SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Pirallahı İcra Hakimiyyətinin şöbə müdiri söz verdi, amma...

Pirallahı İcra Hakimiyyətinin şöbə müdiri söz verdi, amma...

Tarix:

9-04-2019, 16:06

/ 2 504 dəfə oxundu.
Pirallahı İcra Hakimiyyətinin şöbə müdiri söz verdi, amma...

"Qanunsuz tikililərin aparılması ilə Pirallahı Rayon İcra Hakimiyyəti rəhbərliyində təmsil olunan şəxslər özləri məşğul olurlar"

Yenixeber.org: Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 24 B ünvanında yaşayan Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil Şamilov Şirinbala Ənsəf oğlu yenidən redaksiyamıza müraciət edib.

Bir müddət öncə redaksiyamızda olan Ş.Şamilov Pirallahı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samir Hüseynovdan şikayətçi olduğunu bildirmişdi.

Belə ki, Pirallahı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Samir Hüseynov bu il mart ayının əvvəllərində Ş.Şamilova bildirib ki, Əmrəli adlı şəxs və digər 12 nəfər qanunsuz tikinti aparmağı barədə şikayət ərizəsi ilə ona müraciət edib. Ş.Şamilov sözügedən şikayət ərizəsi ilə tanış olmaq istəyib. Lakin Samir Hüseynov şikayət ərizəsinin RİH-nin başqa əməkdaşında olduğunu bildirib. Ş.Şamilov növbəti dəfə S.Hüseynovla telefon danışığında da o, şikayət ərizəsini ona göstərməkdən imtina edib.

Ş.Şamilov hesab edir ki, 2-ci dərəcəli dövlət qulluqçusu Samir Hüseynovun bu hərəkəti tutduğu vəzifəsindən sui-istifadədən başqa bir şey deyil. Şikayətçi təəssüf hissi ilə qeyd edib ki, Prezident İlham Əliyevin dəfələrlə dövlət strukturlarının fəaliyyətində dönüş yaradılması, məmurla vətəndaş arasında səmimiyyət yaradılması barədəki göstəriş və xəbərdarlıqları, deyəsən, Pirallahı Rayon İcra Hakimiyyətinə hələ gəlib çatmayıb. Ş.Şamilovun sözlərinə görə, məmura vəzifə tapşırılarkən onun vətəndaşlarla istədiyi kimi rəftar etməsi, əslində Azərbaycan Respublikasının qanunlarına hörmətsizlikdir: “Unutmayaq ki, tutduqları vəzifələrdən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. O ki qaldı qanunsuz tikililərə, Pirallahı rayonundakı beşmərtəbəli yaşayış binalarının qarşısına diqqət yetirilsə, oradakı mənzərədən hər şey aydın olacaq, daha ekspertiza keçirilməsinə ehtiyac qalmayacaq”.

Ş.Şamilov onu da vurğulayıb ki, əgər Pirallahı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samir Hüseynov şikayət ərizəsi ilə onu tanış etməsə, Pirallahı RİH-də baş verən özbaşınalıqlar, Pirallahı qəsəbəsindəki qanunsuz tikililər barədə dövlət başçısına və mətbuata müraciət edərək geniş açıqlama verəcək.

***

Təbii ki, biz mətbuat olaraq məsələ ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samir Hüseynovun mövqeyini öyrənmək üçün onunla telefon əlaqəsi saxladıq. Şöbə müdiri şikayətin əsassız olduğunu bildirsə də, mütləq Novruz bayramından sonra Ş.Şamilovun onun barəsində olan şikayət ərizəsi ilə tanış ediləcəyini əminliklə vurğuladı. Amma...

Qeyd etdiyimiz kimi, Şamilov Şirinbala Ənsəf oğlu yenidən redaksiyamızda olarkən problemin həll olunmadığını, hələ də davam etdiyini bildirib. Ş.Şamilovun sözlərinə görə, martın 25-də şöbə müdiri Samir Hüseynov zəng edərək onu Pirallahı Rayon İcra Hakimiyyətinə dəvət edib. Ş.Şamilov şöbə müdirinə bir gün sonra gələ biləcəyini söyləyib. Razılaşıblar. Martın 26-da Ş.Şamilov şöbə müdiri ilə telefon əlaqəsi saxlayıb və görüşün qüvvədə qalıb-qalmadağını öyrənib. Şöbə müdiri Samir Hüseynov onu saat 17:00 radələri üçün RİH-ə dəvət edib: “Deyilən vaxtda Pirallahı Rayon İcra Hakimiyyətində oldum. Binanın giriş qapısındakı polis əməkdaşı şöbə müdiri Samir Hüseynovun yanında adam olduğunu dedi. 10-15 dəqiqə gözlədim. Bir o qədər də gözlədikdən sonra geri qayıtmaq istəyirdim ki, polis əməkdaşı şöbə müdiri Samir Hüseynovun məni içəri çağırdığını bildirdi. Mən Samir Hüseynovun binanın 2-ci mərtəbəsində yerləşən kabinetinə qalxanda o, içəridə yox idi. Dedilər ki, Samir Hüseynovu icra başçısı yanına çağırıb. Bir xeyli də Samir Hüseynovun kabinetinin qapısı ağzında gözlədim. Ancaq şöbə müdirindən bir səs-səmir çıxmadı. Məcbur olub geri qayıtdım. Mən evə çatanda Samir Hüseynov zəng edib icra başçısının yanında olduğunu və bu səbəbdən də mənimlə görüşə bilmədiyini söylədi. Əslində, o, mənimlə görüşdən qaçırdı”.

