SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxıda bir kənd rəsmən boşalmaqdadır - GİLEY

Şamaxıda bir kənd rəsmən boşalmaqdadır - GİLEY

Tarix:

14-08-2017, 10:38

/ 60 572 dəfə oxundu.
Şamaxıda bir kənd rəsmən boşalmaqdadır - GİLEY

"İnsanlar sosial problemlərdən boğaza yığılıb. Bir qarın çörək üçün hərə bir tərəfə qaçır. Kənd boşalır. Dağlıq yerdir deyə, əkinçiliklə məşğul ola bilmirik. Bircə heyvandarlıqdır, son daşqınlardan sonra o da əldən çıxdı". Şamaxının Keçməddin kəndinin sakinləri yaşayışlarından giley-güzar edirlər.
Keçməddin Şamaxı rayonunun Qalaybuğrut inzibati ərazi vahidliyində yerləşir. Buğurt çayının (Ağsu çayının qolu) sahilində, dağlıq ərazidədir. Sakin Mübariz İsmayılov deyir, kənddə işsizlik, kasıbçılıq tüğyan edir. Kəndlilərin durumu o qədər ağırdır ki, həm kəndin, həm də qonşu kəndlərin ərzaq mağazalarından götürdükləri ərzaqların pulunu ödəyə bilmirlər. Bu ilin mayında gələn sel isə kəndlilərin olan-qalan son ümidini də yuyub aparıb: "Mayın 16-da kəndi sel basdı, mal-qara, bostanlar, meyvəliklər – hamısı məhv oldu. Bizim kənd bu dəqiqə ölü kənddir. Sakitlikdi, hərə bir tərəfdə acından qarnını tutub, sabaha salamat çıxıb-çıxmayacağını düşünür. Gənclər, necə deyərlər, dabanlarına tüpürüb, kənddən uzaqlaşıb. Onları da qınamalı deyil, yaşları ötür, həyatları gedir, heç nə edə bilmirlər. Ailə qurmağa da qorxurlar ki, yükünü çəkə bilməzlər. Bir sözlə, gənclərin evlənməməsi üzündən bir azdan bu kənddə çox ailələrin nəsli kəsiləcək".
Reyhan Səmədovanın iki qız övladı, iki nəvəsi var. İki inəyi, xeyli toyuğu varmış, qatıq, süd, yumurta satıb dolanırmış. 3 ay əvvəl gecəyarı gələn sel suları inəkləri, həyətdəki toyuq-cücələri, hinduşkaları, ot tayalarını, bostanı yuyub aparıb: "Evdə bir dişləm qənd, bir ovuc çay yoxdur. Yavan çörəyi zorla tapırıq. Qızlarımın ikisi də Bakıda tibb texnikumunu, kürəkənlərimdən biri memarlığı, biri aqronomluğu oxuyub. Ortada illərini itiriblər. Bakıda iş tapa bilmədilər. O diplomlara görə eləcə, illərini itirdilər. Qayıdıb gəldilər kəndə ki, bir az heyvanların sayını artırıb dolansınlar. Olan-qalanı da sel apardı".
Kənddə hələ də seldən qəzalı vəziyyətə düşən və təmir-bərpa olunmayan evlər var. Kəndin yolu və ictimai nəqliyyatı da yoxdur. İmkanı olanlar rayon mərkəzindəki bazara heyvan, ot daşımaq üçün UAZ alıb. Kənddə səhhəti pisləşən olanda həmin UAZ-larla mərkəzə aparılır. Lakin normal yol olmadığından bu, vaxt aparır və sakinlərinə deməsinə görə, əksər hallarda xəstə elə maşındaca keçinir.
Kənddəki sosial durum daha bir neçə ailənin köçünü tutmasına səbəb olub. Problemlər həllini tapmasa, həmin ailələr qapıya qıfıl vurub Bakıya üz tutacağını bildirir.

Şərhlər

XƏBƏR LENTİ