SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İcra hakimiyyətləri ləğv oluna bilər - Gözlənti

İcra hakimiyyətləri ləğv oluna bilər - Gözlənti

Tarix:

13-07-2018, 09:09

/ 1 886 dəfə oxundu.
İcra hakimiyyətləri ləğv oluna bilər - Gözlənti

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd edilməsi və silahlı hücum Azərbaycanda yerli özünü idarəetmə orqanlarına seçkilərin keçirilməsi məsələsini yenidən gündəmə gətirib.

Azərbaycanda icra başçıları bir qayda olaraq kənardan göndərilmiş kadrlar arasından seçildiyi üçün yerli əhali ilə yaxından təmas qurmaq çətin olur. Əgər yerli hakimiyyətin rəhbəri əhali tərəfindən seçilərsə, o zaman merin sakinlər arasında ictimai dəstəyi daha çox olur.

Qeyd edək ki, Azərbaycan “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin yerli özünüidarəetmə ilə bağlı Tövsiyyələrinə imza atıb. Lakin 18 ildir həmin öhdəliklər yerinə yetirilmədiyindən böyük şəhər bələdiyyələrinə seçkilər keçirilmir. Xüsusilə də Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlərin yerli əhali tərəfindən seçilmiş mer və şəhər məclisi tərəfindən idarə olunması çox vacibdir.

Artıq üç aya yaxındlr ki, Bakı şəhəri icra hakimiyyətinin başçısı vəzifəsi boşdur. Gəncədə baş vermiş son hadisədən sonra icra hakimiyyəti başçısının dəyişdiriləcəyinə dair məlumatlar var. Elmar Vəliyevə sui-qəsd edən şəxsin terrorçu olduğu rəsmi şəkildə bildirilib. Lakin terrorçu olduğu bildirilən və hətta öz xanımı tərərfindən təsdiqlənən fakta baxmayaraq, yenə də hadisənin sosial problemlər zəminində olduğunu iddia edənlər tapılır. Fakt belədir ki, icra başçısına silahlı hücum edən və onu yaralayan şəxs cinayət törədib. Cinayətkarı isə müdafiə edənlər var. Təbii ki, bunun arxasında müxtəlif maraqlar, o cümlədən, xarici kəşfiyyat qruplarının təbliğat mexanizmi dayanır. Amma informasiyasız və bir az da küyə gedənlər isə başçının fəaliyyətindən narazı qaldıqlarına görə hay-küyə qouşulublar. Bu halda böyük mənada çıxış yolu nədir? Başçıların təyinatı, yoxsa seçkisi mümkün iddiaların gələcək üçün də qarşısını ala bilər? Təbii ki, seçki. Söhbət yerli sakinlərin problemlərini, yerli sosial-psixoloji mühiti dərindən bilən şəxslərin əhali tərəfindən böyük şəhər bələdiyyəsinə sədr seçilməsindən gedir. Bu halda kadrların bölgələri idarə etməsi daha problemsiz ola bilər.

Xatırladaq ki, Qubada bir nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə bağlı bədbəxt hadisə baş verib.

Bizimyol.info - nun əməkdaşı Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə əlaqə saxlayıb. O, hadisə haqda olduqca qəribə danışaraq, qəzet və sayt oxumadığını bildirib.

“Siz bu haqda məlumat almaq istəyirsiz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur…Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə, mən də camaat kimi televiziyadan məlumat alıram”, -deyə icra başçısı bildirib. Jurnalist bir daha Qubada kanatda baş verən hadisəni xatırladaraq “Bu barədə məlumatlısınızmı, hadisə hansı səbəbdən baş verib” sualına icra başçısı “aha…aha…” deyə cavab verib, daha sonra isə dəstəyi asıb. Quba rayon İcra Hakimiyyəti başçısının bu davranışı təyinatla göndərilən yerli idarəetmə orqanları rəhbərlərinin çox vaxt bir kadr kimi yarıtmaz fəalliyyət göstərdiyinin bariz nümunəsidir.

Yaranmış vəziyyəti “Cümhuriyət” qəzetinə şərh edən Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyevin sözlərinə görə, Gəncə şəhərində baş vermiş hadisə ölkədə idarəetmə sahəsində kompleks islahatların həyata keçirilməsinin vacibliyini göstərdi. Əks təqdirdə, icra hakimiyyəti başçılarının birinin digəri ilə əvəz edilməsi yeni problemlər meydana çıxara bilər: “Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra yerli özünü idarəetmə orqanlarının formalaşdırılmasına dair öhdəliklər götürüb. Azərbaycan dövləti Yerli Özünü İdarəetmə Haqqında Avropa Xartiyasına qoşulub. Bu sənəd özünü idarəetməyə və böyük şəhər bələdiyyəsinin yaradılmasına daha çox önəm verilməsini nəzərdə tutur. Yəni böyük şəhər bələdiyyələri yaradılmalıdır. Azərbycanda bələdiyyələrin statusu yerli özünü idarəetmənin fəlsəfəsinə uyğun olmalıdır. Bu gün Azərbaycanda kiçik şəhər bələdiyyələrinin də statusu ürəkaçan deyil. Çünki bələdiyyələrin səlahiyyətləri onun fəlsəfəsi ilə bir araya sığmır. Bələdiyyənin yaradılması bir növ dövlətsizləşmədir, özünü idarə etmək imkanlarının tanınmasıdır.

