XalqXəbər.Az

"Kürdəmir İcra Hakimiyyətində dedilər ki..." - GİLEY

yüklənir...
"Kürdəmir İcra Hakimiyyətində dedilər ki..." - GİLEY
30-07-2019, 09:39
yüklənir...

Kürdəmirin Muradxan kəndindən olan Zülfiyyə Məmmədova dolanmaq üçün rayon mərkəzinə üz tutsa da, burada yalnız çətinlik görüb. İndi altı uşağı tək böyütmək məcburiyyətində qalıb. Dediyinə görə, evdə adi yemək tapmaq müşkül məsələyə çevrilib.

“Məhkəmə ədalətsizlik elədi”

Zülfiyyə Məmmədova övladları ilə Kürdəmirdə kirayədə yaşayır. Danışır ki, iki dəfə ailə həyatı qurub. İlk nikahdan iki övladı olub. Həyat yoldaşı ilə yolları ayrılandan sonra aliment almaq istəyib. Məhkəməyə müraciət edib, oradan keçmiş həyat yoldaşını tapmadıqlarını bildiriblər. Bir müddət sonra Zülfiyyə ikinci dəfə ailə həyatı qurub:

“Çox ağır idi vəziyyətim. İkinci dəfə ailə həyatı qurdum ki, uşaqlara, mənə sahib çıxsın. Dörd övladımız dünyaya gəldi. O da altı il əvvəl atıb getdi. Tək qadının bu qədər külfəti saxlaması mümkün deyil”.

Zülfiyyə yenə aliment almaq üçün ikinci həyat yoldaşının doğulduğu Salyandakı yerli məhkəməyə üz tutub. Qadın iddia edir ki, məhkəmə ona qarşı ədalətsizlik eləyib, əleyhinə qərar çıxarıb:

“Salyan məhkəməsinə on dəfə getmişəm. Dedilər ki, oğlanın psixi problemləri var, aliment düşmür. Halbuki, normal adamdı. Xəstəxanada bir ay yatdı ki, aliment verməsin. Məhkəmə bilərəkdən onun xeyrinə qərar çıxardı”.

Qadın danışır ki, dörd uşağının atası indi Bakıda yaşayır. Ondan boşanandan sonra bir dəfə də ailə həyatı qurub, ayrılıb. Uşaqlarla heç maraqlanmır.

“Məscid kömək edir”

Zülfiyyə Məmmədova çoxuşaqlı ana kimi pul alır, amma dolanışığa çatmır. Deyir ki, təkcə kirayə pulu, kommunal xərclər 200 manatı keçir. Məscid köməyinə çatır, ona ərzaq göndərirlər:

“Siz gəlməmişdən bir az əvvəl məscidə zəng vurub yenə yardım istədim. Kömək eləməsələr, acından ölürük”.

Zülfiyyə kömək üçün çox yerə müraciət edib. Hətta Kürdəmir Rayon İcra Hakimiyyətinə də gedib:

“Uşaqları saxlaya bilmədiyimi danışdım. İcra Hakimiyyətində dedilər ki, necə doğmusan, elə də saxla”.

Zülfiyyənin yaxınları da imkansızdır, çoxuşaqlı ailəyə kömək edə bilmirlər. Kirayə yaşadığı evlərdən pulu ödəmədiyinə görə qovulduğu da olub, bir-iki gün bacısına sığınıb:

“Arasında yaxşısı da olub. Ev yiyəsi vardı, məni bir il pulsuz saxladı”.

Qadının valideynləri Muradxanda yaşayır. Deyir, xəstə, qoca adamlardır, onların özünə kömək lazımdır.

“Evdə bir parça çörək yoxdu ki, uşaqlara verim”

Zülfiyyə Məmmədova üç dəfə əməliyyat olunduğunu deyir. Övladlarından üçü xəstəliklərdən əziyyət çəkir, onların da müalicəsinə az pul xərcləmir:

“Heç bir yerdə işləmirəm. Belə baxıram, bu qədər uşaqla heç işləmək də mümkün deyil. Üstəlik, xəstədilər. Sənan, ümumiyyətlə, danışa bilmir. Keçən il məktəbdən saxlatdırmışam. Sentyabrda o biri oğlumla dərsə gedəcək. Qızım Elza avtomobil qəzasından sonra ciddi problemlərlə yaşayır. Həmişə başağrıları olur. Səidin təcili əməliyyata ehtiyacı var. Gözündə çəplik yaranıb”.

Bu il Zülfiyyənin bütün uşaqları eyni vaxtda məktəbə gedəcək. Deyir ki, onsuz da çanta çatmırdı, növbə ilə götürürdülər:

“Təsəvvür edin, altı uşağın məktəbə getməsi nə deməkdi? Onları necə yola salacam? Paltar tapmıram geyindirməyə. Əynində gördüklərinizin heç birini almamışıq, hamısını başqaları verib. Köhnə paltarlardı”, – qadın belə danışır.

Zülfiyyə uşaqların eşitmədiyinə əmin olandan sonra yavaşca deyir ki, neçə dəfə intihar eləmək istəyib, amma onlara görə son anda fikrindən daşınıb:

“Bu dəqiqə evdə bir parça çörək yoxdu ki, uşaqlara verim…”

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.