SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » MƏHKƏMƏ ÖZBAŞINALIĞININ ŞƏKİ MODELİ - Eyni binada apellyasiya instansiyasından qonşu otağa iş 3 aydan sonra “çatıb”

MƏHKƏMƏ ÖZBAŞINALIĞININ ŞƏKİ MODELİ - Eyni binada apellyasiya instansiyasından qonşu otağa iş 3 aydan sonra “çatıb”

Tarix:

1-07-2019, 10:06

/ 1 013 dəfə oxundu.
MƏHKƏMƏ ÖZBAŞINALIĞININ ŞƏKİ MODELİ - Eyni binada apellyasiya instansiyasından qonşu otağa iş 3 aydan sonra “çatıb”

Konstitusiyanın 60-cı maddəsi hər kəsin inzibati və məhkəmə qaydasında hüquq və azadlıqlarının müdafiəsinə, hər kəsin onun işinə qərəzsiz və məhkəmədə ağlabatan müddətdə baxılması hüququna təminat verir. Ana Qanunun 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun, bu hüququn qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz dövlət hesabına gerçəkləşməsini də təsbit edir. Dövlət hakimiyyətinin 3 qolundan biri olan məhkəmə hakimiyyətini həyata keçirən hakimlərin qərəzsiliyi, işlərə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipi ilə ədalətlə baxmalı olmaları, müstəqilliyi, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olmaları da dövlətin baş qanununun tələbidir. Di gəl, hələ də bir çox məhkəmələr qıraqdan göstərişə boyun əyməkdə , prezidentin 03.04.2019 tarixli məhkəmə-hüquq sistemində dərin islahatların aparılması haqqında sərəncamında deyildiyi kimi, qeyri-prosessual münasibətə əyilməkdədirlər.

Bu sətirlərin yazarının DİN DQ-nin və MPİ-nin qanuna zidd hərəkətindən (hərəkətsizliyindən) Şəki İnzibati-İqtisadi Məhkəməsində qaldırdığı iddia 2-ci ildir məhkəmə ilə cavabdehin qeyri-prosessual münasibətinin güdazına gedib(5 il qabaq hazırkı Prezident yanında təhlükəsizlik şurasının katibi Ramil Usubovun qəbulunda olanda nazir pozulmuş hüquqların məhkəmə qaydasında bərpasını bildirmişdi). Öncə cavabdehin vəkili Əlirza Həbilov MPİ-nin keçmiş rəisi Səxavətdin Abdullayevin adından məhkəmə hazırlıq iclasında işin aidiyyatı üzrə göndərilməsi haqqında qərardad qəbul etdirdi və məhkəmədə bəyan etdi ki, Ali Məhkəmədə də olsa, əlilin hüquqlarının bərpasına imkan verilməyəcək.

Hakim Kənan Vəliyevin bu qərardadından verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının (sədrlik edən Rövşən Rəfiyev) 04 oktyabr 2018 tarixli qərarı ilə təmin edildi və... EYNİ BİNADA APELLYASİYA İNSTANSİYASININ YERLƏŞDİYİ OTAQDAN QONŞU OTAĞA İŞ 3 AY 4 GÜNDƏN SONRA 08.01.2019-da GÖNDƏRİLDİ. İnzibati məhkəmə süründürməçiliyini göz önünə gətirin! Onu da göz önünə gətirmək olar ki, bu 3 aydan sonrakı çatdırılma ali dövlət hakimiyyəti orqanlarına, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına 3 aylıq şikayətlərdən sonra baş verdi.

Bu arada Gəncə İnzibati-İqtisadi Məhkəməsinə “transfer olunan” Kənan Vəliyevi yeni təyin olunan hakim İlqar Cabbarov əvəzlədi. Düzü, əvvəllər vəkil işləmiş bu hakim öncə işin ədalətli çözülməsi üçün bir sıra addımlar atsa da, çox keçmədən keçmiş həmkarı Əlirza Həbilovun “qeyri-prosessual münasibəti”ndən qaça bilmədi, yaxud Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri Vidadi Qasımov onu qaçmağa qoymadı. Beləcə, 15 fevral 2019-cu il tarixli qərardadla iddia mümkün sayılmadı.

Halbuki, 15.02.2019-cu il tarixində heç bir qərar qəbul edilməyib, növbəti iclasın vaxtı (22.02.2019) təyin olunub. Bunu elektron məhkəmə portalında yerləşdirilən bilgi doğrulasa da, Şəki Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası 11.04.2019 tarixli qərardadla aşağı instansiyanın saxta qərardadını qüvvədə saxladı. Yenə də 2 aydır kassasiya şikayəti vermək üçün 1-ci qrup Qarabağ əlilinə vəkil ayrılmasından imtina edildiyindən Ali Məhkəmədən vəkil ayrılmasını təmin etmək diləyində bulunan əlilə axırı, Şəki Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası vəkil ayrılmasına qərar verib və qərarın icrasını Vəkillər Kollegiyasına yox, İsmayıllı hüquq məsləhətxanasına həvalə edib!

Bəlkə Ali Məhkəmə İsmayıllıya köçüb? Bəlkə İsmayıllı başkənd elan edilib, soraqsızıq? Axırı, 3 aydır kassasiya şikayəti verməyə də müdafiəçi qadağası qoyulub.

Onu da vurğulayaq ki , Şəki İnzibati-İqtisadi Məhkəməsi digər işləri də hakim İlqar Cabbarova verir və bu hakim Konstitusiyaya zidd olaraq 1-ci qrup Qarabağ əlilinə qarşı qərəzini davam etdirir. Təsəvvür edin, tərəflərin iştirakını, dinlənilmək hüququnu təmin etmədən, Qarabağ əlilinə vəkil ayrılmasını təmin etmədən məhkəmə təminatı və müdafiəsi hüququna qadağa qoyan hakimin özü cavabdeh dövlət qurumunun vəkili rolunda çıxış edir! Şəki İnzibati-İqtisadi Məhkəməsinin vəkil ayrılmasından imtina edilməsi haqqında qərardadından verilən apellyasiya şikayətinə 2 aydan sonra 10.06.2019-cu il tarixində baxılıb və aydındır ki, Apellyasiya instansiyası aşağı instansiyanın qərardadını olduğu kimi saxlayıb. Kassasiya şikayəti vermək üçün vəkil ayrılmasını diləyən əlilə sədrlik edən, kollegiyanın sədri Gündüz Abbasov qərardaddan şikayət verilə bilməzliyini yazıb. Belə qayda isə nə Konstitusiyada, nə də İnzibati Prosessual Məcəllədə nəzərdə tutulub. Başqa sözlə, işlərə baxılmasında ədalətsizlik, qərəz, özbaşınalıq, süründürməçilik qeyri-prosessual ilgidən qaynaqlanır. Qeyri-prosessuallığın isə qeyri-professionalların peşəsi olduğunu iddia edə bilərik.

Məğrur Bədəlsoy

Şərhlər

XƏBƏR LENTİ