Amma çox təəssüflər olsun ki, bələdiyyələr bizdə formal xarakter daşıyır və yerli icra hakimiyyəti orqanlarının əlaltısı funksiyasını yerinə yetirir. Yəni Azərbaycanda bələdiyyələr yerli icra hakimiyyəti orqanının icazəsi olmadan hər hansı addım ata bilmir. Ona görə də böyük şəhər bələdiyyələrininn yaradılması üçün ilk növbədə, “Bələdiyyələrin Statusu Haqqında” Qanuna yenidən baxılmalıdır. Demokratik düşərgə vaxtilə bu məsələni dəfələrlə qaldırıb və Azərbaycan hökumətinə və Milli Məclisə bələdiyyələrin statusu haqqında qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı təkliflər verib.

Təəssüflər olsun ki, Azərbaycan hökuməti bu məsələyə etinasız yanaşıb. Yaxşı olardı ki, Azərbaycanda Bələdiyyələrin Statusu Haqqında Qanun qəbul olunardı. Bələdiyyələr yeni qanun əsasında və yerli seçkili idarəetmə orqanları öz fəlsəfəsinə uyğun fəaliyyət göstərərdi. Yerli icra hakimiyyəti orqanları bu funksiyanı yerinə yetirə bilmir, hətta insanlara problem yaratmaqla məşğuldur. Nəticədə, Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə problemlər yığılıb qalıb. Gəncədə baş vermiş hadisə yalnız böyük şəhər bələdiyyəsinin yaradılmasını deyil, bir çox problemləri aktuallaşdırdı. Təbii ki, kənardan kadr təyinatının həyata keçirilməsindənsə, yerli idarəetmə orqanlarının seçki yolu ilə formalaşmasının vacibliyini ortaya qoydu. Bu gün diqqət daha çox Gəncə şəhərinə və icra başçısı Elmar Vəliyevin fəaliyyətinə yönəlib. Azərbaycan hökuməti yerli özünü idarəetmə orqanları ilə bağlı kompleks islahatlar aparılamlıdır.

Bu islahatlar həm siyasi, həm iqtisadi, həm də sosial sahələri əhatə etməlidir. Gəncədə baş verən hadisə sübut edir ki, bu addımlar atılmasa, hər hansı kadr dəyişikliyi yolu ilə həmin problemləri həll etmək mümkün olmayacaq. Çünki cəmiyyətin qarşısında ciddi problemlər durur. Bu problemləri də yalnız islahatlar vasitəsilə aradan qaldırmaq olar. Bununla həm də seçkilərə olan inamı Azərbaycan cəmiyyətinə qaytarmaq olar. Elmar Vəliyevin başına gələn hadisədən sonra sosial şəbəkələrə diqqət yetirsək, vətəndaş-məmur münasibətlərinin necə gərgin həddə çatdığını görmək olar. Azərbaycan hökuməti də bundan nəticələr çıxartmalıdır.

Burada söhbət Elmar Vəliyevin taleyindən deyil, Azərbaycan dövlətinin taleyindən gedir. Dövlət də vətəndaşdan ibarətdir. Hər şey vətəndaş maraqlarına xidmət etməlidir. Elmar Vəliyevi başqa kadrla əvəz etməklə problem həll olunmur.

İcra hakimiyyətləri ləğv olunmalıdır. Onlar hamısı lazımsız qurumdur. Bölgələrdən gələn informasiyalar göstərir ki, icra başçıları özlərini ağa kimi aparırlar. Onlar İş adamlarına, sakinlərə problem yaratmaqla məşğuldur. Yerli icra hakimiyyəti orqanları kənd təsərrüfatının da inkişafına mane olur. Ona görə də yerli icra hakimiyyəti orqanları ləğv edilməli, onların yerində geniş səlahiyyətə malik bələdiyyə orqanları formalaşdırılmalıdır. Həmin bələdiyyələr də yerli bölgənin inkişafını özləri müəyyən etməlidir”.

Hüquqşünas onu da bildirdi ki, Azərbaycanda özününidarəetmə orqanlarının statusuna yenidən baxılmalı və həmin orqanlara seçkilər keçirilməlidir.

Şərhlər

XƏBƏR LENTİ