömək istəyir

Tarix:

5-08-2019, 14:52

/ 891 dəfə oxundu.
RAYON POLİSİ OĞRULARI HƏBS ETMƏK İSTƏMİR? – Məcburi köçkün DİN nazirindən kömək istəyir

Laçın rayonu Hacılar kəndindən məcburi köçkün, hal-hazırda Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində “Qış obaları” adlanan ərazidə məskunlaşan Allahverdiyeva Gülmayə Hümbət qızı ölkə Prezidenti İlham Əliyevə, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya və eləcə də Daxili İşlər naziri Vilayət Eyvazova və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

Müraciətlərinin bir nüsxəsini də “AzPolitika.info”ya təqdim edən Gülmayə Allahverdiyeva ortada cinayəti açmaq üçün əhəmiyyətli dəlillərin olmasına baxmayaraq, 6 baş iribuynuzlu mal-qarasını oğurlayanların rayon polisi tərəfindən tapılaraq cəzalandırılmamasından şikayətçidir.

G.Allahverdiyeva müraciətində bununla bağlı məlumat verməzdən öncə ağır ailə vəziyyətindən bəhs edib. 1992-ci ildən Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşdıqlarını, çətin şəraitdə yaşadıqlarını bildirib: “3 azyaşlı övladımın hər biri müxtəlif xəstəliklərdən əziyyət çəkir. 15 yaşında olan böyük oğlumda skalioz xəstəliyi, 12 yaşlı ortancıl qızımın beynində patoloji çatışmazlıq, 10 yaşlı kiçik oğlan övladımın isə böyrəklərində iltihabi proseslər var. Ailəmizi dolandırmaq üçün mal-qara saxlayırdıq”.

Gülmayə Allahverdiyevanın yazdığına görə, 2018-ci ilin aprel ayının 27-də gecə vaxtı onlara məxsus 6 baş iri buynuzlu mal-qaranın oğurlanması ailənin yaşayışını daha da ağır vəziyyətə salıb. O, bu hadisənin ciddi araşdırılmadığını, oğurluğu törədə biləcək şəxslər məlum olsa da, onlar haqda lazımi ölçü götürülmədiyini iddia edir: “Bizim şübhələndiyimiz şəxslər dəfələrlə dindirilməsinə baxmayaraq, onlar haqqında ciddi tədbir görülməyib. Gecə mal-qaranın saxlandığı yatağın yerləşdiyi adanın hər tərəfi su ilə əhatə olunub. Orada bircə dənə darvaza var. Həmin darvazanın bir neçə mühafizəçisi var. Həmin gün o darvazanın açarı İmişli rayon sakini Həmzə adlı şəxsdə olub. Mal-qara oğurlanmadan əvvəl həmin darvazanın mühafizəçisi Həmzənin iki qardaşı gecə saatlarında bizim yatağın yaxınlığında olublar. Laçın rayon Polis İdarəsinin əməkdaşları onları saxlayıb, soruşublar ki, “gecə yarısı burada nə gəzirsiz”. Onlar deyiblər ki, biz Laçın rayon Hacılar kənd sakini Mirzə Mirzəyevin evinə qonaq gedirik. Həmin vaxt polislərdən biri Mirzəyə zəng edib. Qonağın kimliyini deməyib, amma onun evini axtardıqlarını bildirib. Mirzə isə evdə olmadığını söyləyib. Sonradan məlum olub ki, Həmzənin iki qardaşı qonaq yox, Ağgölə Mirzə ilə Həmzənin olduğu yerə gedirmişlər. Onlardan şübhələnməyimizin səbəbi də oğurluq baş verən gecə onların birlikdə mallar oğurlanan yerdə olmalarıdır”.

Gülmayə Allahverdiyevanın sözlərinə görə, qonşuları olan Mirzə Mirzəyevin onlarla ədavəti var. Məhz Mirzənin onların mallarını nişan verdiyi, Həmzənin qardaşlarının isə oğurladığından şübhələnir: “Mən oğurluq baş verən gecə Mirzənin axşam saatlarında silahlı Ağgölə getdiyini, səhər saatlarında isə qayıtdığını görmüşəm. Dindirilmə zamanı Mirzədən niyə soruşulmur ki, 70-80 baş mal-qaradan niyə ancaq 2 nəfərin malları oğurlanıb. Oğru kənar adam olsaydı, malları seçə bilməzdi. Sadəcə kimin olmasına baxmayaraq seçmədən oğurlayardı…”

Şikayətçinin sözlərinə görə, oğurluqda Mirzənin, Həmzənin və onun qardaşlarının iştirak etməsindən şübhələnməsi üçün ciddi əsaslar olsa da, istintaq lazımı şəkildə aprılmır: “Mirzə özü oğurluq olan gecə Ağgöldə olduğunu həm Laçın polislərinə, həm də Ağcabədi polislərinədə etiraf edib. Ancaq ondan soruşulmur ki, gecə saatlarında niyə evində yox, oğurluq baş verən ərazidə olmusan? Eyni zamanda adadan çıxan darvazanı qoruyan Həmzə oğurluq olan gecə yerində olmadığını deyir. Halbuku, hamı bilir ki, Həmzə hətta siqaret almaq üçün belə 5 dəqiqə yerindən ayrılan adam deyil. Polis ondan soruşmur ki, işində məsuliyyətli olan Həmzə niyə məhz oğurluq olan gecə “postu” nəzarətsiz qoyduğunu iddia edir. Niyə soruşulmur ki, sən həmin gecə nəzarət etməli olduğun “postu” kimə tapşırmışdın?”

Gülmayə Allahverdiyevanın fikrincə, oğurluğu kimlərin həyata keçirdiyini tapmaq elə də çətin deyil: “Şübhəlilərin bir-biri ilə telofon əlaqəsini, onların danışıqlarını çıxarmaqla, həmçinin gecə saatlarında oğurluq baş verən ərazidə birlikdə nə işlə məşğul olduqlarını araşdırmaqla bunu müəyyən etmək olar”.

Prezidentin, I Vitse-prezidentin məcburi köçkünlərə daim yüksək qayğı göstərdiklərini vurğalayan G. Allahverdiyeva, ölkə rəhbərliyindən, eləcə də yeni Daxili İşlər naziri təyin olunan Vilayət Eyvazovdan şikayətini xüsusi nəzarətə götürmələrini xahiş edir: “Rayon polisinin bu məsələni ciddi şəkildə araşdırmadığını, suallarımı cavabsız qoyduğunu, nədənsə oğurluq faktının üstünü açmağa səy göstərmədiyini düşünürəm. Xahiş edirəm cinayətkarın kimliyini müəyyən etmək, oğurlanmış 6 baş mal-qaramın tapılması üçün mənə köməklik edəsiniz. Ümid edirəm ki, mənim bu müraciətimi cavabsız qoymayacaqsız”.

Müraciətdə adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.


Şərhlər

XƏBƏR LENTİ