SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Niyazi Bayramov ölüm işlərində adı çıxmış Əhmədovu gənc kadrın yerinə niyə qoydu?- Müdhiş araşdırma

Niyazi Bayramov ölüm işlərində adı çıxmış Əhmədovu gənc kadrın yerinə niyə qoydu?- Müdhiş araşdırma

Tarix:

20-11-2018, 21:55

/ 2 339 dəfə oxundu.
Niyazi Bayramov ölüm işlərində adı çıxmış Əhmədovu gənc kadrın yerinə niyə qoydu?- Müdhiş araşdırma

Gəncə kimi ölkənin ikinci, inkişaf etməkdə olan şəhərində kadr islahatları da gənclərdən təşəkkül tapmalıdır ki, sürətli, enerjili fəaliyyət göstərilsin.

Amma prezidentin etimad göstərib inandığı, bu qədər hadisələrdən sonra təyin etdiyi şəhərin yeni icra başçısı Niyazi Bayramov üçün gənc və perspektivli kadrlardan daha çox, şəxsi əlaqələrinin olduğu yaşlı məmurlar üstündür.

Qoca, adı ölüm işinə qarışan yaxınlar vəzifələrdə...

Belə ki, N.Bayramov vaxtilə Gəncə gömrük rəisi işlədiyi dövrdən şəxsi münasibəti olan rüşvətə bulaşmış, adı neqativ hadisələrdə hallanmış, yaşlı, işləmək həvəsi olmayan məmurlara vəzifələr paylamaqdadır.

Elmar Vəliyevin dönəmində bərbad günə qoyulan Gəncəyə Niyazi Bayramovla yeni qan, yeni nəfəs gəldiyi gözləntiləri varıydı.

Mingəçevirdəki fəaliyyəti ilə o qədər də müsbət məmur imici qazanmamış Bayramovun Gəncədə həssas işləyəcəyi, tayfabazlıq etməyəcəyi, peşəkar və təcrübəli, təmiz kadrlara üstünlük verəcəyi ümid edilirdi. Lakin son təyinatlarda bunun əksi müşahidə olunur.

Cahan.info xəbər verir ki, Gəncə İH rəhbəri şəhər səhiyyə idarəsi rəisi vəzifəsinə yaşı 60-dan çox olan, Gəncənin Abbas Səhhət adına 1 saylı xəstəxanasının baş həkimi işlədiyi dövrdə ana-uşaq ölümləri ilə fəaliyyəti göz qabağında olan Nazim Əhmədovu təyin edib.

N.Bayramov Nazim Əhmədovun qardaşı Natiq Əhmədovu isə “Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə sədr gətirib. Gəncədə Əhmədovlara vəzifələr paylanması təsadüfi deyilmiş.

Əldə etdiyimiz məlumata görə, Niyazi Bayramov Gəncə gömrük postunda işləyəndə müavini Etibarla çox sıx münasibətləri olub. Həmin Əhmədovlar da Etibarın ailəvi dostlarıdır.

Odur ki, Bayramov Gəncənin icra başçısı postuna gələr-gəlməz şəhərin gənc səhiyyə idarəsi rəisi, reputasiyası təmiz olan, Xocalıdan şəhid ailəsi Bəxtiyar Haqverdiyevi “islahat” adı ilə işindən azad edir, ona əsassız yerə Elmar Vəliyevçi damğası vurur, guya islahat aparır deyə yerinə yaşı 60-ı keçmiş. A.Səhhət xəstəxanasında bazar açmış N.Əhmədovu yerinə gətirir.

Əhmədovlara vəzifə pay-püşü, Xocalı sakininə vəliyevçi damğası...

Gəncədəki mənbədən gələn xəbərlərdə bildirilir ki, B.Haqverdiyevlə E.Vəliyevin təması belə olmayıb. Çünki səhiyyə rəisi vəzifəsində cəmi 1 gün işləyib.

Onun Vəliyevlə hansı əlaqəsi ola bilərdi? Sadəcə, B.Haqverdiyev Ağdamın baş həkimi vəzifəsində çalışarkən keçmiş icra hakimi Raqub Məmmədovun qanunsuz tələbləri, sıxşdırması, əsassız öhdəliklərindən bezar olmuşdu.

Ona görə Ağdamda baş həkimi işləyərkən hörmət qazanmış Haqverdiyev yerli camaatın yanında nüfuzunu itirməmək üçün Səhiyyə Nazirliyindən ona başqa yerə təyinatının verilməsini istəmişdi.

Həmin zaman vakansiya yalnız Gəncəyə olub və Xocalıdan olan bəxtsiz Haqverdiyev hardan biləydi ki, şəhər səhiyyə idarəsi rəisi təyin olunduğu tarixdən bir gün sonra E.Vəliyev güllələnəcək, ona da vəliyevçi damğası vurulacaq.

Hərçənd, Gəncədəki məlum sui-qəsddən sonra Haqverdiyev Səhiyyə Nazirliyinin kollegiya iclasına gedib və onun E.Vəliyevin kadrı olması kökündən yanlışdır.

