SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İlham Əliyev kimə “rəzil, qorxaq” deyirdi? - "Bu qüvvələr son vaxtlar anarxist mövqeyində dayanan..."

İlham Əliyev kimə “rəzil, qorxaq” deyirdi? - "Bu qüvvələr son vaxtlar anarxist mövqeyində dayanan..."

Tarix:

14-11-2019, 10:48

/ 845 dəfə oxundu.
İlham Əliyev kimə “rəzil, qorxaq” deyirdi? - "Bu qüvvələr son vaxtlar anarxist mövqeyində dayanan..."

Prezident İlham Əliyev noyabrında 12-də bir sıra rayonlara təyin etdiyi icra başçılarını qəbul edərkən ölkə müxalifətini sərt tənqid edib.
Sitat: “Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar. Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında ölkə rəhbərinin hansı qüvvələri nəzərdə tutduğu barədə ehtimalını səsləndirib:

“Prezident bu fikirləri ilə konkret ünvanını göstərdi, antimilli qüvvələr. Bu qüvvələr son vaxtlar anarxist mövqeyində dayanan, Azərbaycanda xaos yaratmağı qarşısına məqsəd qoyan və xaricdən idarə olunan qüvvələrdir. Daha çox bu təsnifata Əli Kərimli tərəfindən idarə olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının çətiri altında olan Milli Şura uyğun gəlir.

Çünki onun fəaliyyəti sözün həqiqi mənasında anti-Azərbaycan mahiyyəti daşıyır. Bu gün Azərbaycan müxalifəti içərisində dövlətçiliyimizə sadiq olan, xalqımıza xidmət etməyi özünə borc bilən, lakin bu və ya digər məsələdə fərqli düşüncəni özündə daşıyan müxalifət də var. Onların prezidentin dəqiq dediyi özünü rəzil vəziyyətə salmış antimilli qüvvələrlə bağlılıqları yoxdur.

Mənə elə gəlir ki, müxalifətin özü də bu gün öz içərisini təmizləməyə cəsarət tapmalıdır. Onlar xaricdən idarə olunan, Azərbaycanda xaos yaratmağa çalışan, anarxiyanın önündə gedən bu antimilli qüvvə adını artıq özü seçən Əli Kərimli və onun dəstəsinə münasibətini müəyyənləşdirməlidir. Bu baxımdan düşünürəm ki, onlar həm də təkcə ölkədə anarxiya yaratmaq missiyasını yerinə yetirmirlər, eyni zamanda ölkə prezidentinin xüsusilə son dövrlərdə həyata keçirmiş olduğu bütün islahatlara kölgə salmağa çalışırlar.

Həm də bu gün Azərbaycanda təmiz imici olan, dövlətimizə vətənpərvər kimi səlahiyyətləri çərçivəsində xidmət edənlərə qarşı da qarayaxma kampaniyası aparırlar. Bütün əxlaqı dəyərləri keçirlər. Bu həm də sosial şəbəkələrdə ifadə olunub. Prezident tərəfindən deyilən sözlər tamamilə öz hədəfini müəyyənləşdirdi. Mən belə düşünürəm ki, bu sözlər Milli Şura ətrafında birləşən, bu proseslərə rəhbərlik edən Əli Kərimli və onun məhdud ətrafına ünvanlanıb”.

Şərhlər

XƏBƏR LENTİ