XalqXəbər.Az

Tanınmış iş adamı Hacıbəy Zakatalinski İlham Əliyevə müraciət etdi: "Şərəfsiz məmurlar sizin adınızdan, Azərbaycan dövləti adından istifadə edirlər"

Tanınmış iş adamı Hacıbəy Zakatalinski İlham Əliyevə müraciət etdi: "Şərəfsiz məmurlar sizin adınızdan, Azərbaycan dövləti adından istifadə edirlər"
25-04-2019, 15:06

Zakatala rayonunun nüfuzlu şəxslərindən olan tanınmış iş adamı, Zakatala əhalisinin böyük hörmət və rəğbətini qazanmış Hacıbəy Zakatalinski məmur özbaşınalığı ilə üzləşib. Son zamanlar ona məxsus olan "Ləzzət" ailəvi istirahət mərkəzində onun işinə məmurlar tərəfindən əngəl törədilməsi barədə ölkə başçısı İlham Əliyevə və Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə müraciət ünvanlayıb. Tanınmış xeyriyyəçi və iş adamı müraciətinin tez bir zamanda ünvana çatması üçün media və xəbər saytlarında ictimailəşməsini xahiş edib. Odur ki, sözügedən müraciətin bir nüsxəsini də Azerbaycanrealligi.com informasiya agentliyinə göndərib. Həmin müraciəti oxucularımıza və aidiyyəti qurumlara olduğu kimi təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayevə

Hörmətli Prezident, xalqımızın qeyrətli oğlu cənab İlham Əliyev!

Sizin çox qiymətli vaxtınızı aldığım üçün çox üzr istəyirəm. Mənin 71 yaşım var, II qrup əliləm. Ölkəmizdə tanınmış xeyriyyəçiyəm. Ilk sahibkarlıq fəaliyyətinə qoşulanlardanam. Artıq 15 (on beş) ildir heç cür Sizə çatdıra bilmədiyim şərəfsiz dövlət məmurlarının Sizin adınızdan, Azərbaycan dövlətinin adından istifadə edərək sərəncamlar, qətnamələr və hökm çıxarmaqla öz istədiklərini etdiklərini bir daha Sizə çatdırmaq istərdim.
Bilirəm, artıq mənə sübut olunmuşdur Azərbaycan adlı vətənimizdə bəzi adlı-sanlı, işgüzar və bacarığı, qeyrəti ilə bir olan insanlara oğru, quldur və şərəfsiz dövlət məmurları arasında yer yoxdur.

Hörmətli Prezident, dediklərim sübut olunmazsa, yalan danışaramsa çox xahiş edirəm mənə ömrlük həbs cəzası verilməsinə göstəriş verəsiniz. Onsuz da bir daha Azərbaycan dövlətində heç bir dövlət məmuruna nə də Sizin ünvanınıza şikayət etməyəcəyəm. Ancaq xahiş edirəm mənə Allah yolunda bu dünyada mənim başıma gələn haqsızlıqları, qondarma qərarları, hökmlər və sərəncamlar barədə kimə şikayət edə bilərəm, bu işdə mənə kömək edin. Prezident aparatından Sizə ünvanlanan məktublar bu 15 ildə kimdən şikayət etmişəmsə onun ünvanına göndəriblər, o da məktub əlində rəqs edib. Mənə qarşı daha ağır zərbə endirməyə nail olub, bu faktdır. Bəzi ünvanlara yazılan məktublar dövlət məmurları əl silən salfet etmək istəməyiblər. Mənə vurulan zərbələr barədə əgər mənim iştirakım ilə yoxlanılarsa, onda mənim dediklərimin doğru olduğunu görə bilərsiz. Əgər dövlətimiz buna rəva bilsə.