N.Bayramov isə Gəncədə Məharət Mustafayev kimi əli müxtəlif maliyyə cinayətlərinə qarışmış məmurları işdən çıxararkən B.Haqverdiyevi də bu “islahat”ların gözünə qatıb haqsız yerə vəzifədən azad edir, əvəzinə ona gömrükdən yaxın olan Əhmədov kimi qoca kadrı gətirir.

Nazim Əhmədov həkimlərdən rüşvəti necə yığırdı?

B.Haqverdiyev 1978-ci ildə Xocalı şəhərində anadan olub. 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Cərrahiyyə şöbəsinin baş ordinatoru kimi çalışıb və baş tibb xidməti leytenantı rütbəsinə layiq görülüb.

2009-2010-cu illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzində Cərrahiyyə şöbəsinin müdiri, 2010-2014-cü illərdə isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, eyni zamanda regionun aparıcı cərrahı vəzifələrində çalışıb.

2014-cü ildə Yevlax Mərkəzi Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri və rayonun baş cərrahı təyin olunub.

2016-cı ildən Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib. Tibb üzrə fəlsəfə doktorudur. Sonra Gəncə səhiyyə idarə rəisi təyin edilib. Bu müddət ərzində Haqverdiyevin fəaliyyəti haqda xoşagəlməz fakt olmayıb.

Millət vəkili Naqif Həmzəyev də onu təqdim edərkən Gəncə səhiyyəsinə gənc və perspektivli, bilikli və bacarıqlı bir şəxsin rəhbər təyin olunmasını təqdirəlayiq hesab etmişdi:

“Yaşlı nəslin bilik və təcrübəsindən yararlanaraq gənclərin önə çəkilməsi, onların istənilən sahələrdə, o cümlədən tibb sahəsində inkişafa dəstək olması əsas prioritetlərdəndir”.

Amma Niyazi Bayramov gənc, bilikli və perspektivi olan kadrı çıxarır, yerinə Nazim Əhmədov kimi qoca biri təyin edir.

Gəncə səhiyyəsində kollektivə yeni uyğunlaşmağa başlamış Haqverdiyevi çıxarmaqla öz adamını gətirən icra başçısı demək istəyir ki, ondan ciddi islahatlar gözləməyin.

Hələ bu azmış kimi, qardaşı Natiq Əhmədova da “Sukanal” TSC-də sədr vəzifəsi verir. Görəsən, Gəncədə bu postlara layiq kadrlar yoxdur ki, qardaşlara vəzifə paylayır?

Yeri gəlmişkən, Azerinews TV yazmışdı ki, Nazim Əhmədov Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında baş həkim işləyəndə onun qaydalarına görə hər həkim və şöbə müdiri xəstələrin sayına görə rüşvət verməlidir. Əgər haqq-hesab tələb olnan qaydada çatmırsa onda həkim və ya şöbə müdirini ağır cəza gözləyir.

Bu qaydaların nəticəsidir ki, Nazim Əhmədovun baş həkimi olduğu xəstəxanada müalicə olunmaq özəl xəstəxanalardan baha başa gəlir. Deyilənə görə Nazim Əhmədov hamını səhiyyə nazirinin dostu olmağı ilə hədələyir.

Əhmədovun dövründəki ölüm işləri və aprel şəhidinin bacısına amansızlıq...

Ötən il Tovuz rayon İbrahimhacılı kənd sakini Səkinə Məmmədova yanvarın 3-də Gəncə şəhər Abbas Səhhət adına 1 Saylı Xəstəxananın Doğum Şöbəsinə yerləşdirilib. Qadın qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib və dünyasını dəyişib.

Bundan başqa, həkim məsuliyyətsizliyi ilə aprel döyüşlərində şəhid olan İnqilab Quliyevin bacısı Filyar Usubova da qarşılaşıb.

Zərərçəkənin BakiPost.az-a verdiyi məlumata görə, doğuş üçün üz tutduğu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada həkim ciftlə birlikdə onun bağırsaqlarını da kəsib.

Daha bir fakt - 3 aylıq hamilə olan şəhər sakini 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova xəstəxanaya müraciət edib. Xəstəxanada ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyatdan sonra qadın dünyasını dəyişib.

1988-ci il təvəllüdlü Gülşən Aslanova abort zamanı narkozdan dünyasını dəyişib. Goranboy rayon sakini 1989-cu il təvəllüdlü Əhmədova Elşanə Elşən qızı hamiləlikdə yaşadığı problemlə bağlı müraciət etdiyi eyni xəstəxananın ginekologiya şöbəsində canını tapşırıb.

O zaman N.Əhmədova zəng edən jurnalistə cavabında bildirib ki, bu ölümlər onun baş həkim olduğu xəstəxanada olmayıb və telefonu asıb.

İndi özünüz nəticə çıxarın: Gəncə icra başçısı Niyazi Bayramov kimi səhiyyə idarəsi rəisi vəzifəsindən çıxarıb, kimi təyin edib...

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