Ş.Şamilov deyib ki, o, şöbə müdiri Samir Hüseynovun əməllərindən şikayətçidirsə, qanunvericiliyə görə, onun şikayətini araşdırmağa nə mənəvi, nə də hüquqi haqqı var: “Guya ki, Əmrəli adlı şəxs və digər 12 nəfər mənim qanunsuz tikinti aparmağım barədə şikayət ərizəsi ilə ona müraciət edib. Halbuki qanunsuz tikililərin aparılması ilə Pirallahı Rayon İcra Hakimiyyəti rəhbərliyində təmsil olunan şəxslər özləri məşğul olurlar”.

Ş.Şamilov özü ilə redaksiyamıza gətirdiyi qovluğu açaraq içərisindən bir topa fotoşəkillər çıxararaq stolun üzərinə düzdü: “Bax, gördüyünüz bu obyekt Pirallahı Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 3-cü dərəcəli dövlət qulluqçusu Kərimov Rəfail Ataxan oğluna məxsusdur. Həmin obyekt Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 4-lə üzbəzdə yerləşir. Bu isə, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, ev 1 A ünvanındakı 4 girişli beşmərtəbəli yaşayış binasıdır. Yaşayış binasının bir neçə metrliyində tikilən bu obyektlər sakinlərin pəncərəsinin qarşısını kəsərək, onları təmiz havadan və günəş işığından məhrum edir. Üstəlik də, kənar adamlar gecələr bu ərazidən tualet kimi istifadə edirlər. Nəticədə, üfunət qoxusu biz sakinlər üçün ciddi narahatlıq yaradır. Dünyanın heç bir ölkəsində yaşayış binasının qarşısını bu cür kəsməzlər, ancaq Pirallahı qəsəbəsində kəsirlər. Özü də Pirallahı Rayon İcra Hakimiyyətinin “xeyir-duası”, Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafovun texnikası ilə. Yəni bu tikintilərdə MKTB rəisi Manaf Manafovun rəhbərlik etdiyi birliyin texnikasından, işçilərinin əməyindən istifadə edilib. Onu da deyim ki, bu obyektlər mart ayında tikilib başa çatdırılıb. Çox təəssüf ki, bütün qanunsuzluqlar qeyd etdiyim kimi, Pirallahı Rayon İcra Hakimiyyəti rəhbərliyinin gözü qarşısında baş verir. Hətta onu da deyim ki, icra başçısının və RİH işçilərinin xidməti maşınları hər gün bu qanunsuz tikililərin qarşısından dəfələrlə keçib gedir.

Bu şəkildəki göruntü isə mənim həyətimlə Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin maşın və texnikasının saxlanıldığı ərazidir. Neçə il bundan əvvəl əsən güclü külək həyətimlə birliyin həyəti arasındakı daş hasarı uçurdu. Nəticədə, bu daş-kəsək yığını yarandı. Mən dəfələrlə Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafova istər şifahi, istərsə də yazılı şəkildə müraciət etmişəm ki, bu daş-kəsəyi idarənin texnikası ilə bir tərəfə yığdırsın, hasarı öz vəsaitim hesabına tikdirim. O isə, cavabında deyir ki, dövlətin daş-kəsəyidi də, durub yerində.

Bəs onda biz kimik? Axı biz müstəqil, demokratik, hüquqi dövlətdə yaşayırıq. Bundan ötrü də beynəlxalq təşkilatlara müraciət etmək lazımdırmı? Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi üç sot torpağı mənə - ikinci qrup əlil, Qarabağ müharibəsi veteranına çox görür. Halbuki özləri dövlətin torpaqlarını hektarlarla mənimsəyiblər.

Görəsən, aidiyyəti dövlət orqanlarına neçə ərizə - şikayət yazmalıyam ki, ondan sonra cavab versinlər və ya tədbir görsünlər? Mən cənab prezident İlham Əliyevin qarşısında baş əyirəm ki, o, bu cür məmurlarla işləməyə tab gətirə bilir. Allah cənab prezidentimizə cansağlığı, uzun ömür, məmurlara isə insaf versin”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.

Tezadlar.az
Pirallahı İcra Hakimiyyətinin şöbə müdiri söz verdi, amma...
Pirallahı İcra Hakimiyyətinin şöbə müdiri söz verdi, amma...
Pirallahı İcra Hakimiyyətinin şöbə müdiri söz verdi, amma...
Pirallahı İcra Hakimiyyətinin şöbə müdiri söz verdi, amma...
Pirallahı İcra Hakimiyyətinin şöbə müdiri söz verdi, amma...
Pirallahı İcra Hakimiyyətinin şöbə müdiri söz verdi, amma...

Şərhlər

XƏBƏR LENTİ