Bir cinayət işi barədə Sizə məlumat vermək istəyirəm: Ekologiya və Təbii Sərvətlər Nazirliyi və oranın havadarları rüşvət vermədiyimə görə 32 (otuz iki) il fəaliyyət göstərən dünya şöhrətli Beynəlxalq Turizm fəaliyyəti ilə məşğul olan, xalqımızın sevimli istirahət guşələrindən biri olan “LƏZZƏT” Ailəvi istirahət zonası ilə 15 ildən sonra 6 (altı) aylıq icarə müqaviləsi (bir tərəfli) bağlayaraq mənə göndərmişlər. Bu hadisədən əvvəl Şəki Apellyasiya Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi ilə “LƏZZƏT” İstirahət zonasının sökülməsi barədə qondarma hökm çıxarmışlar. Guya Azərbaycan dövlətində 32 ildir meşə torpağını dünya şöhrətli bir obyekt zəbt etmişdir. Bu qondarma qərar çıxaran hakim cinayətkar deyilmi? O, nə cəsarət edib Azərbaycan dövlətinin adından qondarma qərar çıxara bilib. Bu qərar Azərbaycan dövləti adından, ya da Sizin adınızdan çıxarmağın nə fərqi var? Deməli ya havadarlar güclüdür, ya da rüşvət güclüdür. Necə olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2004-cü ildən bizimlə rüşvət vermədiyimizə görə müqavilə bağlamır. Amma oğlumu aldadaraq 35 (otuz beş min) manat rüşvət alaraq 2009-cu ildə 5 illik icarə müqaviləsi bağlayırlar. Deyə bilərsiz, mən böhtan atıram, bu rüşvətin alınmasını sübut elə. Bəli sübut edərəm, nə üçün 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələr üzrə Departamentə Rövşən Cəlilov rəis gələndən rüşvət vermədiyimə görə 4 il mənimlə müqavilə bağlamadı. Məni nahaqdan 6 il azdlıqdan məhrum edən kimi, 5 illik müqavilə bağlandı. Hətta oğlumu aldadıblar ki, guya bunlar oğluma kömək edirlər, biz sənə Ləzzət yerləşən 2 ha sahəni müqavilədə 1.5 ha göstəriblər ki, icarə haqqını az keçirsin. Kim razı olar ki bilə-bilə 2 ha sahəni 1.5 ha göstərilsin. Bu da bunların dövlətə vuran növbəti zərbə deyilmi, rüşvət mənbəyi deyilmi? 2 ha torpaq sahəsini bizə 1987-ci ildə dövlət tərəfindən rəsmiləşdirilərək verilmişdir.

Sonralar müqavilə müddəti başa çatdıqda Zaqatala MM və BM-də 31.05.2017-ci ildə 10 illik icarə müqaviləsi bağlanılır və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təsdiq üçün göndərilir. (həmin müqavilələr hal-hazırda Ləzzət MMC-də saxlanılır) 10 gündən müqavilələr geri qaytarılır, bizdən 50 min rüşvət tələb olunur. BİZDƏDƏ ARTIQ PUL OLMUR. Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə teleqram vurdum, mənə bildirdilər ki, 50 min olmasa uzun müddətli müqavilə bağlamaq mümkün olmayacaq. Bir neçə gündən sonra 32 yaşı olan Ləzzət İstirahət Guşəsinə və Şəlalə istirahət Mərkəzi üçün 6 aylıq müqavilə təsdiq edərək göndərdilər. Siz deyin cənab Prezident, bu nə deməkdir, bu rüşvət mənbəyi üçün fakt, sübut deyilmi? Mütləq rüşvət alanda onların şəkillərini çəkməkmi lazımdır? Mən hər şeyi açıqlamıram. Düşmən qonşularımız bizə daha bərkdən gülərlər. Azərbaycanda baş verən hadisələrə görə.

Hörmətli Prezident, mənə qarşı mənim rəhbərlik etdiyim “LƏZZƏT” Ailəvi İstirahət Mərkəzinə, qoyunçuluq təsərrüfatına qarşı törədilən cinayətlər barədə polis orqanında, prokurorluqda və məhkəmələrdə araşdırmalar aparılır. Yəqin ki, bu araşdırmalar da cinayətkarların xeyrinə başa çatacaq. Çünki Zaqatala rayon prokuroru Əli müəllim, müstəntiq Valeh müəllim və məhkum olunan hakim Arif müəllimin apardıqları işlərin canlı şahidi olmuşuq. Zaqatalada baş verən cinayətlər şəxsən mənə qarşı Dövlət orqanları üçün gəlir mənbəyi olmuşdur. Kimin yalan danışdığı Sizin göstərişinizlə şərəfli yoxlamalar üzə çıxarar.

Hörmətli Prezident, bu məktub əvvəlki məktublar kimi Sizə çatmaz deyə internetdə də dərc etməyi qərar vermişəm. Ümidim bir Allaha, bir də Sizədir.

Hörmətlə: Azərbaycan vətəndaşı: H.İ.Zaqatalski

Azerbaycanrealligi.comскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.