SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nədən sabiq Baş Nazir Abutalıbov və Həsənov kimi yola salınmadı?

Nədən sabiq Baş Nazir Abutalıbov və Həsənov kimi yola salınmadı?

Tarix:

23-10-2019, 16:05

/ 823 dəfə oxundu.
Nədən sabiq Baş Nazir Abutalıbov və Həsənov kimi yola salınmadı?

Novruz Məmmədov müəmması...
Baş Nazir postuna təyinatı kimi, bu vəzifəni itirməsi də gözlənilməz olan Novruz Məmmədov bir siyasi fiqur kimi ölkə gündəmindən sanki birdəfəlik silindi. Vəzifədən azad olunmasından cəmi iki həftə keçməsinə baxmayaraq, belə təsəvvür yaranır ki, sanki Azərbaycanda bu adda Baş Nazir ümumiyyətlə olmayıb.

Lakin Prezidentin vəzifələrindən azad olunan Baş Nazirin müavinləri Hacıbala Abutalıbovu və Əli Həsənovu şəxsən qəbul edərək, onlarla görüşməsi, ünvanlarına xoş sözlər söyləyərək yola salması istər-istəməz bundan cəmi iki həftə əvvəl postu ilə vidalaşan Novruz Məmmədovu yada salır.

Əslində, N.Məmmədovun da Abutalıbovla Həsənov kimi vəzifəsindən öz istəyilə azad olunduğu bildirilmişdi. Azərbaycan reallığında bunun nə dərəcədə həqiqətə uyğun olduğunu bir kənara qoyaq. Məsələnin maraqlı tərəfi odur ki, N.Məmmədova qarşı Abutalıbovla Həsənova göstərilən münasibətə bənzərinin şahidi olmadıq. Yəni ki, Məmmədov Prezident tərəfindən şəxsən qəbul edilmədi.

N.Məmmədov özü isə mətbuata verdiyi qısa açıqlamasında pəjmürdəliyini və bəlkə də narazılığını gizlədə bilməmişdi. Sitat: “Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib…”

Bundan sonra da mətbuatla ünsiyyətdən qaçan sabiq Baş Nazir bütün istefaya göndərilən məmurlarda adət halı alan hakim komandaya sədaqət bəyanatı da vermədi. Bu isə N.Məmmədovun incikliyini əks etdirən hal kimi qiymətləndiriləı bilər.



Məsələ ondadır ki, N.Məmmədov da Prezidentin dediyi kimi, pensiya yaşı çatmış, hətta yaşı 70-i keçmiş iqtidar təmsilçilərindən idi. Sabiq Baş Nazirin 72 yaşı var(Onu da nəzərə alaq ki, o, Baş Nazir təyin ediləndə də yaşı az deyildi – 71 yaş). Lakin əvvəldə qeyd etdiyimiz kimi, N.Məmmədov Prezident tərəfindən şəxsən qəbul edilmədi, ona təşəkkür bildirilmədi. O da öz növbəsində Prezidentə minnətdarlıq edərək, hakim siyasi kursa sədaqətini ərz etmədi.

Bu mənzərə ehtimal etməyə əsas verir ki, N.Məmmədovun Baş Nazir kimi fəaliyyəti hakim komandanı, şəxsən ölkə başçısını qətiyyən qane etməyib və o, hardasa etimadı doğrultmayıb. Əslində, belə nəticəyə gəlməyə də xeyli əsaslar var. Sabiq Baş Nazir bu postdakı fəaliyyəti dövründə hər hansı bir islahat cəhdi, xüsusi bacarığı və s. ilə seçilmədi. Əksinə, müxtəlif növ cərimələrin artırılması da daxil olmaqla, bir sıra anormal qərarları ilə yadda qaldı.

Ya da ki, yola salınan iri məmurların şəxsən ölkə başçısı tərəfindən qəbul edilərək, onlara minnətdarlıq bildirilməsi yeni tendensiya olduğu üçün bu, N.Məmmədova şamil edilməyib…
Hər halda, nədən N.Məmmədov H.Abutalıbov və Ə.Həsənov kimi yola salınmadı sualı açıq olaraq qalır.

“AzPolitika.info”

Şərhlər

XƏBƏR LENTİ