6 ayın uğurlu nəticələri

6 ayın uğurlu nəticələri  
Cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edən Prezident İlham Əliyev hesabat dövrü ərzində ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin icra olunduğunu qeyd edərək, daxili və xarici siyasətdə əldə olunmuş naliyyətlərdən danışıb. Vurğulanıb ki, Dünya iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, 2023-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında iqtisadi artım templəri müşahidə olunub. Belə ki, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb. 
Ölkənin builki dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxıb.  Bu da öz növbəsində  həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir.

Müşavirədə xüsusilə vurğulanan məqamlardan biri Ermənistanla olan münasibətlər olub. Qeyd edilib ki, ölkəmizin sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Aparılan danışıqlar və yüksək səviyyəli təmaslar  hər iki dövləti sülh anlaşmasına daha da yaxınlaşdırır.

Cənab Prezidentin qeyd etdiyi kimi: “Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.

Ölkə başçısı həm də bildirib ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar”. 

Qeyd edilib ki, Ermənistan bu gün də bu siyasətdən əl çəkməyib, sərhədlərimizin lap yaxınlığında ekologiyaya ciddi ziyan verə bilən sənaye müəssisəsi tikir. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Cənab prezidentin bildirdiyi kimi, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Ölkəmiz bu məsələləri qanun, beynəlxalq konvensiyalar və diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıdır.  

Cənab Prezidentib çıxışı ilə tam tanışlıqdan sonra inamla demək olar ki, bu yarımillikdə böyük uğurlar qazanılıb. Bütün istiqamətlərdə irəliləyiş müşahidə olunur. Bu da öz növbəsində bizim siyasi kursumuzun açıq və şəffaf olmasının, Azərbaycanın verdiyi vədlərə və öz üzərinə götürdüyü öhdəliklərə vicdanla və etibarlı şəkildə əməl etməsinin nəticəsidir. 
 
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
 
 
Geri qayıt