SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nazirin qandallarını açan 6 milyon: Əli Abbasov Vidadi Zeynalovun işini necə izləyir?

Nazirin qandallarını açan 6 milyon: Əli Abbasov Vidadi Zeynalovun işini necə izləyir?

Tarix:

18-01-2017, 00:22

/ 2 236 dəfə oxundu.
Nazirin qandallarını açan 6 milyon: Əli Abbasov Vidadi Zeynalovun işini necə izləyir?

Rabitə işi üzrə keçmiş nazir Əli Abbasovun həbsdən yaxasını necə qurtarması məlum oldu

Aylardır Ə.Abbasovun niyə qandallanıb məsuliyyətə cəlb edilməməsi suallarının açar cavabı verildi.

Aydın oldu ki, eks-nazir pulu bahasına həbs təhlükəsindən yayına bilib və bütün cinayətlərin məsuliyyətini üzərindən atmağa müvəffəq olub. Bu, müasir Azərbaycan tarixində analoqsuz növbəti hadisədir.

Ki, rabitə sektorundakı bütün oğurluqların, talançılığın və qanunsuz dinləmələrin baş təlimatçısı, sifarişçisi və səbəbkarı həbsdən kənarda qalmağı bacarır, nazirliyin aparat rəhbəri isə bütün əməllərin baş günahkarı kimi mühakimə olunur.

Sabiq aparat rəhbəri Vidadi Zeynalov az qala MTN rəhbəri Eldar Mahmudovun da əməllərinə görə mühakimə olunacaqdı.

Hətta rabitə nazirinin müavini İltimas Məmmədov da canını dəmirbarmaqlıqlar arasından qurtara bilir, yeganə Vidadi Zeynalov cani kimi təqsirləndirilir.

Absurd qərarların qəbul edildiyi ölkədə yaşadığımıza növbəti dəfə əminlik yaranır. Çünki bütün məntiqlər Əli Abbasovun həbsinə cavab verir.

Baş Prokurorluq sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bir müddət əvvəl dəymiş ziyana görə ödədiyi 6 milyon manatdan çox vəsaitlə bağlı məsələyə aydınlıq gətirib.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, nazirliyin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işindən bəzi materiallar ayrılaraq əlavə icraata verilib.

K.Əliyev Ə.Abbasovun milyonlarla manat pulu təsirləndirilən şəxs və ya başqa qismdə ödəməsi ilə bağlı suala isə “Əgər Əli Abbasov təqsirləndirilən şəxs qismində həmin məbləği ödəsəydi, indi məhkəmədə olardı” deyə cavab verib.

Əlbəttə ki, prokurorluğun gəldiyi qənaətə və aparılan istintaqın gedişinə mülahizə yürütmək mümkün deyil. İstintaqın obyektiv aparıldığı və bu hadisələrdə günahı olanların həbs edildiyi göz qarşısındadır.

Lakin təqsirləndirilən şəxslərin hər biri nazirə boyun əyib, əmrlərinə tabe olub. Belə çıxır ki, sabah başqa bir nazirliyin və ya komitənin daxilindəki qanunsuzluqlar barədə cinayət işi başlansa, yenə də aparat rəhbəri, müavini və s. mühakimə ediləcək, nazir cəzasız qalacaq.

Əli Abbasov 6 milyon manat rahat hulqum edib, həzm rabedən keçirib və isti evində Vidadi Zeynalovun və digərlərinin məhkəmə prosesini izləyir.

Sabiq nazirin qandallarını açan 6 milyon və illərlə ona sədaqətlə xidmət etmiş Vidadi Zeynalov indi ayr-ayrı yerlərdədir.

Halbuki, nazir aparat rəhbərinin arxasında dayanırdı, ona tapşırıqlar verirdi, əgər yerinə yetirməsə işdən azad edəcəkdi, hətta karyerasını bitirəcəkdi. Bu gün isə Əli Abbasov bu cinayətlərdən “süddən çıxmış ağ qaşıq” kimi, Zeynalov “rabitə terrorçusu” kimi ad qazanıb.

Təbii ki, son sözü qanun və prezident deyəcək. Sabiq aparat rəhbəri də, yaxınları da ümid edir ki, ədalət öz yerini tapacaq, əsl günahkarlar da müttəhim qismində ifadə verəcək.

Onları isə Vidadi Zeynalov əli ilə işarə edib və faktları məhkəmədə açıqlayıb: onlar Əli Abbasovla İltimas Məmmədovdur.

Şərhlər

XƏBƏR LENTİ