SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Aprel döyüşlərinin ikinci ildönümü Füzulidə zəfər yürüşü ilə qeyd edilib - FOTOLAR

Aprel döyüşlərinin ikinci ildönümü Füzulidə zəfər yürüşü ilə qeyd edilib - FOTOLAR

Tarix:

5-04-2018, 17:22

/ 3 115 dəfə oxundu.
Aprel döyüşlərinin ikinci ildönümü Füzulidə zəfər yürüşü ilə qeyd edilib - FOTOLAR

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin ikinci ildönümü münasibətilə Horadiz şəhərində zəfər yürüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Milli Məclis sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Müdafiə Nazirliyinin zabitləri əvvəlcə 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinə gedərək, burada xidmət edən əsgər və zabitlərlə görüşüblər.

Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə qədər davam edən yürüşə minlərlə insan, o cümlədən N hərbi hissəsinin şəxsi heyəti, Lələtəpənin azad olunmasında iştirak etmiş döyüşçülər, şəhid ailələrinin üzvləri, müharibə veteranları qatılıblar. Abidə önünə tər çiçəklər qoyan yürüş iştirakçıları şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Azərbaycanın dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs olunub.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun yazdığı şanlı tarixdir. Bu döyüşlərdə ordumuz öz gücünü bir daha göstərdi, qələbə çalmaq əzmini sübut etdi.
Milli Məclis sədrinin müavini Bahar Muradova 2016-cı ilin aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb.

Qeyd edib ki, Qarabağ müharibəsində dönüş Horadiz istiqamətində başlanıb. İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin aprel döyüşləri zamanı isə Azərbaycan ordusu işğal altındakı digər torpaqlarımızın da azad olunacağına inam təlqin edən növbəti qələbə qazandı.

“Lələtəpə müqəddəs zirvədir. Ona görə ki, Azərbaycan torpağıdır. Azərbaycan oğulları bu yüksəkliyi öz qanları bahasına azad ediblər. Bu torpaq uğrunda canından keçən, şəhid olan, fədakarlıq göstərən Azərbaycan oğulları heç zaman unudulmayacaq. Onların Lələtəpədə ucaltdıqları üçrəngli bayrağımız hazırda işğal altında olan bütün yaşayış məntəqələrində dalğalanacaq”, – deyə Bahar Muradova düşmən üzərində qəti qələbəyə inamını ifadə edib.

Hərbi hissənin zabiti Elşad Əbilov deyib ki, Azərbaycan ordusu 2016-cı ilin aprel zəfəri ilə ərazilərin işğalı ilə barışmayacağını bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri yeni zəfər yürüşünə, işğal altındakı bütün torpaqlarımızı azad etməyə hazırdır və buna qadirdir.

Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov Azərbaycan ordusunda xidmət edən qəhrəman oğullarımızla fəxr etdiyini bildirərək, onlara düşmən üzərində növbəti qələbələr arzulayıb.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında təqdim edilən hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər iştirakçılarda nikbin duyğular yaradıb.
Aprel döyüşlərinin ikinci ildönümü Füzulidə zəfər yürüşü ilə qeyd edilib - FOTOLAR
Aprel döyüşlərinin ikinci ildönümü Füzulidə zəfər yürüşü ilə qeyd edilib - FOTOLAR
Aprel döyüşlərinin ikinci ildönümü Füzulidə zəfər yürüşü ilə qeyd edilib - FOTOLAR
Aprel döyüşlərinin ikinci ildönümü Füzulidə zəfər yürüşü ilə qeyd edilib - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