XalqXəbər.Az

Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq? - MÜƏMMA

yüklənir...
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq? - MÜƏMMA
21-08-2019, 09:57
yüklənir...

Ötən 3 ildə Azərbaycanın maliyyə sektoruna mənfi mənada öz damğasını vuran “Beynəlxalq Bank işi” davam etməkdə ikən, bankın sağlamlaşdırılması və özəlləşdirilməsi ilə bağlı da dəqiq vaxt müəyyən olunmayıb.

Qeyd edək ki, avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib.

Adıçəkilən şəxslər cəza alsa da, o vəsaitlərin dövlət büdcəsinə geri dönüşü təmin olunmayıb. Həmçinin bankın problemli kreditlərinin qaytarılması ilə bağlı da statistik məlumatlara rast gəlinmir. Öncəki illərdə Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırıılması prosesinin 2019-cu ilin əvvəlində başa çatacağı və bankın özəlləşdiriləcəyi deyilsə də, bu proses qeyri-müəyyənlik vəziyyətini qorumaqdadır.

Bəs görəsən, hazırda bankın sağlamlaşdırılması prosesi nə yerdədir, özəlləşdirmə ilə bağlı nə kimi işlər görülür? Digər tərəfdən, həbs olunan şəxslərdən mənimsədikləri vəsaitlərin geri alınmasına nail olunubmu?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, bank hələ də zərərlə işləməkdə davam edir: “Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması hələ bitməyib. Özəlləşdirilməsi ilə bağlı da dəqiq informasiya yoxdur. Əvvəllər bu il və ya gələn il olacağı deyilirdi, ancaq indi dəqiq məlum olan odur ki, bu il özəlləşdirmə olmayacaq. Bu da o deməkdir ki, hökumətin istədiyi səviyyədə olan və onların təklif etdiyi qiymətə razı olan alıcı yoxdur. Bank isə zərərlə işləməyə davam edir. Bu yaxınlarda bir Rusiya vətəndaşı mənə müraciət etdi, onun Beynəlxalq Bankda 860 min dollar əmanəti var. İllik 21 faizlə qoyulub. Bu depozitin bankdan çıxarılma müddətinə 10 il qalsa da, vətəndaş gəlib bankdan pulunu götürmək istədiyini deyir. Bank isə əmanətin qalmasını təklif edir və 21 faiz ödəməyə razıdır. Bu isə onu göstərir ki, bankda pul çatışmazlığı var. O mənada bank özəlləşməyə hazır deyil və anladığım qədər vəziyyət elə də yaxşı deyil”.

Bankın dövlət tərəfindən restruktruzasiya edilən problemli kreditlərinin qaytarılmasına gəlincə, Ə.Həsənov bildirdi ki, bu proses “Aqrarkredit” QSC-yə tapşırılıb: “Bu qurum isə heç bir məlumat açıqlamır. ABB-nin sağlamlaşdırılmasına yönəldilən vəsait xalqın pulu olduğundan, ”Aqrarkredit" onun geri qaytarılması ilə bağlı ictimaiyyəti məlumatlandırmağa borclu idi. Belə anlaşılır ki, işləri yaxşı getmir, ona görə də hər hansı məlumat vermirlər. Beynəlxalq Bankın xaricə ötürülən kreditlərinin də qaytarılması ilə bağlı bir məlumat yoxdur. Belə aydın olur ki, o pullar da batıb. İctimaiyyətə məlumat verilmədiyi üçün belə başa düşmək olar ki, nə isə müsbət proseslər baş vermir. Halbuki idarəçilik yaxşı qurulsaydı, müsbət nəticələr əldə etmək mümkün olardı".

Hüquqşünasın sözlərinə görə, hazırda “Aqrarkredit” QSC-nin Beynəlxalq Bankın borcalanlarına qarşı verdiyi bütün iddia və tələbləri məhkəmələr təmin edir: “Hətta qanunsuz tələbləri belə təmin edilir. Məndə belə bir məlumat var ki, bir biznesmenin Beynəlxalq Banka borcu var, eyni zamanda başqa banklara da borcu var. Məhkəmələr həmin şəxsin bütün əmlakını alıb, ”Aqrarkredit"ə veriblər, digər kreditorlara heç nə verilməyib. Beynəlxalq Bank dövlət nəzarətində olduğundan onun borcu daha üstün tutulub. Lakin bu vəsaitlərin dövlət büdcəsinə daxil olması ilə bağlı da informasiya verilmir. İndi sual odur ki, “Aqrarkredit” QSC bu vəsaitləri nə edir? Çox güman ki, onun bir qismi dövlət büdcəsinə gedir, ancaq heç də hamısı yox. Məhkəmələr “Aqrarkredit”in ABB ilə bağlı göndərdiyi bütün məhkəmə işlərində bu qurumun xeyrinə qərar çıxarır. O pulların hamısı şəffaf şəkildə rəsmiləşdirilsəydi, indi qeyd olunan problemlər çoxdan həllini tapmışdı. Buradakı qeyri-şəffaflıq da o pulların dövlət büdcəsinə gəlməməsinin əsas səbəbidir".

Ə.Həsənov onu da diqqətə çatdırdı ki, son zamanlar ABB-nin beynəlxalq reytinqlərdə irəliləməsinin səbəbi bankın fəaliyyəti ilə bağlı deyil, əksinə, dövlətin banka hədiyyə etdiyi 5 milyard manatla bağlıdır: “Beynəlxalq reytinq agentlikləri baxır ki, bu bank 2016-cı ili 1 milyard zərərlə başa vurub, ancaq növbəti 2017-ci il həmin zərəri bağlamaqla yanaşı həm də 800 milyon manat mənfəət əldə edib, bir il sonra 2018-ci ildə yenidən 200 milyon manatdan artıq mənfəət qazanıb. Ancaq onlar bu mənfəətin qaynağını araşdırmır və dövlət tərəfindən verilən vəsaiti bankın fəaliyyəti nəticəsində əldə olunan gəlir kimi hesablayırlar”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.